“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən gələn il ehtiyac meyarının həddi 246 manat nəzərdə tutulur.
Bu, 2022-ci illə müqayisədə 23% çoxdur.
Bununla da 2023-cü ildə ölkə üzrə yaşayış minimumu və ehtiyac meyarının hədləri bərabərləşmiş olacaq.
İqtisadçı ekspert Rəşad Həsənov “Ölkə.Az”a açıqlamasında bildirdi ki, uzun müddətdir Azərbaycanda ehtiyac meyarı anlayışına yanaşmanın dəyişməsi və onun yaşayış minimumu ilə eyniləşdirilməsi müzakirə olunurdu:
"Yaşayış minimumu qanunvericiliklə metodologiyası təsbit olumuş indikatordur və eyni zamanda yaşayışın minimum həddini özündə əks etdirir. Ehtiyac meyarından isə yalnız ünvanlı sosial yardımın hesablanması çərçivəsində istifadə olunur. Bununla bağlı isə ciddi metodologiya yoxdur və necə hesablanması məlum deyil. Bu, aclıq həddi göstəricisinə daha çox uyğun gəlir. Bu baxımdan davamlı olaraq təklif olunurdu ki, gəlirlərin ədalətli bölgüsü və aztəminatlı ailələrin sağlam müdafiəsi məqsədilə bu indikatorlar eyniləşdirilsin. Müsbət haldır ki, artıq 2023-cü ildə ehtiyac meyarı və yaşayış minimumu eyni rəqəm olacaq.
Ekspertin sözlərinə görə, ünvanlı sosial yardımın hesablanması zamanı ehtiyac meyarından istifadə edilməklə ailə üzvlərinin adambaşına gəlirlərində çatışmayan hissənin kompensasiyası məqsədilə ödənilən məbləğ artıq olacaq: "Yəni başqa sözlə desək, ünvanlı sosial yardım məqsədilə ayrılan vəsait əvvəlki illərlə müqayisədə yüksək olacaq və bu, yaşayış minimumu səviyyəsində ailə büdcəsinin təmin edilməsi, dolayısı ilə həmin həssas qrupların yaşayış səviyyəsinin qismən yaxşılaşmasına səbəb olacaq".
"Gələcəkdə də qanunvericiliyə dəyişiklik edilməli, ümumiyyətlə ehtiyac meyarı anlayışı çıxarılmalı, yaşayış minimumu göstəricisi bunu əvəzləməlidir. Ünvanlı sosial yardımın hesablanması da buna uyğunlaşdırılmalıdır", - deyə ekdpert əlavə edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.