“Qarabağ erməniləri Azərbaycan prezidentindən kömək istəməlidirlər” — Bayram Səfərovdan ŞOK AÇIQLAMA
“Xankəndində separatçı rejimə qarşı kütləvi etiraz edən erməni əhalisi Azərbaycan ordusunun onları xilas etməsini arzulayır”.
Bu fikirləri “Ölkə.Az”a açıqlamasında Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov bildirib.
B.Səfərov deyib ki, artıq Qarabağda ermənilərin ayağa qalxması prosesi başlayıb:
“Mən əvvəllər də deyirdim ki, bir çox erməni Azərbaycanın firavan həyatında yaşamaq istəyir. Buz gün Xankəndində baş verən hadisələr bir daha göstərdi ki, Dağlıq Qarabağda yaşayan ermənilər separatçı erməni rejimindən xilas olmaq üçün Azərbaycan ordusunun onları xilas etməsinə də razıdır. Onlar da Azərbaycan prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında işləyib dolansınlar, rahat yaşasınlar. Yəni, bütün bunları erməni əhalisi özü istəyir. Ona görə də bu gün Qarabağda vəziyyət tam yetişib. Əgər erməni əhalisi bir az cəsarət göstərib Bako Saakyan və digər separatçı quldurları devirə bilsə, onları Azərbaycan bayrağı altında firavan həyat gözləyir. Onsuz da Xankəndində yaşayan ermənilərin sürdüyü həyat insanlığa sığmır. Onlar hər gün Bako Saakyan rejimi tərəfindən təhqir olunurlar, döyülüb söyülürlər. İndi proses artıq yetişib. Odur ki, Dağlıq Qarabağ erməniləri cəsarətlərini bir qədər də artırıb Azərbaycan prezidentindən kömək istəməlidirlər”.
İcma rəhbəri qeyd edib ki, sadə erməni əhalisi Azərbaycanla münasibətlərin yaxşılaşdırılmasını istəyir:
“Sadəcə olaraq milliyətçi ermənilər buna imkan vermir. Ancaq Ali Baş Komandan, cənab İlham Əliyevin əmri ilə biz torpaqlarımızı ya sülh, ya da müharibə yolu ilə azad edəcəyik. Buna hər birimiz inanırıq. İnşallah o gün çox uzaqda deyil”.