Milli Mətbuatın 146-cı ildönümü münasibəti ilə 44 günlük Vətən müharibəsində xüsusi fədakarlıq göstərmiş jurnalistlərin mükafatlandırılması mərasimi keçirilib.
Mərasimdə Milli Məclisin Ailə Qadın Uşaq Məsələri Komitəsinin sədr müavini, Millət vəkili Jalə Əliyeva, Millət vəkili Şahin Seyidzadə, dövlət qurumlarının mətbuat xidməti rəhbərləri, tanınmış media qurumlarının baş redaktorları, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin idarə heyəti, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edənlər Azərbaycan Mətbuat tarixinə nəzər salaraq Milli mətbuatın banisi, dəyərli Azərbaycan ziyalısı, təbiətşünas alim Həsən bəy Zərdabinin rəhbərliyi ilə 1875-ci ilin iyulun 22-də işıq üzü görən "Əkinçi" qəzetinin tarixi əhəmiyyətindən söz açıblar.
Mükafatlandırma mərasimi ilə bağlı Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin icraçı direktoru Zamin Zeynal deyib ki, 44 günlük Vətən müharibəsi zamanında və informasiya cəbhəsində öz peşə faəliyyətlərini fədakarlıqla yerinə yetirən jurnalistləri mükafatlandırmaqda əsas məqsəd Dövlət Başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında daim Azərbaycan Mətbuatının tarixi və bu günü ilə bağlı önəmli qərarlar, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, Azərbaycan mediasının günün tələblərinə uyğun daha da inkişaf etdirilməsi istiqamətində dövlətin media siyasətinə dövlət-QHT münasibətləri fonunda ictimai dəstək nümayiş etdirməkdir.
Mükafatlandırma mərasimində 110-dan çox jurnalistə mükafat və müxtəlif hədiyyələr təqdim edilib. 44 günlük haqq savaşında xüsusi fəadakarlıq göstərmiş jurnalistlərlə yanaşı ölkənin aparıcı media qurumlarının rəhbərləri, Mətbuat xidməti rəhbərləri də mükafatlandırılıb.
Mükafatlandırılan jurnalistlər sırasında Azadmedia Xəbər Portalının Baş redaktoru Xəlil Xəlilov da var.
Xəlil Xəlilov başda olmaqla bütün həmkarlarımızı layiq görüldükləri mükafat münasibətilə təbrik edirik!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.