Azərbaycanda yaşayan bir insanın yolu onkologiyadan keçmirsə, özünü dünyanın ən xoşbəxt adamlarından saya bilər. Çünki bu xəstəliklə üz-üzə qalan vətəndaş təkcə ağır diaqnozla deyil, həm də sistemin acı reallığı ilə mübarizə aparmağa məcbur olur.
Azərbaycanda peşəkar həkimlərin sayı onsuz da barmaqla sayılacaq qədərdir. Vicdanlı və dürüst çalışanların isə ayrıca qeyd olunacaq qədər az olması cəmiyyətin səhiyyəyə inamını daha da sarsıdır.
23 may 2006-cı ildə qəbul edilmiş “Onkoloji yardım haqqında” Azərbaycan Respublikasının qanunu onkoloji xəstələrin dövlət hesabına müalicə olunmasını açıq şəkildə təsbit edir.
Qanunun:
4.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı olan onkoloji xəstələrə dövlət müəssisələrində tibbi yardım dövlət büdcəsi hesabına göstərilməlidir;
12.1-ci maddəyə görə, dövlət tibb müəssisələrində onkoloji xəstələrin müayinəsi və müalicəsi büdcə vəsaiti hesabına maliyyələşdirilməlidir;
4.4-cü maddədə isə yalnız əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün ödənişli xidmət nəzərdə tutulur.
Qanun bu qədər aydın olduğu halda ortaya haqlı sual çıxır: niyə Azərbaycan vətəndaşı olan onkoloji xəstə müalicə üçün evini, torpağını, illərlə qazandığını satmağa məcbur qalır?
Təkcə 2025-ci ildə Milli Onkologiya Mərkəzi və Azərbaycan Tibb Universitetinin Onkoloji klinikasına ümumilikdə 58,9 milyon manat vəsait ayrılıb. Bundan əlavə, 11 iyul 2025-ci il tarixli sərəncamla Milli Onkologiya Mərkəzinin maddi-texniki bazasının yaxşılaşdırılması üçün əlavə 650 min manat ayrılması da dövlətin bu sahəyə diqqət ayırdığını göstərir.
Ancaq cəmiyyət nəticəni büdcə rəqəmlərində deyil, xəstəxana dəhlizlərində görmək istəyir. İnsanlar “pulsuz müalicə” hüququnu kağız üzərində deyil, real həyatda hiss etmək istəyirlər.
Milli Onkologiya Mərkəzində baş vermiş son faciəli hadisə isə sistemdəki problemləri yenidən gündəmə gətirdi. Hadisənin bütün təfərrüatlarını öyrənmək artıq mümkün olmayacaq. Çünki nə zərər görən danışa biləcək, nə də hadisəyə səbəb olduğu iddia edilən şəxs. Hər ikisi bu dünyadan köçüb. Cəmiyyətdə dolaşan müxtəlif ehtimallar isə cavabsız qalır.
Bu hadisə yalnız bir ailənin faciəsi deyil. Bu, səhiyyə sisteminə olan etimadın hansı həddə zədələndiyinin göstəricisidir.
Məsələyə aidiyyəti qurumlar, xüsusilə də dövlət rəhbərliyi tərəfindən ciddi diqqət ayrılması artıq zərurətə çevrilib. Çünki söhbət sadəcə tibbdən yox, insanların yaşamaq hüququndan gedir.
Bu acı sonluq həm cəmiyyət, həm də səhiyyə sistemi üçün ağır dərs olmalıdır.
Allah dünyasını dəyişən hər iki şəxsə rəhmət eləsin.
Məqalədə tərcüməçi Arzu Qazıyevanən sosial mediada yayılan yazısından istifadə edilib.