AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dostları gözünün üstündə daşıyan insan – İlqar Türkoğlu

  • + A
  • - A
  • Bu gün, 08:44

    Dostları gözünün üstündə daşıyan insan – İlqar Türkoğlu


    Azərbaycan ədəbi və ictimai mühitində özünəməxsus yeri olan şair, publisist, nasir, tərcüməçi və ictimai xadim İlqar Türkoğlunun yeni nəşr olunan “Dostları qoymuşam gözümün üstə” adlı şeirlər kitabının təqdimatı onun yaradıcılığına və şəxsiyyətinə verilən növbəti dəyərin təzahürü oldu.
    İlqar Türkoğlu uzun illərdir ki, Azərbaycan ədəbiyyatına və mədəniyyətinə xidmət edən ziyalılardandır. Onun şeirləri, publisistik yazıları və müxtəlif mövzularda qələmə aldığı məqalələri təkcə Azərbaycanda deyil, Türkiyə, Tatarıstan, Qırğızıstan və digər türk dövlətlərinin mətbuat orqanlarında da müntəzəm olaraq dərc edilir. Müəllifin hekayələrdən, tərcümələrdən və publisistik yazılardan ibarət bir neçə kitabı oxucular tərəfindən maraqla qarşılanmışdır.
    İlqar Türkoğlu Azərbaycan Yazıçılar Birliyinin, Türkiyə Yazarlar Birliyinin və İLESAM-ın üzvüdür. O, eyni zamanda “Yanqi Ovoz” Orta Asiya Tarixçilər və Yazarlar Birliyinin həmsədri, Dünya Türklərinin Koordinasiya Mərkəzinin rəhbəri kimi türk dünyasının mədəni və mənəvi inteqrasiyası istiqamətində mühüm fəaliyyət göstərir.
    Onun xidmətləri beynəlxalq səviyyədə də yüksək qiymətləndirilib. Tatarıstan Respublikası Mədəniyyət Nazirliyinin, Qırğızıstan Mədəniyyət Nazirliyinin “Mədəniyyət əlaçısı” fəxri adlarına, eləcə də Tatarıstan Yazıçılar Birliyinin medal və diplomlarına layiq görülməsi bunun bariz nümunəsidir.
    İlqar Türkoğlu yalnız qələm adamı deyil, həm də hüquq sahəsində böyük təcrübəyə malik bir ziyalıdır. Uzun illər hüquq-mühafizə orqanlarında çalışmış, dövlətə və cəmiyyətə vicdanla xidmət etmişdir. Hazırda təsisçisi və direktoru olduğu “İntellektual Hüquq Mərkəzi” vasitəsilə hüquqi maarifləndirmə, müəllif hüquqları və vətəndaşların hüquqlarının müdafiəsi istiqamətində fəaliyyətini davam etdirir.
    Onun şəxsiyyətinin ən diqqətçəkən cəhətlərindən biri türk dünyasına olan sarsılmaz bağlılığıdır. İlqar Türkoğlu təpədən-dırnağa türkçü düşüncəyə sahib bir ziyalıdır. Türk xalqlarının ortaq dəyərlərinin qorunması, dil və mədəniyyət bağlarının möhkəmləndirilməsi istiqamətində yorulmadan çalışır. On ildən artıqdır ki, Azərbaycandan yazıçı, şair və jurnalistlərdən ibarət nümayəndə heyətlərini müxtəlif türk dövlətlərinə aparır, ədəbi və mədəni əlaqələrin genişlənməsinə töhfə verir.
    Bu səfərlərdə onun təşkilatçılıq bacarığı, məsuliyyət hissi və insanlara münasibəti hər kəs tərəfindən yüksək qiymətləndirilir. Qrup rəhbəri kimi son dərəcə diqqətli, qayğıkeş və məsuliyyətlidir. Hər bir iştirakçının rahatlığı və təhlükəsizliyi ilə maraqlanır, heç kəsi diqqətdən kənarda qoymur. Bu xüsusiyyətlər onun həm rəhbər, həm də insan kimi böyüklüyünü göstərir.
    İlqar Türkoğlu səbrli, təmkinli, ağır təbiətli, həyalı və nəcib xarakterli insandır. Dostluğa böyük dəyər verir. İnsanlarla münasibətində səmimiyyətə üstünlük verir, qəlbən dostcanlıdır. Təsadüfi deyil ki, yeni kitabının adı da onun həyat fəlsəfəsini ifadə edir: “Dostları qoymuşam gözümün üstə.”
    Kitabın ilk səhifələrindəki şeirində yer alan misralar müəllifin həyata baxışını, dostluğa və insanlığa münasibətini aydın şəkildə əks etdirir:

    Yaxşının yolunda daş dayanmasın,
    Qurunun oduna yaş da yanmasın,
    Nəyimə gərəkdir, qaş dayanmasın,
    Dostları qoymuşam gözümün üstə!

    Bu misralar sadəcə poetik ifadə deyil, həm də İlqar Türkoğlunun həyat amalının poetik manifestidir. O, yaxşı insanların yolunun açıq olmasını arzulayır, ədalətsizliyə qarşı çıxır, dostluğu isə hər şeydən üstün tutur.
    Bu gün keçirilən təqdimat mərasimi bir daha göstərdi ki, İlqar Türkoğlu təkcə yazdığı əsərlərlə deyil, həm də yaşadığı ömürlə, nümayiş etdirdiyi mənəvi keyfiyyətlərlə insanların rəğbətini qazanmış şəxsiyyətdir. Onun yaradıcılığı türk dünyasının mənəvi birliyinə xidmət edir, fəaliyyəti isə insanları bir araya gətirir.
    Yeni kitabının işıq üzü görməsi münasibətilə İlqar Türkoğlunu ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları, türk dünyasının birliyi naminə gördüyü işlərdə daha böyük nailiyyətlər arzulayırıq. Dostluğu, vətən sevgisi, türkçülük məfkurəsi və insanpərvərliyi ilə seçilən belə ziyalılar cəmiyyətimizin mənəvi sərvətidir.
    Şəmsiyyə Kərimova,
    Əməkdar jurnalist
    16.06.2026 Bakı







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR