AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şəhid ailələrinin sosial müdafiəsində boşluqlar faciəyə yol açır

  • + A
  • - A
  • Bu gün, 12:48

    Şəhid ailələrinin sosial müdafiəsində boşluqlar faciəyə yol açır

    Elnurə Abuşova,
    AUSD İB - Ailə və Uşaqlara Sosial Dəstək İB-nin sədri


    Ramana qəsəbəsində baş verən dəhşətli hadisə cəmiyyəti sarsıtdı. Şəhid xanımı qayınatası tərəfindən qətlə yetirildi. Ortada isə iki azyaşlı uşaq qaldı. İndi həmin balalar nə ananın nəvazişini, nə də onun qayğısını görə biləcəklər. Heç bir maddi təminat, heç bir dövlət dəstəyi ananı əvəz edə bilməz.

    İlkin məlumatlara və sosial şəbəkələrdə qonşuların yazdıqlarına görə, ailə daxilində uzun illərdir şəhid ailəsinə verilən ev, müavinətlər və kompensasiya pulları ətrafında mübahisələr yaşanıb. Əgər bu iddialar doğrudursa, ortaya çox ağır bir mənzərə çıxır: şəhidin yadigarı olan ailə maddi maraqların qurbanına çevrilib.

    Təəssüf ki, bu, ilk belə hadisə deyil. Son illərdə şəhid ailələri ilə bağlı müxtəlif məhkəmə çəkişmələri, miras mübahisələri, uşaqların qəyyumluğu uğrunda davalar barədə dəfələrlə məlumatlar yayılıb. Bəzən mübahisələrin mərkəzində məhz dövlət tərəfindən ayrılan sosial təminatlar dayanır. Hətta elə hallar olub ki, şəhid övladı anasının əlindən alınmağa çalışılıb ki, uşağın adına düşən vəsaitlər üzərində nəzarət əldə edilsin.

    Məsələnin digər tərəfi də var. Bir çox valideynlər övladlarının böyüməsi üçün illərlə zəhmət çəkir, onları oxudur, hərbi xidmətə yola salır, gələcəkdə özlərinə dayaq olacaqlarını düşünürlər. Övlad itkisi isə onların həyatını alt-üst edir. Buna görə də bəzi valideynlər şəhidə görə verilən kompensasiyaların yalnız gəlinə və ya yalnız uşaqlara çatmasını haqsızlıq kimi qəbul edirlər. Bu hissləri anlamaq mümkündür. Lakin heç bir maddi maraq insan həyatından üstün ola bilməz.

    Məhz buna görə şəhid ailələri ilə bağlı sosial təminat mexanizmləri yenidən nəzərdən keçirilməlidir. Dövlətin məqsədi ailə üzvlərini qarşı-qarşıya qoymaq deyil, əksinə, onların sosial müdafiəsini təmin etmək olmalıdır. Qanunvericilik elə qurulmalıdır ki, kompensasiya və müavinətlər gələcək münaqişələrin mənbəyinə çevrilməsin.

    Müqayisə üçün qeyd etmək olar ki, Rusiyada müharibədə həlak olan hərbçilərə görə ödənilən kompensasiyalar valideynlər, həyat yoldaşı və uşaqlar arasında bölüşdürülür. Bu model ideal olmasa da, ailə üzvləri arasında müəyyən balans yaratmağa çalışır və mübahisələrin qarşısını qismən alır.

    Ramana faciəsi bir daha göstərdi ki, şəhid ailələrinin sosial müdafiəsi təkcə maddi yardım verməklə bitmir. Burada hüquqi mexanizmlər, psixoloji dəstək, ailədaxili münasibətlərin qorunması və mübahisələrin vaxtında həlli də vacibdir. Ən əsası isə unudulmamalıdır ki, şəhidlərin bizə əmanət qoyduğu insanlar dövlətin və cəmiyyətin xüsusi qayğısına ehtiyac duyurlar.

    Bu gün həmin iki uşağın taleyi hamını düşündürməlidir. Çünki bir ananın itkisini heç bir pul əvəz edə bilməz. Şəhid ailələrinin ətrafında yaranan mübahisələr şəhidlərin müqəddəs xatirəsinə kölgə salır. Buna nə cəmiyyət, nə də dövlət laqeyd qalmamalıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR