4 mart 2026-cı il tarixində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov rayonun Hişkədərə ərazi dairəsinə daxil olan Mişkəmi kəndində səyyar görüş-qəbul keçirmişdir.
Səyyar görüş-qəbulu açan rayon rəhbəri vətəndaşları salamlamış, Hişkədərə və Mişkəmi kəndlərinin tarixi və sosial inkişafı barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, Mişkəmi kəndi rayonun ən qədim yaşayış məskənlərindən biridir. Ərazidə aparılan araşdırmalar zamanı aşkar olunmuş tunc və dəmir alətlərinin eramızdan əvvəl VIII–IX əsrlərə aid olduğu qeyd edilmişdir.
Rayon rəhbəri çıxışında kəndin sosial-iqtisadi inkişafına da toxunaraq bildirmişdir ki, Mişkəmi kənd sakini Hənifə kişi tərəfindən 1977-ci ildə 3 hektar sahədə salınmış çay plantasiyası hazırda daha da genişləndirilərək əhəmiyyətli bir ərazini əhatə edir.
Tarixi-mədəni irsə münasibətdə isə qeyd olunmuşdur ki, kənd sakini Molla Qurban kişi tərəfindən 1911-ci ildə məscid inşa edilmiş və bu ibadət ocağı uzun illər kənd sakinlərinin istifadəsində olmuşdur.
Çıxış zamanı Mişkəmi kəndindən olan idmançı Ruzanna Məmmədova haqqında da məlumat verilmiş, onun qazandığı nailiyyətlərin təkcə kəndin deyil, bütövlükdə rayonun və Azərbaycanın fəxri olduğu vurğulanmışdır.
Rayon rəhbəri kəndin əvvəlki adının Vərsəhmanoba olduğunu diqqətə çatdırmış, kəndin elm və təhsil sahəsində yetişdirdiyi tanınmış alimlər, o cümlədən fizika-riyaziyyat elmləri doktorları və digər ziyalılar barədə geniş məlumat vermişdir.
Həmçinin Hişkədərə kəndinin Vətən müharibəsi və I Qarabağ müharibəsində 8 şəhid verdiyi, onlardan 2-nin itkin düşdüyü qeyd olunmuş, şəhidlərin əziz xatirəsi ehtiramla yad edilmişdir. Rayon rəhbəri kənd sakinlərinin zəhmətkeş və torpağa bağlı insanlar olduğunu xüsusi vurğulamışdır.
Daha sonra söz İcra Hakimiyyəti aparatının Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri Famil Cəfərova verilmişdir.
Şöbə müdiri çıxışında ərazidə görülmüş işlər barədə ətraflı məlumat vermişdir.
Bildirilib ki, Lənkəran - Boradigah yolunun Şatroba kəndinə giriş hissəsində svetofor quraşdırılmışdır. Həmçinin 4920 metr uzunluğunda suaparıcı kanal lildən təmizlənmişdir.
Şəhid Eşad Ağayevin adını daşıyan küçənin 300 metr hissəsi asfalt örtüklə döşənmiş, 270 metr hissəsinin isə yaxın günlərdə asfaltlanması nəzərdə tutulmuşdur.
Bundan əlavə, ərazidə ümumilikdə 600 metr uzunluğunda küçəyə asfalt örtüyü vurulmuş, 100 metr hissəyə çınqıl tökülərək hamarlanmışdır.
Kəndin giriş hissəsində müşahidə kamerası quraşdırılmış, Hişkədərə kəndində elektrik dirəkləri yeniləri ilə əvəz olunmuşdur. Kənd tam orta məktəbinin su çənində təmir işləri aparılmışdır.
Sosial dəstək tədbirləri çərçivəsində şəhid ailələrinə və aztəminatlı ailələrə maddi yardımlar göstərilmiş, 24 aztəminatlı ailəyə ərzaq yardımı edilmiş, 3 tələbəyə maddi dəstək verilmiş, 5 məktəbli zəruri məktəb ləvazimatları ilə təmin olunmuşdur.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində ərazidə 380 ədəd ağac əkilmiş, şəhidlərin xatirəsini əks etdirən lövhələr yeniləri ilə əvəz edilmişdir.
Daha sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov vətəndaşları dinləmiş, səsləndirilən müraciətlər qeydiyyata alınmışdır.
İlk çıxış edən vətəndaş rayon icra hakimiyyəti tərəfindən ərazidə görülən işlərə görə rayon rəhbərliyinə minnətdarlığını bildirmişdir.
Növbəti müraciət həyətyanı torpaq sahəsində sərhəd məsələsi ilə bağlı olmuşdur.
Daha bir vətəndaş isə mərasim evinin tikintisi ilə bağlı rayon rəhbərliyi tərəfindən verilmiş razılığa görə kənd sakinləri adından təşəkkürünü ifadə etmişdir.
Digər müraciət qaz təchizatı problemi ilə bağlı səsləndirilmişdir. Vətəndaş fərdi yaşayış evinin mülkiyyət sənədlərinin olmaması səbəbindən qaz xətti çəkdirə bilmədiyini və sənədləşmə prosesində çətinlik yaşadığını diqqətə çatdırmışdır.
Bundan başqa, Mişkəmi–Tüklə kəndləri arasındakı yolun bərpası ilə bağlı müraciət edilmiş, həmin ərazinin nəzarətə götürülməsi xahiş olunmuşdur.
Növbəti müraciət Mişkəmi kənd ərazisində bir sıra elektrik dirəklərinin yenilənməsi ilə bağlı olmuşdur.
Digər müraciət kabelləşmə işlərinin sürətləndirilməsi ilə bağlı olmuşdur.
Vətəndaşlardan biri kənddə Azərpoçt filialının fəaliyyət göstərmədiyini bildirərək, ərazidə poçt şöbəsinin yaradılması ilə bağlı müraciətini rayon rəhbərinə ünvanlamışdır.
Digər müraciətdə vətəndaş ərazidə fəaliyyət göstərən tibb məntəqəsinə istinad edərək, evdə müalicəyə ehtiyacı olan xəstələrə tibbi personal tərəfindən yerində baxış keçirilməsi, sistemlərin qoşulması və digər zəruri profilaktik tibbi xidmətlərin göstərilməsi istiqamətində müvafiq dəstəyin təmin olunmasını xahiş etmişdir.
Sonuncu müraciətdə isə kənd qəbiristanlığına yaxın ərazidə yerləşən vətəndaşa məxsus həyətyanı sahənin baxımsız vəziyyətdə olması, ərazinin tikan və kol-kos basması qeyd edilmiş, kəndin ümumi görünüşünün yaxşılaşdırılması məqsədilə həmin sahədə təmizlik və abadlıq işlərinin aparılması ilə bağlı müvafiq tədbirlərin görülməsi xahiş olunmuşdur.
Səsləndirilən bütün müraciətlər rayon rəhbəri tərəfindən diqqətlə dinlənilmiş, qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapmış, digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun həlli istiqamətində isə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir.