Keçmiş Qafqaz Universitetində nə baş verir? - Namaz otaqları ləğv olundu və...
Qafqaz Universitetində (indiki Bakı Mühəndislər Universiteti) yerləşən namaz otaqları ləğv olunub. Hurriyyet.org-a daxil olan məlumata görə, universitetin rektoru Havar Məmmədovun verdiyi göstəriş əsasında bu ali təhsil ocağında namaz qılınması qadağan edilib. Bunun üçün də universitetdə xüsusi kameralar da quraşdırılıb. İslam dininin bu vacib amilini universitetdə icra edənlərin hətta cəzalanacağı da bildirilib. Qeyri-rəsmi olaraq tələbələrə çatdırılıb ki, namaz qılanlar universitet rəhbərliyi tərəfindən intizama cəlb ediləcək, hətta onlar üçün universitetdən qovulmaq təhlükəsi olacağı da bildirilib.
Məsələ ilə əlaqədar universitetin mətbuat xidməti ilə əlaqə saxladıq. Məlum oldu ki, mətbuat katibi Rəcəb Rza vəzifəsinə təsdiq olunmayıb. Hazırda işsiz olduğuna görə, heç bir məlumat vermək səlahiyyətinə malik deyil.
Rektorun qəbul otağına zəng etdik. Köməkçisi bildirdi ki, Havar Məmmədov iclasdadır. Məsələ ilə bağlı isə sualımızı nə təkzib, nə də təsdiq etdi. Dedi ki, ümumiyyətlə, Bakı Mühəndislər Universiteti fəaliyyətə başlayandan orada namaz otağı olmayıb. Qafqaz Universitetinin fəaliyyəti dövründə necə? Köməkçi bir qədər susub, belə cavab verdi: “Onu bilmirəm. Bu məsələyə yalnız Havar müəllim cavab verə bilər”, sonra da əlavə etdi ki, namaz otağı türklərin vaxtında var idi.
Sonrakı zənglərimizə isə cavab almadıq.
Qeyd edək ki, Qafqaz Universitetinin müəllim və tələbə kontingenti əsasən inanclı insanlardır, əksəriyyət islam dinininə ibadət edir. Universitet tələbələrinin ibadət yeri həm də Şəhidlər Xiyabanında yerləşən məscid idi. O məscidin isə fəaliyyəti dayandırıldı.
Bu gün Azərbaycan cəmiyyəti sosial güzəranın getdikcə ağırlaşması üzündən bir gərginlik yaşayır. İslam dinini isə daha çox səbri, təmkini təbliğ edir. Belə olan halda namaz otaqlarını bağlamaq, inanclı topluma səbri təbliğ etmənin qarşısını almayacaqmı?