Səhiyyə Nazirliyi şəkər xəstələrinə dərman vermir: "Deyirlər, pulumuz yoxdur"
Azərbaycanda ildən-ilə sayı artan diabet xəstələrinin dövlət qeydiyyatına alınmasından sonra lazımi dərman preparatları, şəkər ölşən aparat, insulin iynələri və striplərlə təminatı Səhiyyə Nazirliyinin dövlət proqramı çərçivəsində pulsuz həyata keçirilir.
Hər ay şəkər xəstələri qeyddiyat üzrə yaşayış ərazisindəki poliklinikaya gedərək, endokrinoloq tərəfindən müayinə olunur, dərmanlar yazılır və böyük əziyyətlə növbələrdən keçərək su-hava kimi vacib olan dərmanını ala bilir.
Qeyd edək ki, diabetli xəstə kimi dövlət qeydiyyatına durmayan xəstələrə pulsuz dərman verilmir. Nəzərə alsaq ki, əhalinin imkanlı təbəqəsi özəl klinika və həkimlərdən müayinədən keçərək, dərmanları apteklərdən özləri alır, o zaman dövlətin pulsuz dərman payına möhtac təbəqə imkansız və təqaüddə olan yaşlı insanlardır.
AZXEBER.COM Medicina.az-a istinadən xəbər verir ki, artıq 2 aydır ki, pulsuz diabet dərmanları və insulinin verilməsində ciddi problemlər yaşanır. Redaksiyamıza daxil olan şikayət, sosial şəbəkələrdə getdikcə artan rəylər, statuslar, həmçinin saytın əməkdaşının ailə üzvlərinin də analoji problemlə üzləşməsi onu deməyə əsas verdi ki, Azərbaycanda diabet xəstələrinin dövlət proqramı çərçivəsində pulsuz dərmanlarla təminatında ciddi problemlər var.
1-Dərmanlar gecikir, ərazi üzrə qeydiyyatda olan diabet xəstələrinin sayına uyğuna çatışmır. Həkimlər xəstə sayına görə dərman gəlmədiyini bildirir.
2-Dərman dozalarında azalma var: 2 qutu insulin alan xəstəyə 1 qutu, 2 qutu preparat alana biri verilir. Elə xəstələr var dərman ümumiyyətlə çatmır.
3-Diabet xəstələri hər gün qanda şəkəri aparatla ölçür. Bu onlar üçün həyati vacibdir. Bu aparat üçün lazım olan testlər – striplər əvvəllər az da olsa verilirdi. İndi xəstə aptekdən Saphire adlı test qutusunu 12-13 manata almalı olur. Xatırladaq ki, nazirlik tərəfindən xəstələrə paylanan aparatlara yalnız bu testlər uyğundur. Bir müddət əvvəl bu striplər apteklərdən yoxa çıxır, sonradan gətirildikdə isə qiymət 8 manatdan 12-13 manata qaldırılıb.
Pasiyent şikayəti:
Nəsimi rayon, 5 saylı poliklinikada həkim Elnarə Muradova dövlətin şəkər xəstələri üçün ayırdığı insulin və dərmanı azaldıb, dərman yoxdur deyərək, 2 insulin yazılmış xəstəyə birini verir. Həkimə deyəndə ki, bu xəstəyə bir insulin azdır, o çox doza qəbul edir. Deyir ki, yox, dozanı özüm qərarlaşdırıram. Bundan sonra bir qutu veriləcək. Digər xəstəyə də 2 qutu dərman əvəzinə birini yazmışdı, onu da yarımçıq vermişdilər. Sözüm odur ki, bu qadın dövlətin ayırdığı insulini, dərmanları öz bildiyi kimi ayırır, qeyri-qanuni yollarla xəstələrə haqqını vermir. Səhər 7-dən növbə tutan xəstə, yaşlı insanlar dərman yoxdur sözünü eşidən kimi şəkərləri qalxır. İnsulinin biri aptekdə 25 manatdır. Bu insulin necə olur aptekə gedib çıxır? Camaatın haqqı olan dərmanı verməyib, apteklərdə satdırırlar.
Adının çəkilməsini istəməyən, poliklinikada dərman verilməsi üzrə çalışan tibbi işçisi bildirdi ki, aprel ayından etibarən elə Səhiyyə Nazirliyindən göstəriş gəlib ki, dərmanları azaldın, çünki bu dərmanları almağa pul yoxdur. Ona görə də həkimin dərmanı qəsdən verməməsi, oğurlaması, satması doğru deyil. Əksinə camaatla üz-üzə qalıb, təhqir olunan da həkimdir.
Digər pasiyent rəyi: Anamın aldığı 2 qutu dərman azaldıldı, 1 qutu oldu. Dedilər ki, bundan sonra yarısını dövlət verəcək, yarısını xəstə özü almalıdır. Axı bu xəstənin dərdi təkcə insulinlə bitmir. Bunun təzyiq dərmanı var, qan duruldanı var, digər preparatları var. Əvvəllər 3 flakon idi, sonra oldu 2, indi deyir 1 verirəm, nə istəyirsən et. 30-40 faiz doza azaldıblar. Sabah da deyəcək, heç bu adama insulin lazım deyil.
Redaksiyamızın əməkdaşının valideyni 2 aydır dərman üçün kart yazdırır, amma dərmanı ala bilmir. Əvvəl poliklinikada qurtaranda, rayon üzrə mərkəzə gedib, ordan alırdı. İndi orda da yoxdur deyirlər. Guya gec gəlmisiz, qurtarıb. Amma ora tez də gedəndə eyni sözü deyirlər. Əgər xəstə sayına uyğun dərman gəlirsə, bu xəstə necə olursa-olsun o aylıq dozanı almalıdırsa, onda o dərman hara yoxa çıxır?
Qeyd edək ki, poliklinikalarda şəkər xəstələrinə dərman verilməsi prosesi zamanı xəstələrlə həkimlər arasında narazılıq, qarşılıqlı həqarət, mübahisə, hətta təhqirlər belə adi hala çevrilib. Səhər 7-dən günortaya kimi növbəyə duran xəstə, yaşlı, ac susuz adamlara sonda "dərman bitdi” deyilməsi absurd bir haldır.
Nə baş verib ki, aprel-may ayından etibarən diabet xəstələrinin dərmanlarında kəskin azalma, çatışmazlıq yaranıb.
Məsələ ilə bağlı poliklinika rəsmiləri, həkimlər açıqlama verməkdən imtina etdilər. Onlar Səhiyyə Nazirliyinə tabe olduqlarını bildirdilər.
Səhiyyə Nazirliyi Mətbuat xidmətinin mətbuat sözçüsü Səfayə Əhmədova məsələ ilə bağlı açıqlamasında bildirdi ki, həqiqətən belə problem var. Səhiyyə Nazirliyinin dövlət vəsaitinə aldığı diabet dərmanlarının ölkəyə gətirilməsi ilə bağlı problem yaranır. Bu da dərmanı gətirən çatdıran şirkətlərlə bağlıdır. Dərmanların gətirilməsində yubanma var. Bununla bağlı dozalarda müəyyən qədər azalma ilə bağlı göstəriş verilib. Amma bu da həkimin nəzarəti ilə olunur. Ağır diabet xəstələri öz dozasını alır. Bu hal müvəqqəti məsələdir və həmişə belə olmayacaq. Məsələni həll etmək üzərində işlər aparılır.
Problemlə bağlı əsas sualların cavabları Respublika Endokrinoloji Mərkəzin səlahiyyətli nümayəndəsində olduğundan onların da açıqlamasını almağa çalışacağıq.