AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Azərbaycan - Macarıstan dövlətləri arasında əməkdaşlıq uğurla inkişaf edir"

  • + A
  • - A
  • 22-05-2025, 11:22

    "Azərbaycan - Macarıstan dövlətləri arasında əməkdaşlıq uğurla inkişaf edir"

    Azərbaycanla Macarıstan arasında münasibətlərin bünövrəsində tarixə, mədəniyyətə və humanist dəyərlərə hörmət dayanır. Bu münasibətlər bu gün xalqlar arasında artan qarşılıqlı simpatiya və hörmətlə möhkəmlənir. Bu əməkdaşlıqda ikitərəfli təşəbbüslər qədər çoxtərəfli platformalarda qarşılıqlı dəstək də mühüm yer tutur. Şübhəsiz, Macarıstanın Azərbaycanın müstəqil siyasətinə verdiyi dəstək, ölkəmizə göstərdiyi dost münasibət və tərəfdaşlıq niyyəti gələcəkdə daha genişmiqyaslı layihələrin başlanğıc nöqtəsi olacaq. Yeri gəlmişkən, dövlətlərarası əlaqələrin inkişafında liderlərin şəxsi münasibətləri bəzən diplomatik protokolların da fövqündə dayanır.

    Azərbaycan Prezidenti İlham Əliyev ilə Macarıstanın Baş naziri Viktor Orban arasında formalaşmış səmimi dostluq və qarşılıqlı etimad bu gün iki ölkənin strateji tərəfdaşlığının əsas hərəkətverici qüvvəsinə çevrilib. Bu dostluq təkcə sözlərlə deyil, real səfərlər və konkret nəticələrlə təsdiqlənir. Son illər Azərbaycan və Macarıstan arasında həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlər əməkdaşlıq ruhunun canlı təzahürüdür.

    Prezident İlham Əliyevin 2023-cü ilin yanvar ayında Macarıstana etdiyi rəsmi səfər münasibətlərin strateji müstəviyə keçidini təsdiqlədi. Həmin ilin avqust ayında baş tutan işgüzar səfər isə bu münasibətlərin artıq gündəlik əməkdaşlıq formatına keçdiyini göstərdi. Macarıstanın Baş naziri Viktor Orban da Azərbaycanın strateji əhəmiyyətini və Prezident İlham Əliyevlə qurduğu şəffaf siyasi dialoqu yüksək dəyərləndirdi. Onun 2023-cü ilin noyabrında, eləcə də 2024-cü ilin iyul və noyabr aylarında Azərbaycana etdiyi işgüzar səfərlər bunu bir daha nümayiş etdirdi. Bu görüşlər təkcə əməkdaşlıq sənədlərinin imzalanması ilə yadda qalmadı, həm də iki liderin bölgə və dünya siyasəti ilə bağlı ortaq baxışlarını ortaya qoydu.

    Bir məqamı qeyd etmək yerinə düşər ki, Bakıda keçirilən COP29 zamanı Azərbaycan ilə "xüsusi münasibətlər" nəzərə alınaraq Macarıstan ölkə prezidenti səviyyəsində deyil, istisna hal kimi Baş nazir səviyyəsində təmsil olunub. Azərbaycan ilə Macarıstan arasında liderlərin təmasları artıq bir ənənəyə çevrilib. Bu ənənə iki ölkə arasında münasibətlərin gələcəyinə etibarlı zəmin yaradır, qarşılıqlı anlaşma və əməkdaşlığın yeni üfüqlərini müəyyənləşdirir. Liderlərin iradəsi və şəxsi dostluğu sayəsində Azərbaycan-Macarıstan münasibətləri təkcə bu günün deyil, sabahın da uğur formulu kimi dəyərləndirilir.

    Qeyd edək ki, iki ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. 2004-cü ildə Azərbaycanın Macarıstanda, 2009-cu ildə isə Macarıstanın ölkəmizdə səfirliyi təsis olunub. Dost ölkələrimiz arasında parlamentlərarası münasibətlər də yüksək səviyyədə inkişaf edir. Milli Məclisdə Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu vaxtadək iki ölkə arasında imzalanan onlarla sənəd hüquqi bazanın möhkəmlənməsində mühüm rol oynayır. Əlaqələrimizin inkişafında 2014-cü ildə imzalanmış Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə mühüm əhəmiyyət daşıyır. Azərbaycan-Macarıstan əməkdaşlığı 2023-cü ildə imzalanan Genişləndirilmiş Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə ilə daha da möhkəmlənibdir.

    Azərbaycan-Macarıstan əlaqələri çoxtərəfli platformada, xüsusilə BMT, ATƏT, NATO, Avropa İttifaqı, “Şərq Tərəfdaşlığı” Proqramı, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində uğurla inkişaf etdirilir. Azərbaycan və Macarıstan geniş iqtisadi potensiala malik ölkələrdir. İki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, habelə iqtisadi sahəni əhatə edən bir sıra digər sənədlər iqtisadi əməkdaşlığın daha da genişlənməsində əhəmiyyətli rol oynayır.

    Bundan başqa, Azərbaycanın Avropaya enerji resurslarının nəqli məsələsində oynadığı mühüm rol Macarıstan tərəfindən yüksək qiymətləndirilir. Macarıstan Azərbaycanın yaşıl enerji təşəbbüslərinə dəstək verir və bu sahədə əməkdaşlıq perspektivləri genişdir.

    İki ölkə arasında nəqliyyat, tranzit və logistika sahələrində də əməkdaşlıq uğurla inkişaf etdirilir. Bu məqsədlə 2022-ci ildə Ələt Azad İqtisadi Zonası və Macarıstan İxracın Təşviqi Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb. Macarıstanın “Wizz Air” şirkəti Bakı və Budapeşt şəhərləri arasında birbaşa aviareyslər həyata keçirir. Macarıstan şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa-quruculuq prosesində artıq fəaliyyətə başlayıb.

    Azərbaycanla Macarıstan arasında humanitar sahədə də əməkdaşlıq əlaqələri inkişaf edir. Macarıstan hökumətinin maliyyə dəstəyi ilə “Stipendium Hungaricum” təqaüd proqramı çərçivəsində Macarıstanda Azərbaycan gənclərinin təhsil alması məqsədilə hər il 200 nəfərə təqaüd verilir. Azərbaycan Dillər Universitetində Macar dili və Mədəniyyəti Mərkəzi fəaliyyət göstərir.

    Əminliklə deyə bilərik ki, ümumilikdə Azərbaycan-Macarıstan əlaqələri hər iki ölkənin strateji məqsədlərinə xidmət edəcək şəkildə inkişafdadır və beynəlxalq arenada yeni tərəfdaşlıq modellərinin yaranmasına səbəb ola bilər. Bu əməkdaşlıq yalnız iki ölkənin təhlükəsizliyində deyil, həm də geniş regional və qlobal kontekstdə, eyni zamanda, enerji məsələlərinin həllində əhəmiyyətli rol oynayır.


    YAP Masallı rayon təşkilatı,YAP Masallı RMX PHŞ ərazi partiya təşkilatının sədri İlqar Qurbanov


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR