İsmayıllı rayonunun Mollaisaqlı kənd məktəbində Birinci Qarabağ müharibəsi şəhidi, 1991-ci il məzunu Bağıyev Fizuli Qinyaz oğlunun əziz xatirəsinə inşa edilən bulağın açılışı olub. Məktəbin yeni direktoru Məhəmməd müəllimin təşəbbüsü və məktəb kollektivinin dəstəyi ilə reallaşan bu layihə şəhidimizin müqəddəs xatirəsinin yaşadılmasına, gələcək nəsillərə örnək olmasına xidmət edir.
Açılış mərasimində şəhidin ailə üzvləri, doğmaları, kənd sakinləri və məktəbin müəllim-şagird heyəti iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə bulağın önünə gül dəstələri düzüb, Vətən yolunda canından keçmiş qəhrəmanımızın xatirəsini dərin ehtiramla yad ediblər.
Bağıyev Fizuli Qinyaz oğlu qısa, lakin mənalı bir ömür yaşayıb. O, torpaq uğrunda gedən döyüşlərdə mərdliklə vuruşaraq şəhidlik zirvəsinə ucalıb. Onun fədakarlığı, Vətənə bağlılığı və qəhrəmanlığı hər zaman hörmət və ehtiramla xatırlanacaq.
Şəhidin ailəsi bu təşəbbüsə görə məktəbin rəhbərliyinə və bütün kollektivə dərin təşəkkürünü bildirib. Onların sözlərinə görə, belə diqqət və ehtiram şəhid ailələri üçün böyük mənəvi dəstəkdir.
"Şəhidin adı çəkildikcə, xatirəsi yad edildikcə biz də ümidlə yaşayırıq. Onun adının əbədiləşdirilməsi bizim üçün qürurvericidir. Təşəbbüsə görə hər kəsə minnətdarıq", – deyə şəhidin yaxınları bildiriblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.