Ermənistanın keçmiş deputatı, Futbol Federasiyasının sabiq rəhbəri Ruben Ayrapetyan sosial şəbəkələrdə görüntüləri yayılan villasından danışıb.
AzadMedia.az xəbər verir ki, Ayrapetyan Azərbaycan hərbçilərinin Şuşada onun villasında dincəlməsini əks etdirən görüntülərlə bağlı sualı cavablandıraraq deyib:
“Biz evdən də vacib şeyləri itirdik. Biz Qarabağı itirdik. İndi öz evim haqqında düşünməyə dəyərmi? 5 min insan öldü, 10 min uşağın taleyi isə tamamilə dəyişdi. Hansı villadan danışırsınız axı? Elə adamlar var ki, cəmi bir evi vardı və indi küçələrdə qalıblar. Bu evi Şuşada ona görə tikdirmişdim ki, Qarabağı çox sevirdim. Bu gün o adamlara çox ağır və çətindir ki, başlarının üstündə dam belə qalmadı. Onlara təəssüf edirəm”.
Ayrapetyan Şuşanın və Qarabağın Azərbaycanın nəzarətinə keçməsində Nikol Paşinyanın günahkar olduğunu bildirib: “Şuşanın da, ümumilikdə Qarabağın da itirilməsində günahkar baş nazirimizdir. Bizim bədbəxt ölkə rəhbərimiz var”.
Qeyd edək ki, erməni oliqarxlar ötən illərdə Şuşada özləri üçün villalar tikdirmişdilər. Onlar Şuşanın nə vaxtsa öz sahibinə geri qayıtmayacağından əmin olaraq buraya küllü miqdarda vəsait sərf edirdilər. Amma Azərbaycan Ordusu qısa zamanda işğalda olan torpaqları azad edərkən ilk olaraq elə oliqarxlar torpaqlarımızda olan varidatlarını qoyub qaçmağa məcbur oldular.
Bu günlərdə Azərbaycan hərbçilərinin Şuşada böyük bir villanın həyətindən çəkib paylaşdıqları video erməni KİV-lərində müzakirələrə yol açmışdı. Məlum olub ki, bahalı və hər şəraiti yüksək səviyyədə olan mülkün sahibi Ermənistan parlamentinin keçmiş deputatı, Futbol Federasiyasının keçmiş rəhbəri Ruben Ayrapetyan olub.
Xatırladaq ki, Ayrapetyan Şuşadakı lüks villanı 2013-cü ildə tikdirib.(azvison.az)
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.