AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Yay Macərası” Düşərgəsi uşaqlar üçün zəngin və yaddaqalan fəaliyyətlərlə başa çatıb

  • + A
  • - A
  • Bu gün, 15:22

    “Yay Macərası” Düşərgəsi uşaqlar üçün zəngin və yaddaqalan fəaliyyətlərlə başa çatıb

    Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə "Ümidli Gələcək" Gənclər Təşkilatı - Reliable Future Youth NGO İctimai Birliyi nəzdində fəaliyyət göstərən “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzinin uşaqları üçün təşkil olunan “Yay Macərası” Düşərgəsi uğurla başa çatdı.

    Düşərgənin əsas məqsədi uşaqların yay tətilini təhlükəsiz və səmərəli keçirməsinə şərait yaratmaq, onların sosial və kommunikativ bacarıqlarını inkişaf etdirmək, hüquqi və ekoloji maarifləndirilməsini gücləndirmək, yaradıcılıq potensialını dəstəkləmək və sağlam həyat tərzini təşviq etmək olub.

    Düşərgə müddətində uşaqlar üçün maarifləndirici, inkişafyönümlü, idman, mədəni və yaradıcı fəaliyyətləri əhatə edən zəngin proqram həyata keçirilib. Hüquqların müdafiəsi və təhlükəsiz davranış mövzularında keçirilən görüşlər zamanı uşaqlar hüquqları, təhlükəsizlik qaydaları və "Azərbaycan Uşaq Qaynar Xətt Xidməti" - "Azerbaijan Child Helpline Service" xidmətinə müraciət imkanları barədə məlumat əldə ediblər.

    Uşaqların təhlükəsizlik bacarıqlarının inkişaf etdirilməsi məqsədilə “İlk Yardım” praktiki təlimi keçirilib. Uptodate in Medicine Amerika Ürək Assosiasiyasının (AHA) Beynəlxalq Təlim Mərkəzinin təşkilatçılığı ilə keçirilən təlimdə uşaqlar fövqəladə hallarda düzgün davranış və ilk yardımın əsas prinsipləri ilə tanış olublar.
    Düşərgənin sosial proqramında komanda oyunları, interaktiv fəaliyyətlər, şahmat turnirləri və müxtəlif idman məşğələləri xüsusi yer tutub. Bu fəaliyyətlər uşaqlar arasında ünsiyyət, əməkdaşlıq, qarşılıqlı dəstək, məntiqi düşüncə və komanda ruhunun inkişafına töhfə verib.

    Musiqi və rəqs məşğələləri, yaradıcılıq fəaliyyətləri isə uşaqlara özlərini ifadə etmək, yeni bacarıqlar qazanmaq və yaradıcı potensiallarını nümayiş etdirmək imkanı yaradıb. Uşaqlar müxtəlif rəqs hərəkətləri öyrənib, musiqi nömrələri hazırlayıb və birlikdə rəqs edərək düşərgəyə xüsusi rəng qatıblar.

    Düşərgə çərçivəsində ekoloji maarifləndirmə və milli-mədəni dəyərlərin təbliği istiqamətində də fəaliyyətlər təşkil olunub. Uşaqlar ətraf mühitin qorunması, təbii sərvətlərdən səmərəli istifadə və ekoloji məsuliyyət barədə məlumatlandırılıb, Azərbaycan filmlərinə baxış keçirilib və filmlər ətrafında müzakirələr aparılıb.

    Bununl yanaşı, düşərgə zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Ceyran Rəhmətullayeva uşaqlarla görüşərək düşərgədə yaradılan şərait və təşkil olunan fəaliyyətlərlə tanış olub, uşaqların təəssüratlarını dinləyib və onlarla birlikdə musiqi ifa edib. Görüş uşaqlar üçün xüsusi və yaddaqalan anlardan biri olub.

    “Yay Macərası” Düşərgəsi yalnız uşaqların asudə vaxtının səmərəli təşkili deyil, onların təhlükəsizliyinin, sosial iştirakının, hüquqi maarifləndirilməsinin, yaradıcılığının və hərtərəfli inkişafının dəstəklənməsinə yönəlmiş sosial təşəbbüs kimi həyata keçirilib.

    Düşərgənin yekununda uşaqlar əldə etdikləri yeni bilik və bacarıqlar, qurduqları dostluqlar və çoxsaylı xoş xatirələrlə öz evlərinə yola düşüblər.

    Düşərgənin təşkilinə göstərdikləri dəyərli dəstəyə və uşaqlar üçün təhlükəsiz, rahat və inkişafyönümlü şərait yaratdıqlarına görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, Səməd Vurğun adına İstirahət və Sağlamlıq Mərkəzinin rəhbərliyinə, həmçinin düşərgə proqramına töhfə verən bütün tərəfdaşlara, mütəxəssislərə və təlimçilərə təşəkkürümüzü bildiririk.

    Yekun olaraq, “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi tərəfindən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədrinin müşaviri Nigar Vahabzadəyə və Səməd Vurğun adına İstirahət və Sağlamlıq Mərkəzinin rəhbərliyinə göstərdikləri dəstəyə görə təşəkkürnamə təqdim olunub.

    “Yay Macərası” başa çatdı, amma uşaqların üzündəki təbəssüm, qazandıqları yeni bacarıqlar və birlikdə yaratdıqları gözəl xatirələr uzun müddət davam edəcək.
    Birlikdə uşaqlar üçün daha təhlükəsiz, inklüziv, qayğıkeş və xoşbəxt gələcəyə doğru!












    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR