AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan statistikası inkişaf etməkdə davam edir

  • + A
  • - A
  • 4-11-2025, 18:44

    Azərbaycan statistikası inkişaf etməkdə davam edir

    Müasir dövrdə informasiya bolluğu və mürəkkəb sosial-iqtisadi proseslər statistikaya olan tələbatı daha da artırmışdır. Statistika yalnız rəqəmlərin toplanması və təhlili deyil, həm də qərar qəbuletmədə, elmi tədqiqatlarda və strateji planlaşdırmada əsaslı rol oynayan elmi metodologiyadır. Bu sahə daha da inkişaf edərək kompleks iqtisadi, sosial, ekoloji və demoqrafik məsələlərin təhlilinə imkan verən güclü elmi əsaslara çevrilib. Səhiyyə, təhsil, sənaye, ətraf mühit, kənd təsərrüfatı, əmək bazarı və digər sahələr üzrə analizlər cəmiyyətin inkişaf istiqamətini müəyyənləşdirmək üçün vacibdir.

    Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə də öz diqqət və köməyini statistikadan əsirgəməmişdir. Heydər Əliyev 1969-cu ilin 14 iyul tarixində Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra respublikanın sosial-iqtisadi inkişafı üçün sistemli və elmi əsaslara söykənən idarəetmə modelini formalaşdırmağa başlamışdır. Bu modelin mühüm komponentlərindən biri statistik məlumatların toplanması, təhlili və tətbiqi idi. Onun rəhbərliyi ilə statistik göstəricilər yalnız hesabat xarakteri daşımır, həm də planlaşdırma və nəzarət mexanizmlərinin əsasını təşkil edirdi.

    Ulu Öndərin həyata keçirdiyi islahatlar çərçivəsində 18 fevral 1994-cü ildə imzalanmış “Statistika haqqında” Azərbaycan Respublikasının Qanunu statistika sahəsində yeni bir dövrün başlanmasına təkan vermişdir. Qanunda Avropa İqtisadi Komissiyasının 1992-ci il aprelin 15-də Cenevrədə keçirilən 47-ci sessiyasının qərarı ilə təsdiq edilmiş “Avropa İqtisadi Komissiyası regionunda rəsmi statistikanın əsas prinsipləri”nin bütün tələbləri nəzərə alınmışdır. Beynəlxalq standartlara cavab verən bu qanunda statistik forma və metodların demokratik prinsiplərə uyğunlaşdırılması rəhbər tutularaq rəsmi statistika sisteminin təşkili, səlahiyyət və vəzifələri, kadr təminatı və işçilərin sosial müdafiəsi ilə bağlı digər məsələlər tənzimlənmiş və beləliklə, milli statistikanın hüquqi əsasları yaradılmışdır.

    Dövlət Statistika Komitəsi ölkənin sosial-iqtisadi göstəricilərini toplayaraq ictimaiyyətə təqdim edir. Müəssisələrdən və vətəndaşlardan toplanan məlumatlar əsasında hazırlanan hesabatlar ölkənin inkişaf trayektoriyasını əks etdirir. Komitənin təqdim etdiyi elektron məlumat bazaları və onlayn xidmətlər yerli və xarici mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir. Bu sistemlər planlaşdırma və proqnozlaşdırma üçün etibarlı mənbə rolunu oynayır.
    Azərbaycanda statistik məlumatların toplanmasında siyahıyaalma prosesləri xüsusi əhəmiyyət daşıyır. 1999, 2009 və 2019-cu illərdə əhali siyahıyaalınması, 2004-cü ildə tikinti və turizm obyektləri, 2005, 2015 və 2025-ci illərdə kənd təsərrüfatı, 2007, 2015 və 2025-ci illərdə isə sahibkarlıq subyektləri üzrə genişmiqyaslı məlumatlar toplanmışdır. Bu proseslər ölkənin sosial və iqtisadi strukturunun daha dərindən anlaşılmasına xidmət edir.

    Azərbaycanda rəsmi statistikanın təkmilləşdirilməsi, bu sahədə islahatların başa çatdırılması və beynəlxalq standartlara uyğunlaşdırılması, cəmiyyətin daha geniş məlumatlandırılması və statistikanın dövlətin iqtisadi siyasətinə uyğun daha da inkişaf etdirilməsi, ölkənin sosial-iqtisadi inkişafı üzrə informasiya təminatının yaxşılaşdırılması, statistik göstəricilər sisteminin dünya standartları səviyyəsinə çatdırılması, iqtisadiyyatın dünya iqtisadiyyatına inteqrasiyasını səciyyələndirən yeni statistik məlumatların əldə edilməsi və onun beynəlxalq statistika standartları səviyyəsinə yüksəldilməsi diqqət mərkəzindədir. Bu məqsədilə bir sıra dövlət proqramları hazırlanmış və həyata keçirilmişdir.. Bu illər ərzində beş Dövlət Proqramı (1993-1997, 1998-2002, 2003-2007, 2008-2012, 2013-2017-ci illəri əhatə edən) yerinə yetirilmiş, bu günə sonuncu 2018-2025-ci illəri əhatə edən Dövlət Proqramı ölkə Prezidentinin 2018-ci il 14 fevral tarixli, 3672 nömrəli Sərəncamı ilə təsdiq edilmiş və yerinə yetirilməkdədir.

    Statistika şəffaflıq və planlama üçün əsasdır. Əhali siyahıyaalınmasından başlayaraq inflyasiya səviyyəsinə, orta əməkhaqqından sənaye istehsalına qədər hər bir göstərici milli siyasətin istiqamətini müəyyən edir. Əgər rəqəmlər danışırsa dövlət daha düzgün qərarlar qəbul edə bilər.
    Statistika yalnız mütəxəssislər üçün deyil hər bir vətəndaş, xüsusilə gənc nəsil üçün vacib bacarıq sahəsidir. Məktəblərdə və universitetlərdə statistik maarifləndirmənin gücləndirilməsi, rəqəmlərlə düşünmə və məlumat əsaslı qərar qəbuletmə bacarıqlarının inkişaf etdirilməsi gələcəyin uğurlu idarəçilərinin və alimlərinin yetişdirilməsində önəmlidir.

    Oktyabrın 20-də dünyada və ölkəmizdə BMT-nin Statistika Komissiyasının qərarı ilə “Hər kəs üçün keyfiyyətli statistika ilə inkişafa təkan verək” şüarı altında Ümumdünya Statistika Günü qeyd ediləcəkdir. Hər beş ildən bir keçirilən “Ümumdünya Statistika Günü”nün beynəlxalq səviyyədə təntənəli şəkildə qeyd edilməsi BMT-nin 2030-cu ilə qədər Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsində statistik məlumatların əsas rolunu bir daha vurğulayır. DİM çərçivəsində yoxsulluğun azaldılması, bərabər təhsil imkanları, təmiz enerji və ekoloji davamlılıq kimi məqsədlərin reallaşması ancaq dəqiq və aktual statistikaya söykənərək mümkündür.
    2025-ci ilin sentyabr ayında Bakıda keçirilən “Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu” mövzusunda 3-cü Beynəlxalq Statistika Forumu, Prezident İlham Əliyevin bu sahəyə verdiyi önəmin bariz nümunəsidir. Forumun açılışında Prezidentin iştirakçılara ünvanladığı müraciətdə qeyd olunmuşdur ki, bu mötəbər tədbir milli statistika sistemlərinin inkişafı, qlobal statistik təşəbbüslərə inteqrasiya və beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

    Cənab Prezident İlham Əliyevin statistikaya göstərdiyi qayğı, Azərbaycanda dövlət idarəçiliyinin daha şəffaf və məqsədyönlü olmasına xidmət edir. Statistika sisteminin müasir tələblərə uyğun qurulması, beynəlxalq standartlara inteqrasiya və innovativ metodların tətbiqi ilə ölkənin strateji hədəflərinə çatmaq üçün möhkəm zəmin yaradılır. Statistikaya verilən bu önəm, həm dövlətin özünü, həm də vətəndaşların həyat keyfiyyətini daha aydın ifadə edən göstəricilərin mövcudluğunu təmin edir.
    Hazırda 20262030cu illər üzrə rəsmi statistikanın inkişafına dair yeni Dövlət Proqramı layihəsi hazırlanmışdır. Bu layihə gələcəkdə statistika sistemində yeni hədəflərin qoyulması, müasir texnologiyaların tətbiqi və statistikanın beynəlxalq əməkdaşlıq çərçivəsində təkmilləşdirilməsi istiqamətlərini özündə ehtiva edir.

    Azərbaycan bu gün statistikaya verdiyi önəmlə öz inkişaf yolunu daha aydın şəkildə müəyyənləşdirir. Rəqəmlər danışdıqca, dövlət daha dəqiq və effektiv qərarlar qəbul edir, vətəndaşların rifahı isə bu qərarların uğurlu nəticəsi kimi özünü göstərir.



    Lerik rayon Statistika idarəsinin rəisi


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR