AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dövlət böyük güzəşt edə bilər - bu borcların silinməsi gözlənilir

  • + A
  • - A
  • 7-04-2020, 12:49

    Dövlət böyük güzəşt edə bilər - bu borcların silinməsi gözlənilir


    Azərbaycanda kapitalın və əmlakın amnistiyasının tətbiqi nəzərdən keçirilir.
    Bu barədə Trend-ə məlumat verən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, burada məqsəd iqtisadi artımın və investisiyaların maliyyə mənbələrinin genişləndirilməsidir:

    “Azərbaycanda əvvəllər də iqtisadi siyasətdə amnistiya elementləri olub. Prezident İlham Əliyevin təsdiq etdiyi "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Qanun əslində müəyyən dərəcədə vergi amnistiyası kimi qəbul edilə bilərdi.

    Bu qanunla faiz və maliyyə sanksiyaları üzrə borclar silinmişdi. Dünya təcrübəsində də amnistiyanın müxtəlif növlərinə, həmçinin uğurlu və uğursuz nəticələrinə rast gəlmək mümkündür.

    Rusiyada 2015-ci ildən başlayaraq elan edilən iki amnistiya çərçivəsində 10 milyard avro vəsait deklarasiya edilib, bu ilin martında bitən üçüncü amnistiyanın nəticələri isə hələ açıqlanmayıb.

    Gəlirlərin və kapitalın amnistiyası Hindistanda beş dəfə, Portuqaliyada dörd dəfə, Fransa, Avstriya və İrlandiyada iki dəfə keçirilib.

    Dünyada tətbiq edilən kapital, əmlak, vergi və gəlir amnistiyaları gözləntiləri müxtəlif səviyyələrdə doğruldub”.

    V.Qasımlı bildirb ki, sahibkarların vergi, statistika və digər dövlət orqanlarına təqdim etdikləri hesabatları müqayisə edəndə, həmçinin ev təsərrüfatlarının gəlirləri və xərclərini tutuşduranda “müşahidə olunmayan iqtisadiyyatın” konturlarını görmək olur:

    “Vergi və gömrük orqanlarının 2019-cu ildəki “kölgə iqtisadiyyatı” ilə səmərəli mübarizəsi nəticəsində büdcəyə proqnozdan əlavə 1 milyard manat vəsait daxil oldu.

    Azərbaycanda müşahidə olunmayan iqtisadiyyatın ÜDM-də payı rəsmi rəqəmlərə əsasən 8,7 faiz təşkil edir. Sərəncamda qalan gəlirlərin istifadəsi hesabının təhlili göstərir ki, ölkədə illik qənaətin həcmi 20-25 milyard manatdır.

    Buna görə də, dəqiq qiymətləndirmə çətin olsa da, kapital və əmlak amnistiyası elan olunacağı təqdirdə əhəmiyyətli bir məbləğin leqallaşması potensialının olduğunu demək mümkündür.

    Əslində kapital və əmlak amnistiyası “kölgə iqtisadiyyat”a qarşı mübarizənin məntiqi davamı ola bilər. Xüsusən, “Vergi Məcəlləsi”nə edilən dəyişikliklər sahibkarları stimullaşdırıcı və inzibati yollarla öz bizneslərini “ağartmağa” sövq edir”.

    Direktorun sözlərinə görə, beynəlxalq təcrübə göstərir ki, kapitalın leqallaşdırılması onun sahiblərinin maraqlarını ifadə etməlidir:

    “Xüsusən də, kapitalın gəlirliliyi (Return On Equity) elə bir səviyyədə olmalıdır ki, leqallaşmadan sonra kapitaldan xalis gəlir əldə etmək imkanı çoxalsın.

    Əgər fürsət dəyəri (opportunity cost) uyğun olacaqsa, amnistiya kapital sahiblərini onu leqallaşdırmağa cəlb edəcək.

    Bu gün bütün dünyada səhmlərin dəyəri düşdüyündən investorlar “nağd pul şah”dır deyirlər. Bu da bir şansdır ki, əllərdəki nağd pul leqallaşmağa meyllənsin.

    Bu ilin martında Azərbaycanda 20 min manatdan artıq bəzi pul sahibləri Maliyyə Monitorinqi Xidmətinə deklarasiya olunacağını bilib dollarlaşmaya getmədilər. Amnistiya belə kapital sahiblərinə də cəlbedici ola bilər”.

    “Əlbəttə, inkişaf etməkdə olan ölkə kimi Azərbaycanda kapital və əmlak amnistiyasını çətinləşdirən amillər də var” - deyə, Vüsal Qasımlı əlavə edib:

    “Məsələn, pandemiya başlayandan inkişaf etməkdə olan ölkələrdən 90 milyard dollar sərmayə çıxıb”.

    V.Qasımlı əlavə edib ki, ölkəmizin beynəlxalq miqyasda şəffaflıq təşəbbüslərinə qoşulması da kapital və əmlak amnistiyası üçün əlverişli haldır:

    “Azərbaycan maliyyə monitorinqi orqanlarının - Eqmont Qrupunun üzvüdür, Avropa Şurasının Pulların Yuyulması və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi – MONEYVAL-da iştirak edir və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Tədbirləri üzrə İşçi Qrupu – FATF-la əməkdaşlıq edir”.

    V.Qasımlının fikrincə, amnistiya nəticəsində leqallaşan kapital ölkədə investiya qoyuluşunun artımı, qiymətli kağızlar bazarının inkişafı, bank sektorunda canlanma, nağdsız dövriyyənin böyüməsi, büdcə gəlirlərinin artması və iqtisadi fəallığın yüksəlməsi ilə nəticələnə bilər:

    “Bunun üçün amnistiyanın forması, şərtləri, müddəti, məqsədləri, əhatəsi müəyyənləşdirilməli və ən əsası qarşılıqlı etimad mühiti təmin olunmalıdır.

    Kapital və gəlir amnistiyası elə həyata keçirilməldir ki, deklarasiya olunan vəsaitin həm də sərmayə kimi yatırılması imkanları olsun.

    Məsələn, deklarasiya olunan kapitalın hazırda tikintiyə istiqamətlənməsi daha çox multiplikativ effekt yaratmaq gücündədir.

    Deklarasiya olunan vəsaitlər banklar, investisiya fondları, marketmeyker institutları, investisiya şirkətləri, fond birjası, finteklər, investisiya bankları, sənaye parkları, aqroparklar, texnoparklar və başqa vasitələrlə real iqtisadiyyata yönlədirilə bilər”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR