Bakı, 19 aprel — Azadmedia.az
Müəllif: Ülkər Piriyeva
Səssizliyin içindən bir səs yüksəlir…
Bu səs bir ananın qəlbindəki sızıltıdır,
Bu səs bir kəndin ürəyindəki fəxarətdir,
Bu səs – torpağın altında uyuyan,
Amma millətin zirvəsində yaşayan
Nurlan Əbilovun adıdır!
Masallı torpağının ürəyi olan Ağakişibəyli kəndində bir uşaq doğulmuşdu – gözlərində səmanın dərinliyi, sinəsində dağın vüqarı, gülüşündə baharın təravəti vardı. Adını Nurlan qoydular. Bəlkə də adını qismətinə yazılmış nurlu yolun başlanğıcı kimi seçdilər – kim bilərdi ki, bu uşaq bir gün yurdun azadlığı uğrunda canını fəda edəcək, şəhidlik zirvəsinə ucalacaq…
O, adi bir kənd uşağı deyildi.
Onun gözlərində torpağa bağlılıq,
sözlərində yurd sevgisi,
ürəyində isə əqidə vardı.
Torpağa düşmənin gözü dikiləndə,
Nurlan silaha sarıldı – qorxmadan, düşünmədən.
Çünki o, Vətən deyəndə ayağa qalxanlardan idi!
2020-ci ilin payızında – tarixə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsində – Nurlan Əbilov cəbhəyə yollanan minlərlə igiddən biri oldu. Amma o, sıravi bir əsgər deyildi. Onun hər addımı vətənə dua idi, hər atdığı güllə haqqın səsi idi. Döyüşdə qorxuya yer qoymadı, çünki şəhidlər qorxmaz – onlar əbədiyyətə sevdalı olar.
Onun son baxışı səmanın sonsuzluğuna idi – bəlkə də bilirdi, bu baxış artıq ilahi bir görüşə çağırışdır…
O getdi – amma bir gün, bir anda, bir ölüm deyildi bu…
Bu, bir millətin alnına yazılmış şərəf idi!
Nurlan şəhid oldu –
amma kəndi başını ucaltdı,
həyat yoldaşı Aydan, iki igid övladı göz yaşlarını dua ilə sildi,
Azərbaycan torpağı bir oğlunu itirsə də,
minlərlə Nurlan qazandı!
İndi Ağakişibəyli kəndində gün doğarkən, insanlar əvvəl Allaha, sonra Şəhudlərə dua edirlər. Kəndin sükutunda onun ayaq səsləri var. Uşaqlar onun adını fəxrlə çəkir, analar onun cəsarətindən danışır, qocalar onun şəhidliyində öz övladlarının qürurunu görür.
Və mən – hər sətrində bir damla göz yaşı,
hər misrasında bir zəfər hayqırtısı olan bu məqaləni yazarkən
yalnız bir şeyi düşünürəm:
“Azərbaycanın hər qarışı uğrunda can verən Nurlanlar olduğu üçün biz bu qədər qüdrətliyik!”
Ey şəhid,
sən ölmədin –
adın tarixə yazıldı,
şəklin sinələrdə daşındı,
ruhun bu torpağın havasına qarışdı.
Sənin adınla yaşayar bu millət,
Sənin yolunla gedər bu nəsil!
Dərin sayğı ilə Politoloq/Jurnalist Ülkər Piriyeva