Tacikistanda keçirilən MDB dövlət başçılarının sammitində Prezident İlham Əliyevin çıxışı bir daha sübut etdi ki, Azərbaycan bu gün regionda həm sülhün, həm dostluğun, həm də inkişafın simvoludur.
Cənab Prezident çıxışına Tacikistan Prezidentinə qonaqpərvərliyə görə təşəkkür etməklə başladı. Onun səsində səmimiyyət, sözlərində isə qarşı tərəfə hörmət hiss olunurdu. Tacikistanın son illərdəki inkişafını təqdir etməsi, qardaş bir ölkənin uğurlarına sevinməsi, Prezidentimizin nə qədər saf niyyətli və mehriban insan olduğunu bir daha göstərdi.
Prezident İlham Əliyev Azərbaycan ilə Tacikistan arasındakı dostluq münasibətlərinin illərdir gücləndiyini qeyd etdi. O, bu münasibətlərin qardaşlıq, etimad və qarşılıqlı hörmət üzərində qurulduğunu vurğuladı. Bu, sadəcə siyasi mesaj deyil, xalqlar arasında səmimi bir bağın ifadəsi idi.
Xüsusilə Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı seçilməsi barədə danışarkən Prezidentimizin sözlərində dərin qürur hiss olunurdu. Laçının 30 illik işğaldan sonra qısa zamanda yenidən qurulması, gözəlləşməsi və həyatla dolması – Azərbaycanın necə qüdrətli, əzmli bir xalq olduğunu bütün dünyaya göstərdi. Bu, hər bir azərbaycanlının ürəyinə toxunan, qürur dolu bir məqam idi.
Prezident həmçinin Gəncədə keçirilən III MDB Oyunlarından bəhs etdi. Bu yarışların təkcə idman yarışı deyil, həm də dostluğun və birliyin rəmzi olduğunu bildirdi. Qədim Gəncədən tutmuş, Qəbələ, Göygöl, Mingəçevir, Yevlax, Xankəndi və Şəkiyə qədər bir çox şəhərimizdə keçirilən bu tədbirlər Azərbaycanın mədəni və idman gücünü bir daha ortaya qoydu.
Prezident İlham Əliyevin çıxışında səmimiyyət, dərin düşüncə və Vətən sevgisi hiss olunurdu. O, sadəcə bir dövlət başçısı kimi yox, həm də xalqını sevən, dostluğa dəyər verən, sülh və mədəniyyətə inanan bir lider kimi danışdı.
Bu çıxış bir daha göstərdi ki, Azərbaycan təkcə güclü dövlət deyil, həm də dostluğun, mərhəmətin və sülhün tərəfdarıdır.
Prezidentimizin hər kəlməsi bizə qürur, inam və sevgi hissi verdi.
Günay Məmmədova