AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mühafizə orderini heç kəs kefindən almır! Qadının pulsuz ala bilmədiyi qalxanı

  • + A
  • - A
  • 2-06-2025, 14:04

    Mühafizə orderini heç kəs kefindən almır! Qadının pulsuz ala bilmədiyi qalxanı

    Z. Mustafayeva : “Mühafizə orderi bir dəfə alınmalıdır, vəssallam”

    Rəsmi statistikaya görə, 2024-cü ildə məişət zorakılığına məruz qalmış şəxslərə 325 qısamüddətli, 34 uzunmüddətli mühafizə orderi verilib ki, bu rəqəmlər 2023-ci ildə 180 və 16 olmaqla təqribən iki dəfə az olub. 2024-cü ildə ümumilikdə 338 mühafizə orderi qadınlara, 21-i isə kişilərin müdafiəsi üçün icraata təqdim olunub.
    Xatırlatmağa dəyər ki, məişət zorakılığı törətmiş şəxsin zərərçəkmişə hərəkətlərini məhdudlaşdıran hüquqi akt mühafizə orderi, qısamüddətli və uzunmüddətli olmaq şərti ilə verilir. Yerli icra hakimiyyəti müraciət edilən andan etibarən 24 saat ərzində bu sənədi təmin etməlidir. Uzunmüddətli orderin alınması isə birbaşa məhkəmə qərarı ilə icraata götürülür.
    Ötən il qısamüddətli mühafizə orderinin müddəti 30 gündən 60 günə, uzunmüddətli sənədin vaxtı isə 60 gündən 180 günədək uzadıldı. Sual yaranır, statistikanın ilbəil artımı zorakılığın miqyasının genişlənməsidir, yoxsa, mübarizənin güclənməsi və zərərçəkmişə diqqətin artmasının göstəricisidirmi? Orderin uzadılması effektiv nəticə verirmi?

    Qadın təşəbbüsü və sosial problemlərin həllinə yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva bildirib ki, təşkilatının yerləşdiyi Sumqayıt şəhərində də əvvəlki illərə baxanda məişət zorakılığı ilə bağlı müraciətlər artıb. “Bu artımın bir neçə səbəbi var. İndi ailələrdə, gənc cütlüklərin davranışlarında daha tez ciddi problemlər ortaya çıxır, etibarlılıq meyarı azalıb, bu da zorakılıq hallarına gətirir. Digər səbəb isə, artıq qadınların hüquqlarını və müraciət imkanlarının olduğunu bilmələridir. Təşkilatımıza demək olar ki, hər gün şikayət məktubu daxil olur. Biz ötən il, 2024-cü ildə 24 nəfər qadına qısamüddətli, 8 qadına isə uzunmüddətli order ala bilmişik. 2023-cü illərdə münasib olaraq bu rəqəmlər 18 və 6 olub. Hələ də zorakılıq görən qadınları istədiyimiz kimi qoruya bilmirik və əgər mühafizə orderi lazım olan qədər verilməli olsaydı, rəqəmlər dəfələrlə çox olardı. Əsas səbəb budur ki, mühafizə orderi üçün nəzərdə tutulan dövlət rüsumunu maddi imkanı olmayanlar ödəyə bilmirlər, bu da o deməkdir ki, həmin qadınlar risk altındadırlar.”

    Mühafizə orderini birbaşa məhkəmələr verməlidir

    Ekspertin sözlərinə görə, mühafizə orderinin hələ də yerli icra hakimiyyəti tərəfindən verilməsi yalnışdır : “ İcra orqanlarının onsuzda iş yükü çoxdur, bu məsələni də bu qurumun həll etməsi bir çox məsələni ləngidir. Ən əvvəl məişət zorakılığı zamanı dərhal müdaxilə gərəkdir, çünki zorakılıq qurbanının təcili zorakıdan uzaqlaşdırılması gərəkdir. Bu istəklə yox, birbaşa sənədlə mümkün olduğundan icra hakimiyyətinə müraciət və vəziyyətə əncam çəkilməsi vaxt itkisinə səbəb olur. Bundan başqa çox hallarda qısamüddətli orderin vaxtı bitəndə uzunmüddətli mühafizə ordenin alınması yenidən uzanır. Çünki, uzunmüddətli mühafizə orderinin alınması üçün məhkəmə işə təkrar baxmalıdır. İllərdir, qadın hüquq müdafiəsi kimi mühafizə orderi ilə bağlı qaydanın dəyişməsini təklif edirəm. Order bir dəfə və müddətsiz olaraq verilməlidir, yalnız qurban təhlükəsizliyini yəqin edəndə orderin ləğvi ilə bağlı və orderə xitam verilməsi üçün məhkəməyə müraciət edə bilər”, Zenfira Mustafayeva vurğulayıb.
    Məlumat üçün bildirək ki,uzunmüddətli mühafizə orderinin dövlət rüsumu vaxtı ilə 10 manat idisə, bir neçə ildir ki, artıq 100 manata qaldırılıb. İqtisadi asıllığı olan , üstəlik zorakılıq görən qadının bu rüsumu ödəməsi sual altındadır. “Öndansa döyülərəm”, deyir.
    Qeyd:Mühafizə orderi verilməməsinə və xəbərdarlığın olunmamasına görə vəzifəli şəxslər İnzibati Xətalar Məcəlləsinin 158.4-cü maddəsinə əsasən, məsuliyyət daşıyırlar.
    Göründüyü kimi, məişət zorakılığı ilə bağlı ilkin araşdırma aparmaq səlahiyyətinə malik qurumlardan biri yerli icra hakimiyyətidir və qanun bu quruma məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətlərinin olub-olmamasını müəyyənləşdirmək səlahiyyəti verir. Halbuki belə bir səlahiyyətə təhqiqat və istintaq orqanları malik ola bilər. Bu mənada “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun 7.0.8-ci maddəsi daha anlaşılandır. Həmin maddə ilə məişət zorakılığı ilə bağlı şikayətlərə cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada baxıldıqda, cinayət təqibi ilə yanaşı görülməli tədbirlərdən biri kimi “məişət zorakılığı ilə bağlı şikayətin araşdırılması nəticəsində cinayət işinin başlanması üçün əsaslar müəyyən olunmadığı halda həmin şikayəti aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanına göndərmək” nəzərdə tutulur. Qanunvericiliyin qeyd etdiyimiz yanaşması təcrübədə ona gətirib çıxarır ki, bir sıra ciddi məişət zorakılığı halları adi ailə münaqişəsi səviyyəsində nəzərdən keçirilir, zorakılıqdan zərər çəkmiş şəxslərin müdafiəsi və onların təkrar zorakılıq qurbanına çevrilməsinin qarşısının alınması istiqamətində zəruri addımlar atılmır. “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun 6.3-cü maddəsinin məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda həmin şikayətin yalnız zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı olduqda araşdırıla bilməsi tələbi zorakılıq qurbanlarının müdafiəsi imkanlarını bir qədər də çətinləşdirir. Məişət zorakılığından zərər çəkmiş şəxslərin müdafiəsi sahəsində ixtisaslaşan vəkillərin və ekspertlərin rəyləri, eləcə də zorakılıq qurbanlarına verilən qısamüddətli mühafizə orderlərinin ölkə üzrə statistikası da bunu deməyə əsas verir
    Məhkəmə təcrübəsini paylaşan vəkillərin fikrncə, verilən bütün mühafizə orderlərinin məzmunu eynidir və əsasən ümumi ifadələrdən ibarətdir. Halbuki işin konkret hallarından (məsələn, zərərçəkmiş şəxslə zorakılıq törədənin qohumluq münasibətindən), zorakılığın növü və xarakterindən və onu törədən şəxsin şəxsiyyətini səciyyələndirən xüsusiyyətlərdən asılı olaraq zorakılıq törədən şəxsə qadağan edilən hərəkətlərin dairəsi fərqlənə bilər.

    Qadın hüquqları üzrə vəkil Abil Bayramovun sözlərinə görə, ortada zorakılıq halı varsa, bu birbaşa mühafizə orderinin alınması barədə rəy yaradır. Məişət zorakılığı ilə bağlı qadınların polis idarəsində bircə dəfə olan şikayəti belə qeydə alınmırsa, problem dərinləşir. Nəticədə zorakılığın sahəsi böyüyür. Ağrılı vəziyyət odur ki, bəzən zorakılıq qurbanı, boşanma istəyi olan qadın mediasiyaya yönəldilir ki, bu barışıq prosedurları lap yolverilməzdir. Bizdə məhkəmədən əvvəl icbari mediasiya anormal halları istisna etməlidir. Sistematik zorakılıq varsa, ən əvvəl risk qiymətləndirilməsi ölçülməlidir. Beynəlxalq təcrübəyə görə, bu riskləri nəzərə alanda, nəticə qadın üçün ağır olmur. Mühafizə orderi müdafiənin başında gəlir. Hakim məhkəmədə hazırlıq iclasında zorakılıq halını müşahidə edirsə, o artıq uzunmüddətli mühafizə orderi barədə düşünməlidr. Əlbəttə ki, ölkədə neçə sayda məişət zorakılığı üzrə ixtiasaslaşmış təcrübəli hakim var, sualı da düşündürücüdür. Bundan başqa ötən il Cinayət Prosessual Məcəllədəki dəyişikliyə görə, məişət zorakılığından əziyyət çəkənlərə dövlət tərəfindən pulsuz hüquqi yardım göstərilməlidir. Amma bu pulsuz hüquqi yardımın təbliğatı belə getmir.”
    Vəkilin sözlərinə görə, qısamüddətli mühafizə orderləri qurbanın qeydiyyatda olduğu yer göstərilməklə 24 saata verilməli olduğu halda aylarla verilmir. “Uzunmüddətli orderi almaq üçün əvvəlcə qısamüddətli order almalısan. İcra hakimiyyətləri isə bununla bağlı məsuliyyətlərinin ciddiliyinə varmırlar. Bir də ona görə vəziyyət pisdir ki, mühafizə orderinin nəzərdə tutduğu tədbirlər yetərsizdir. Məsələn, uzaqlaşdırma tələbi yoxdur, orderdə əsasən zorakılıq törədən şəxsin hansısa hərəkətləri etməməsi ilə bağlı tədbirlər nəzərdə tutulur.
    İcra sənədinə nəzarət mütləqidr, inzibati məsuliyyət, uzunmüddət əməl olunmursa, zorakılıq edəni 2 il müddətinə həbs gözləyir. Cəmiyyət zorakılıq halı ölümlə nəticələnməyə qədər məsələnin ciddiyətinə varmır.”

    Raminə Eyvazqızı


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR