COVİD-19 bəlasından tədricən qurtulub normal həyata qayıtmaq üzrə olsaq da, Pandemiyanın psixologiyamıza, iqtisadiyyatımıza, şəxsi həyatımıza vurduğu zərbələrdən xilas olmaq üçün bizə illər lazım olacaq. Pandemiyadan ən çox zərər çəkən sahələrdən biri toy biznesi oldu. Toyların olmaması səbəbindən restoranlarda, gözəllik və geyim salonlarında nə qədər insanın işsiz qalmasından çox yazılıb, çox danışılıb. Təkrarçılığa yol vermək fikrindən uzağam.
Bəzi sevgililər gizlincə restoranlarda toy etməyə çalışdı, cərimələndi, bəziləri nikah mərasimində ağ gəlinlik geyinib ata evini tərk etdi, bəziləri isə....
Bax, mən o bəziləri barədə yazmaq istəyirəm. Bir qism cütlüklər nikah mərasimi və toy olmadan ağsaqqalların razılığı ilə evləndi. Rayon yerlərində belə nigahsız evlənmələr çox olur. Dəfələrlə şahidi olmuşam, hətta uşaqlar məktəbə gedəndə məcburən nikah bağlayıb, uşaqlara sənəd alırdılar. Yoxsa, özlərinin dediyi kimi, o bir parça kağız heç nəyi həll etmir.
Azadmedia.az saytına Ramiz (ad şərtidir) adlı bir gənc müraciət etdi. Ramiz bəy pandemiya dövründə böyüklərin xeyir-duası ilə 30 nəfərlik yüngül bir yığıncaqla ailə qurub. Rəsmi nikah olmayıb. Nikahı gələcəkdə özünün dediyinə görə böyük qeyd etmək fikirləri olub. İş yerləri, hər tərəf bağlı, insanlarda psixoloji gərginlik, Vətən Müharibəsinin ağırlığı, bütün günü qayınana, qayınata, baldız və qayın olan 2 otaqlı evdə gənc cütlüyün arasında sərinləşmə başlayıb və 4 ay sonra gəlin sakitcə gəldiyi kimi, elə sakitcə də atası evinə qayıdıb. Ailələr arasında dava düşüb, pərdə aradan qalxıb. Ramizin söylədiklərinə görə qəlbi elə qırılıb ki, bir daha barışmaq haqqında fikirləşmək belə istəmir. Ayrılıqdan az sonra gəlinin hamilə olduğu üzə çıxıb. Oğlan tərəf qız evinə deyir, biz o uşağı istəmirik, imtina edirik, qız tərəfi deyir ki, elə acığa o uşaq dünyaya gələcək, aliment alacağıq, Ramizi bir də xoşbəxt olmağa qoymayacağıq.
Ramizin həyatında baş verənlər nigahdan kənar doğulan körpələr məsələsini bir daha önə çəkir.
Nikahsız doğulan uşaqlar necə sənədləşdirilir? Onlara aliment verilirmi? Bu suallarla Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Mehman Muradlıya müraciət etdik. Mehman Muradlı qeyd etdi ki, nikahdan kənar övladlar dünyaya gələrsə, ilk addım atalığın təyin olunmasıdır. Əgər ata doğulan uşağın atası olduğunu etiraf edirsə, bu zaman ananın soyadını daşımaqla uşağa sənəd verilir. Əgər ata övladın ondan olmasını danırsa, məhkəmə yolu ilə atalığın təyin olunması proseduru aparılır, sonra sənədləşdirilir. Ata tərəfin övladın doğulmasını istəməməsi məsələsinə vəkil M.Muradlı kəskin etiraz bildirərək qeyd etdi ki, uşağı dünyaya gətirmək ananın müstəsna hüququdur, nikahdan kənar uşağın doğulub-doğulmayacağı qərarını ana verir: “O ki qaldı aliment məsələsinə, aliment qaçılmazdır, hər iki halda aliment alınacaq. Əgər ata işsizdirsə, minimum istehlak səbətinə görə məbləğ dəyişir. Hazırda minimum aliment 175 manatdır”.
Müəllifdən: Qadın da gəncdir, gələcəkdə ailə qursa, uşaq qalacaq ortada. Ailələr dağılanda təəssüf ki, ən böyük zərbə uşaqlara dəyir. Çox ürəkdən arzulayıram ki, Ramizin keçmiş xanımı o övladı ana olmaq üçün, analığın gözəl hisslərini yaşamaq üçün dünyaya gətirsin, Ramizgilin fikirləşdiyi kimi, Ramizi süründürmək üçün yox...
Elnurə Abuşova