Nazir: “Vətəndaşın iş yeri “kölgə”də olduqda onun əmək hüquqları qorunmur”
Bu ilin əvvəlində elan etdiyimiz kimi, biz 2018-ci ilə vergi inzibatçılığında keçid dövrü kimi yanaşırıq.
Oxu.Az xəbər verir ki, vergilər naziri Mikayıl Cabbarovun sözlərinə görə, yeni səhifədən başlamaq, həm vergi ödəyicisi, həm də vergi inzibatçısı olaraq fəaliyyəti tam qanunvericiliyə uyğun şəkildə qurmaq, iş vərdişlərini dəyişmək və kölgədə olan biznes fəaliyyətlərini aşkara çıxarmaq üçün müəyyən bir dövr lazımdır. Amma keçid dövrü amnistiya demək deyil.
Yəni, nazirlik biz heç bir şəkildə “nə olubsa-olub, yaxud ciddi qanun pozuntuları olub, biz buna göz yumacağıq” kimi siyasəti həyata keçirə bilməz.
Nazir bildirib ki, 2018-ci ilin əvvəlində vəziyyət bir çox bizneslərin və işgüzar fəaliyyətlərin Azərbaycanın vergi qanunvericiliyinə deyil, oturuşmuş biznes vərdişlərinə və qismən qanunvericiliyə əsaslanan praktikalardan ibarət idi. Ona görə də Vergilər Nazirliyi bu praktikalara son qoyulması, biznes fəaliyyətlərinin və vergi inzibatçılığının qanunun tələblərinə tam uyğunlaşdırılması üçün 2018-ci ili keçid dövrü elan etib:
“Bu addımların ali məqsədi “kölgə iqtisadiyyatı”nın azaldılmasıdır. Çünki “kölgə iqtisadiyyatı”ndan ən çox əziyyət çəkən sadə Azərbaycan vətəndaşıdır. Sadə Azərbaycan vətəndaşının iş yeri “kölgə”də olduqda onun sosial müdafiəsi təmin edilmir, fərdi pensiya hesabına vəsait toplanmır, mülki hüquqları, o cümlədən əmək hüquqları qorunmur”.
Təbii ki, bundan dövlət də itirir, bu, vergi yığımlarında, biznes dövriyyələrinin gizlədilməsində özünü daha çox göstərir. M.Cabbarov vurğulayıb ki, ümumilikdə, geniş kontekstdən baxsaq, “kölgə iqtisadiyyatı” ölkənin real iqtisadi potensialının reallaşmasına çox böyük əngəldir.
İstər yerli, istərsə də xarici investorlar sərmayə yatırmaq barədə qərarlarını verərkən ilk növbədə ölkənin iqtisadi potensialı, iqtisadiyyatın həcmi, əhalinin alıcılıq qabiliyyəti kimi faktorlara önəm verirlər:
“Təbii ki, əsas şərtlərdən biri Azərbaycanda iqtisadi və siyasi sabitlikdir. Amma təhlilin ikinci mərhələsində iqtisadi faktor önə çıxır. Yəni iqtisadiyyat ölçülən olmalıdır, “kölgə iqtisadiyyatı”nın payı böyük olduqda bu, investisiya qoymaq barədə qərar vermək istəyən sərmayəçi üçün çətinliklər yaradır. Hər bir sərmayəçi iqtisadiyyatın ölçülən, şəffaf, proqnozlaşdırıla bilən olmasında maraqlıdır. Burada da iqtisadiyyatın inkişafının bir aləti kimi vergi sisteminin rolu çox vacibdir”.