"Bölgələrdən sərnişindaşımada süni qiymət artımına yol verən nəqliyyat sahibləri cəzalandırılacaq".
Bunu açıqlamasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.
Onun sözlərinə görə, şəhərlərarası sərnişindaşımalara icazə verildikdən sonra istər paytaxt, istərsə də bölgələrə sərnişin axını çoxalacaq. “Sərnişin çoxluğunun olacağını nəzərə alaraq, indidən respublika ərazisində fəaliyyət göstərən 56 avtovağzal və avtostansiyaya, məktubla müraciət olunub ki, sərnişin sıxlığının aradan qaldırmaq üçün bütün zəruri tədbirlər görsünlər ki, qeyri-qanuni daşımalara yol verilməsin və bunun qarşısını alsınlar. Odur ki, süni qiymət artımına yol verənlər cəzalandırılacaq”- N. Allahyarova deyib.
DANX sözçüsü əlavə edib ki, fürsətdən istifadə edib fərqlənmə nişanı əldə etmədən müntəzəm və qeyri-müntəzəm sərnişindaşıma ilə məşğul olanlar barəsində ciddi tədbirlər görüləcək: “İndiyədək də belə tədbirlər görülüb. Belə fakt təsbit olunarsa, həmin şəxslər barəsində ciddi tədbirlər görülməsi üçün aidiyyatı qurumlara məlumat veriləcək. Bizə indi də belə məlumatlar daxil olur və biz də öz növbəmizdə bu məlumatları müvafiq qurumlara yönləndiririk. Amma hesab edirəm ki, yollar açıldıqdan sonra xəttə lazımı sayda, dövlət qiymətləri ilə tənzimlənən avtobuslar buraxılacağından qeyri-qanuni daşımalara ehtiyac qalmayacaq”.
N. Allahyarova əlavə edib ki, biz məhdudiyyətlər dövründə qeyri-qanuni olaraq sərnişinlərin baha qiymətə daşımalarını proqnozlaşdırırdıq. “Bildiyiniz kimi məhdudiyyət olanda, və yaxud nəqliyyat qıtlığı yarananda, sərnişin sayı çox olanda belə hallar olurdu. Biz karantin dövründədə bu halın vüsət alacağını gözləyirdik, amma proqnoz özünü doğrultmadı.
Statistika olmadan onu deyə bilərəm ki, karantin dövründə DİN tərəfindən respublika yollarında qurulan postlar, DANX-ın yollarda keçirdiyi reydlər nəticəsində bunun qarşısı alındı. Bundan sonra da qeyri-qanunu sərnişin daşıma və ya baha qiymətə daşımalarla bağlı məlumat daxil olarsa, bu faktlar barəsində ciddi tədbirlər görüləcək”- DANX sözçüsü bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.