Tarixi Ədalətin Zəfər Təntənəsi

Xanlar Fətiyev,
Milli Məclisin deputatı
2023-cü il sentyabrın 19-20 tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasətinin növbəti təntənəsinə çevrildi. 24 saatdan da az davam edən bu hərbi əməliyyat nəticəsində respublikamız özünün bütün əraziləri üzərində milli suverenliyini və konstitusion hüquqlarını tam bərpa etdi, Qarabağdakı separatçı və qondarma rejimin fəaliyyətinə son qoyuldu.
Prezident İlham Əliyev 2024-cü ilin fevral ayının 14-də Milli Məclisdə andiçmə mərasimində etdiyi çıxışda bu barədə deyib:
“Sentyabr ayında keçirilmiş antiterror əməliyyatı bir daha Silahlı Qüvvələrimizin gücünü göstərdi. Cəmi bir neçə saat ərzində Ermənistan ordusunun təxminən 15 minlik ekspedisiya korpusu tamamilə iflic vəziyyətinə salınmışdır və onlar ikinci dəfə kapitulyasiya aktına imza atmağa məcbur olmuşlar. Bununla da Azərbaycan ərazisində separatizmin kökü kəsildi. Bununla da Azərbaycan həm öz ərazi bütövlüyünü, həm də dövlət suverenliyini tam bərpa etdi”.
Beləliklə, 3 il əvvəl xalqımızın uzun illər boyu həsrətlə gözlədiyi daha bir tarixi ədalət bərpa edildi və 20 sentyabr Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi böyük coşqu və təntənə ilə qeyd olunur.
20 sentyabr tarixi respublikamızda həm də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd edilir. Uzun illər erməni məkrinin yuvası olmuş Xankəndi, Ağdərə, Xocavənd və Xocalı şəhərləri məhz antiterror tədbirləri nəticəsində azadlığa və əzəli sahiblərinə qovuşdular. 2023-cü il oktyabrın 15-də isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi, Ağdərə, Xocavənd, Xocalı, Xocalı rayonunun Əsgəran qəsəbəsi və Sərsəng su anbarının ərazisində Azərbaycan bayrağını ucaltdı. Dövlətimizin başçısının 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, 20 sentyabr tarixi Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü kimi qeyd olunur.
Bir məsələni də xüsusilə qeyd etməliyik ki, Azərbaycan xalqı heç vaxt torpaqlarımızın işğaldan azad edilməsinə olan inamını itirmədi. Bu inamı yaşadan isə Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasət və bu siyasətin 2003-cü ildən sonra Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi idi. Dövlətimizin başçısı hər zaman qətiyyətlə bəyan etdi ki, sülh danışıqları nəticəsiz qalarsa, torpaqlarımız döyüş yolu ilə azad ediləcək. Bu, həm də Ermənistana xəbərdarlıq idi. Bu baxımdan 44 günlük Vətən müharibəsi Prezident İlham Əliyevin torpaqlarımızın işğaldan azad olunması ilə bağlı buna qədər verdiyi bəyanatların və xalqımızın inamının təntənəsi oldu.
Eyni zamanda, Vətən müharibəsindən sonra hər bir azərbaycanlı inanırdı ki, Müzəffər Ali Baş Komandan Qarabağdakı erməni separatizminə də son qoyacaq. Vətən müharibəsindəki Zəfərdən qısa müddət sonra bu inamın da reallığa çevrilməsi bir daha Prezident İlham Əliyevin “Nəyi, necə, nə vaxt etmək lazımdır, onu mən bilirəm” fikrinin təntənəsi oldu. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltıqdan sonra etdiyi çıxışda bu barədə deyib:
“Bu gün vaxtilə - hələ işğal dövründə dediyim sözlər və xalq tərəfindən təkrarlanan sözlər mənim üçün ən böyük mükafatdır. Mən o vaxt demişdim ki, nəyi, necə, nə vaxt etmək lazımdır, onu mən bilirəm. İkinci Qarabağ müharibəsi dayananda da Azərbaycan xalqı bilirdi ki, mən bunu bilirəm. O gündən üç il keçməmiş biz bu gün buradayıq, Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir”.
Hazırda işğaldan azad edilmiş digər rayon və şəhərlərimiz kimi Xankəndi şəhəri, Xocalı, Xocavənd və Ağdərə rayonlarında da geniş bərpa və yenidənqurma işləri həyata keçirilir. Bu şəhər və rayonların hər biri qədim Azərbaycan yurdudur. Onların hər biri özündə xalqımızın tarixini və milli irsini yaşadır. Ermənilər işğal dövründə bu ərazilərdə də xalqımızın tarixini və irsini erməniləşdirmək üçün çoxsaylı saxtakarlıqlara əl atıblar. Bu mənada təsadüfi deyil ki, Qarabağdakı bərpa və quruculuğun ilk addımlarından biri erməni saxtakarlıqlarının aradan qaldırılması, o cümlədən Xankəndidə separatizmi simvolizə edən tikililərin darmadağın edilməsi oldu.
İndi bu şəhər və rayonların hər biri böyük tikinti meydanını xatırladır. Əzəli Azərbaycan şəhəri kimi sürətli yüksəliş dövrünə qədəm qoyan Xankəndidə bu gün 28 min insan yaşayır, işləyir və təhsil alır. 2023-cü ildə Vətən müharibəsində qazanılan Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirildiyi şəhərdə qısa müddətdə olduqca mükəmməl və modern infrastruktur yaradılıb. Prezident İlham Əliyev indiyə qədər bir sıra xarici nümayəndə heyətlərini Xankəndidə qəbul edib. 2025-ci ilin iyul ayında Xankəndi İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünə evsahibliyi edib. Bu Zirvə görüşü həm də Qarabağın əzəli Azərbaycan torpağı olduğunu dünyaya çatdırıb. İki il əvvəl Xankəndidə fəaliyyətə başlayan Qarabağ Universiteti hazırda təkcə Azərbaycanın deyil, bütün regionun qabaqcıl ali təhsil müəssisələrindən biridir. Şəhərdəki Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan tikiş fabriki, “GP Safety” MMC-nin iş əlcəkləri istehsalı müəssisəsi, o cümlədən müxtəlif xidmət sahələri Xankəndi ilə yanaşı, ətraf şəhər və rayonlarda yaşayan vətəndaşların məşğulluğuna və bölgənin iqtisadi potensialından səmərəli istifadə olunmasına böyük töhfə verir.
Xocalı rayonu da Böyük Qayıdışın sürətlə reallaşdığı rayonlardan biridir. İndiyədək Xocalı şəhəri də daxil olmaqla, rayonun Ballıca, Xanyurdu, Təzəbinə, Şuşakənd, Badara, Seyidbəyli, Daşbulaq, Xanabad kəndlərinə ümumilikdə 4841 nəfər keçmiş məcburi köçkünün qayıdışı həyata keçirilib. Xocalı şəhərinin və rayonunun həm azadlığı, həm də yenidən qurulması ilə Xocalı soyqırımı qurbanlarının ruhu da rahatlıq tapıb.
İndiyə qədər Xocavənd rayonunun 4070, Ağdərə rayonunun isə 3587 nəfər sakini doğma yurduna qayıdıb. Qısa müddətdə Xocavəndin 8, Ağdərənin isə 9 yaşayış məntəqəsində həyat yenidən canlanıb.
Xankəndi şəhərində, Xocalı, Xocavənd və Ağdərə rayonlarında aparılan bərpa və quruculuq işləri, sürətlə həyata keçirilən Böyük Qayıdış Azərbaycan dövlətinin qüdrətinin və əzminin göstəricisidir. Qarabağın quruculuq salnaməsi möhtəşəm və qürurverici olmaqla həm də bütün ərazilərimiz üzərində suverenliyimizin rəmzidir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü fəaliyyət nəticəsində Qarabağ iqtisadi rayonundakı şəhər və rayonların hər biri tezliklə yalnız Azərbaycanda deyil, bütün regionda və dünyada ən gözəl ünvanlara çevriləcəklər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.