AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə görüşü böyük uğurlara imza atacaqdır

  • + A
  • - A
  • 23-05-2025, 10:00

    Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə görüşü böyük uğurlara imza atacaqdır

    Macarıstan Azərbaycanın xarici siyasətində mühüm istiqamətlərdən birini təşkil edir. Bizi bu ölkə ilə bağlayan vahid tarixi köklərimizlə yanaşı, Macarıstanla zəngin və dinamik müştərək siyasi, habelə iqtisadi gündəmimiz var. Macarıstan Azərbaycanın neft və qaz sektorunda təmsil olunur, eyni zamanda bizim Avropada mavi yanacaqla təmin etdiyimiz 10 ölkədən biridir. Bu ölkə bütün beynəlxalq platformalarda Azərbaycana fəal dəstək göstərir və bizimlə həmrəylik nümayiş etdirir. Macarıstanın Baş naziri Viktor Orbanın ötən il Şuşaya etdiyi tarixi səfər bu dəstəyin ən parlaq nümunəsidir.
    Dövlətlərimiz bir-biriləri üçün təmsil olunduğumuz coğrafiyalarda etibarlı və möhkəm geosiyasi körpü rolunu oynayırlar. Əgər Azərbaycan Macarıstan üçün zəngin Orta Asiya ölkələrinə çıxışdırsa, eyni qaydada Budapeşt də təmsil olunduğu Avropa strukturlarında, xüsusilə də Avropa İttifaqında (Aİ) Bakının maraqlarını səmimi formada dəstəkləyən dostdur.

    Macarıstanı Azərbaycana yaxın edən digər amil mənəvi xarakterlidir. Uzun illər boyu bu ölkənin əhalisini məxsus olduğu tarixi köklərdən ayrı tutublar. Macar xalqının türk dünyasına məxsusluğu və bu gerçəkliyin dərk edilməsi qeyri-rəsmi yasaq mövzusu olub. Məhz Viktor Orbanın hakimiyyətə gəlişi və ümumiyyətlə, onun siyasi fəaliyyəti Macarıstanın türk dünyası ilə əlaqələrinin genişlənməsi prosesinə təkan verib. Mühafizəkar platformada duran köklü "Fides" Partiyasının lideri kimi Orban xalqının keçmişinə və milli özünüdərkinə ciddi önəm verir ki, bu da ölkə ictimaiyyətinin öz rəhbərinə səmimi münasibətinə səbəb olub.
    Orban eyni zamanda bu tarixi bağlılığı siyasi və iqtisadi maraqlarla unikal və səmərəli şəkildə birləşdirməyi bacaran liderdir. Məsələn, Macarıstan şirkətlərinin Azərbaycana sərmayə yatırımı, xüsusilə də enerji sektoruna maraq göstərmələri Budapeştin təkcə Bakı ilə deyil, bütün türk dünyası təmsilçiləri ilə möhkəm iqtisadi bazanın formalaşdırılması istiqamətində mühüm rol oynayır. Əgər nəzərə alsaq ki, qarşıdakı illərdə Orta Asiya və Cənubi Qafqaz dünya logistik proseslərinin mərkəzi rolunda çıxış edəcək, Budapeştin xarisi siyasətinin bu istiqaməti mənəvi və tarixi əhəmiyyət daşımaqla yanaşı, həm də praqmatik mahiyyət kəsb edir.


    Azərbaycan-Macarıstan gündəminin mərkəzi mövzularından biri təbii ki, iqtisadi əlaqələrdir. Bakı Avropanın 10 ölkəsini qazla təmin edir ki, onlardan səkkizi Aİ üzvləridir. Bu ölkələrdən biri də Macarıstandır. Ukrayna-Rusiya gərginliyindən ən çox iqtisadi zərər görən Avropa dövlətlərindən biri də Macarıstandır. Bu, həm onun Aİ üzvü olması, həm də Ukrayna ilə vahid sərhədinə görədir. Macarıstan Rusiya qazının sabit alıcısıdır. Hərbi əməliyyatlar mavi yanacağın etibarlı şəkildə Avropaya nəqlini mümkünsüz edir. Üstəlik, nəzərə almaq lazımdır ki, Ukrayna bu ilin əvvəlində öz ərazisindən keçən qaz kəmərlərinin fəaliyyətini dayandırıb. Bu gedişatdan ən çox əziyyət çəkən ölkələrdən biri də Macarıstandır və Viktor Orbanın dediyi kimi, belə bir reallıqda rəqbətədözümlü iqtisadiyyatın qurulmasından söhbət gedə bilməz.
    Məhz bu baxımdan Azərbaycanın Macarıstana göstərdiyi enerji dəstəyi Budapeştdə yüksək qiymətləndirilir və birgə bəyanatın verilməsi mərasimində Viktor Orbanın bu məqam üzərində xüsusi dayanması olduqca əlamətdardır: "Cənab Prezident bizi əmin edib ki, ötən il olduğu kimi, bu il də Macarıstanın qaz təminatı təmin ediləcəkdir. Azərbaycan bizi əmin etmişdir ki, bizə lazım olan həcmdə qaz veriləcəkdir".

    Azərbaycan Prezidentinin də mövzu ilə bağlı Macarıstanı əmin edəcək bəyanatla çıxış etməsi ikitərəfli münasibətlərin nə qədər möhkəm fundamentlər üzərində bərqərar olduğunu göstərir: "Biz keçən ildən etibarən Macarıstana təbii qazın ixracına başlamışıq. Mən bu gün qeyd etdim və Baş nazir burada qeyd etdi ki, biz Macarıstanın tələbatı səviyyəsində qaz təminatı təşkil edə bilərik. Bizim qaz resurs bazamız kifayət qədər genişdir və genişlənir, yeni qaz yataqları istismara veriləcək. Biz bu gün 12 ölkəyə təbii qaz ixrac edirik. Onlardan 10-u Avropa ölkəsidir, 8-i isə Avropa İttifaqı üzvüdür. Avropa Komissiyası Azərbaycanı Pan-Avropa qaz təchizatçısı ölkə və etibarlı tərəfdaş kimi tanıyır. Əgər biz qaz ixracının coğrafiyasına baxsaq, görərik ki, burada nəinki Avropa məkanında, dünya miqyasında boru xətti ilə nəql edilən qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada qabaqcıl yerlərdədir".

    Beləliklə, Azərbaycan Prezidentinin Macarıstana işgüzar səfəri Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə toplantısı fonunda ikitərəfli münasibətləri müzakirə etmək üçün olduqca əlverişli zaman kəsiyinə təsadüf edir. Dünyanın qlobal problemləri bölgələrimizə və dövlətlərimizə də təsirsiz ötüşmür. Belə bir reallıqda ümumi maneələrə müştərək yanaşma və addımların konsolidasiyasi həm Macarıstan, həm də Azərbaycan üçün olduqca vacibdir. Dövlətimizin maraqları və liderlərimizin prinsipial mövqeyi hər iki ölkə üçün optimal çıxış yollarının tapılmasının başlıca təminatçısıdır.


    Hakim Qurbanov YAP fəalı


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR