Naxçıvanda qəbiristanlıqlar belə təmizlənir - FOTOLAR
Naxçıvanda olan qəbiristanlıqlarda kütləvi iməclik kampaniyası keçirilir.
MR-nın rəsmi mətbuat orqanı olan “Şərq qapısı” qəzeti xəbər verir ki, iməcliklər zamanı qəbiristanlıqlarda təmizlik işləri aparılır, səliqə - səhman yaradılır. Tədbir Naxçıvandakı bütün rayonların ərazisində baş tutub.
Qəzet yazır: “Sədərək kənd qəbiristanlığında keçirilən iməcilikdə müəllim Məhərrəm Seyidov bildirib ki, dünənə qədər qəbiristanlıqlarımızda məzarların ətraflarına çəkilmiş dəmir çəpərlər bir-birinə boy verirdi. Normal hal olmasa da, reallıq belə idi. Qəbiristanlıqlara baxanda insanların maddiyyat və mənəviyyatındakı çatışmazlıqları görmək olurdu. Əksəriyyət daha çox yeri zəbt edən qəbirətrafı dəmir çəpərlərə üstünlük verirdi. Bəziləri isə qəbirləri qardan, yağışdan qorumaq üçün üzərlərinə dam örtükləri də düzəltdirirdi”.
Qəzet yazır ki, Naxçıvan MR-nıın Nazirlər Kabinetinin 2007-ci il 27 noyabr tarixli Qərarına əsasən mövcud olan məzarlıqlarda dəfn zamanı qəbirlərin milli-dini dəyərlərin tələblərinə və qaydalara uyğun ölçüdə salınması nəzərdə tutulub. Hər bir qəbir üçün ölçü qaydaları müəyyən olunub. Qaydalara görə hər bir məzarın eni 1 metr 40 santimetr, uzunluğu isə 2 metr 20 santimetr olaraq müəyyənləşdirilib. Bu, dövlətin müəyyən etdiyi ölçülərdir və heç kim də bunu yaddan çıxarmamalıdır.
Xatırladaq ki, bir müddət əvvəl MR ərazisindəki bütün məzarlıqlarda qəbirlərin ətrafına çəkilən çəpərlər və çardaqlar inzibati yolla sökülmüşdü.