Bakıətrafı kənd və qəsəbələr üzrə sərnişindaşımaların keyfiyyətinin artırılması çərçivəsində “Koroğlu” NMM-Məhəmmədi kəndi istiqamətində hərəkət edən 217 nömrəli müntəzəm marşrut xətti ilə bağlı dəyişiklik edilib.
Bakı Nəqliyyat Agentliyindən AzadMedia.az a bildirilib ki, fevralın 1-dən etibarən bu xətt üzrə sərnişindaşımalar “Azland-Plaza MMC”-yə həvalə edilib.
Daşıyıcı tərəfindən xətt üzrə sərnişindaşımalarına iritutumlu “İsuzu-Citibus” markalı avtobuslar cəlb ediləcək.
Dəyişiklik sayəsində gün ərzində 217 nömrəli marşrut xəttindən istifadə edən 10 minə yaxın sərnişinin rahat və təhlükəsiz daşınması mümkün olacaq.
Məlumat üçün bildiririk ki, 217 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaları əsasən köhnə, texniki baxımdan sərnişindaşıma tələblərinə cavab verməyən kiçiktutumlu avtobuslarla icra edilib. Ötən müddətdə xidmət səviyyəsinin aşağı olması ilə bağlı sərnişinlərdən çoxsaylı müraciətlər daxil olub.
Dəfələrlə daşıyıcı “6-Dost” MMC-yə yazılı və şifahi xəbərdarlıq edilsə də, bu istiqamətdə hər hansı bir tədbir görülməyib. Bu səbəbdən də onunla xəttin müvəqqəti istismarına dair imzalanan müqaviləyə xitam verilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.