İcra idarəsi rəisinin qardaşının tikintisi niyə yarımçıq qalıb? - FOTOLAR
İndi Bakının ayrı-ayrı yerlərində çoxlu sayda yarımçıq binalar görmək olur. Yəqin siz də paytaxtda tikintisi yarımçıq qalan binalara rast gəlmisiniz. Bu yazımızda məhz həmin binaların ikisindən bəhs edəcəyik. O binalardan ki, uzun illər öncə tikintisinə başlanılanda ərazidə çoxlu sayda ağac qırılıb, sakinlər etiraz etsədə də, baxan olmayıb...
Şəkildə gördüyünüz bu 4 mərtəbəli tikintinin 7-8 il bundan əvvəl inşasına başlanılanda Binəqədi rayonunun Cəfər Xəndan küçəsində, “Zirvə” şadlıq sarayı ilə üzbəüzdə yerləşən 16 mərtəbəli binanın sakinləri etiraz ediblər. Çünki binanın tikiləcəyi yerdə çoxlu sayda ağac olub. Binanı tikdirənlər özlərinə o qədər arxayın olublar ki, sakinlərin etirazı və aidiyyəti qurumlara şikayəti onların istəyinin qarşısını ala bilməyib.
Hələ o vaxt sakinlər bildiriblər ki, binalarının qarşısındakı yeganə boş ərazi buradır, avtomobil yolu ilə binanın arasına daha bir binanı pərçim etməklə onların istirahətinə əngəl törədəcək, yollarını daraldacaq.
Sakinlər ərazidə olan əməkdaşımıza açıqlamasında qeyd ediblər ki, problemlə əlaqədar vaxtilə bir neçə dəfə Binəqədi rayon İcra Hakimiyyətində olublar. Lakin oradan sakinlərə deyiblər, tikintini elə bir şəxs aparır ki, onların müdaxilə edə biləcəyi məsələ deyil: “Ona görə də həmin ərəfədə tikintinin başlanılmasına mane ola bilmərik. Tikinti işləri aparılan ərazidə 58 ədəd ağac vardı. Hamısını kökündən çıxarıb maşınlara yükləyib apardılar. Sonra da ərazi hasara alındı. Biz isə gecə ikən hasarı sökdük. Səhəri gün gəlib yenidən hasarladılar. Beləcə, bir neçə dəfə onlar hasarladı, biz sökdük. Həmin vaxt əraziyə çoxlu sayda polis, generallar gəldi. Tikintinin sahibi bizi hətta həbs etdirəcəyi ismarıcını göndərdi. Fikirləşdik ki, bu adam kimdirsə, arxası çox güclüdür. Sonradan dedilər ki, binanı tikdirən Milli Məclisin deputatıdır. Beləcə, tikinti işlərinə başlanıldı. Lakin bir müddətdən sonra tikinti dayandırıldı. Dedilər, guya deputat ərazini başqasına satıb. Həmin adam da tikintini davam etdirmək üçün buranı banka girov qoyaraq kredit götürüb. Lakin o da krediti ödəyə bilmədiyi üçün tikili bankın hesabına keçib. Bu səbəbdən də tikinti yarımçıq qalıb. Zarafat deyil, buraya milyonlar xərclənib. Məsələ ondadır ki, əgər təyinatı bilinməyən bu yöndəmsiz binanı başa gətirməyəcəkdirlərsə, niyə tikib göz dağı kimi qoyublar? Tikintinin zirzəmisi isə it günündədir, siçanlar, mişovullar məskən salıb. Bəzən mişovullar dəstə ilə binamızın bloklarına doluşurlar. Görəsən, aidiyyəti qurumlar şəhərin mərkəzindəki bu boyda binanı görmürlər? Bəlkə sizin yazınızdan sonra bu göz dağına bir əlac tapıla”.
***
Qeyd etdiyimiz digər yarmçıq qalan bina da Binəqədi rayonu ərazisindədir. Söhbət rayonun Əcəmi Naxçıvani küçəsi ilə Atatürk prospektinin kəsişməsində, “X-Petrol” yanacaqdoldurma məntəqəsinin arxasındakı 8 mərtəbəli binadan gedir.
Qonşuluqdakı binada yaşayan sakinlərin sözlərinə görə, binanın tikintisi 10 il əvvəl başlayıb, lakin məlum olmayan səbəbdən tikinti yarımçıq dayanıb.
Bu binanın isə uzun müddət DİN sistemində rəhbər vəzifələrdə çalışan, hazırda isə Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin region üzrə İcra idarəsi rəisinin qardaşına məxsus olduğu bildirilir. Binanın yarımçıq qalmasına gəlincə, səbəbi bəlli deyil. Sakinlərin dediyinə görə, yarımçıq tikintinin davam etdiriləcəyi bildirilsə də, il yarımdan çoxdur əraziyə gələn yoxdur: “İndi isə bu yarımçıq tikili gözdağına çevrilib. Gördüyünüz kimi, binanı şəhərsalma və tikinti normalarını pozmaqla tikiblər. Hazırda tikilinin birinci mərtəbəsini taxta ilə örtüb anbar kimi istifadə edirlər. Deyəsən, içərisinə mebel yığıblar. Arada gözətçi gəlib tikintiyə baş çəkir”.
Onu da əlavə edək ki, hər iki tikintini hansı şirkətin apardığı gizli saxlanılır. Eyni zamanda, binaların qarşısında tikinti ilə bağlı lövhənin, əlaqə telefonunun olmaması, ətraflı məlumat əldə etmək imkanımızı məhdudlaşdırdı.
Binəqədi rayon İcra Hakimiyyətindən isə suallarımızı cavablandıracaq hər hansı bir vəzifəli şəxslə əlaqə saxlamaq cəhdimiz alınmadı. Odur ki, məsələ ilə əlaqədar bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq. \\tezadlar.az\\