AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Aqrar sahədə dövlət dəstəyi genişləndirilir: yeni subsidiya və güzəştlər

  • + A
  • - A
  • Bu gün, 12:30

    Aqrar sahədə dövlət dəstəyi genişləndirilir: yeni subsidiya və güzəştlər

    Azərbaycanda kənd təsərrüfatı istehsalçıları üçün yeni subsidiya və güzəşt mexanizmləri tətbiq ediləcək.

    Aqrar Subsidiya Şurasının qərarına əsasən, yeni dəstək tədbirləri kənd təsərrüfatı məhsullarının istehsalı və emalının artırılması, müasir texnologiyaların tətbiqi, ixrac potensialının genişləndirilməsi və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə yönəldilib.

    Qərara əsasən, müasir suvarma sistemlərindən istifadə edən fermerlərin subsidiyası artırılır. 22 ixtisaslaşmış rayonda buğdanın müasir suvarma ilə becərilməsi üçün subsidiya 400 manat/ha olacaq. Ənənəvi suvarma və dəmyə sahələrində bu məbləğ 200 manat/ha təşkil edəcək.

    Müasir suvarma ilə becərilən kartof, tərəvəz və paxlalılar üzrə subsidiya 500 manat/ha, bostan bitkiləri üzrə isə 310 manat/ha müəyyənləşdirilib.

    Dağlıq rayonlar və Naxçıvan Muxtar Respublikasında kartof və tərəvəz əkinlərinə verilən subsidiya müasir suvarma sistemlərində 600 manat/ha, digər sahələrdə 400 manat/ha olacaq.

    Lazer hamarlama texnologiyasının tətbiqini stimullaşdırmaq üçün də əlavə subsidiya veriləcək. Buğda əkinində ilk il 250 manat/ha, pambıqda isə 50 manat/ton əlavə dəstək nəzərdə tutulur.

    İstixana təsərrüfatlarının texnoloji inkişafına uyğun olaraq subsidiya məbləğləri də müəyyənləşdirilib. Müxtəlif nəsil istixanalarda bu göstərici 500 manatdan 5000 manat/ha-dək dəyişəcək.

    Yeni subsidiya mexanizmləri çərçivəsində aroniya və qızılgül istehsalına da dəstək göstəriləcək. Aroniya bağlarının salınmasına 7500 manat/ha, qızılgül əkinlərinə 6000 manat/ha subsidiya veriləcək.

    Yerli üzüm sortlarından premium şərab istehsalı və butik şərabçılığın inkişafı da dövlət tərəfindən təşviq olunacaq. Super-intensiv üzüm bağlarının salınmasına 20 min manat/ha, intensiv bağlara 10 min manat/ha subsidiya ayrılması nəzərdə tutulur.

    Bağçılıq üzrə bir sıra mövcud tələblər də dəyişdirilir. İntensiv zeytun bağları üçün minimum sahə 5 hektara endirilir, Naxçıvan Muxtar Respublikasında isə bağlar üçün minimum sahə tələbi 1 hektar olacaq.

    Pambıqçılıqda isə subsidiya suvarma sisteminə uyğun hesablanacaq. Damcı suvarma ilə becərilən pambığa görə 300 manat/ton, sprinkler və pivot sistemlərində 215 manat/ton, ənənəvi suvarmada isə 200 manat/ton subsidiya veriləcək.

    Emala yönəldilən məhsullar üzrə də yeni dəstək tədbirləri müəyyənləşdirilib. Texniki üzüm və xurmaya 50 manat/ton, zeytun və taxta qabıqlı badama 30 manat/ton subsidiya veriləcək. Qızılgül, biyan və pivəlik arpa üzrə də məhsul subsidiyası tətbiq ediləcək.

    Yerli toxumçuluğun inkişafı üçün super-elit buğda və arpa toxumlarına xüsusi dəstək veriləcək. Yerli super-elit toxumçularına 470 manat/ha əkin subsidiyası tətbiq olunacaq.

    Fermerlərin xarici bazarlara çıxışının asanlaşdırılması üçün beynəlxalq sertifikatların əldə edilməsinə də subsidiya veriləcək. Bu məqsədlə ayrılan vəsait sertifikatın növündən asılı olaraq 7000–36 000 manat arasında olacaq.

    Müəyyən tələblərə cavab verən fermerlər əkin subsidiyasının 30 faizini avans şəklində almaq imkanına da malik olacaqlar.

    Heyvandarlıq sahəsində intensiv təsərrüfatların yaradılması təşviq ediləcək. 1 oktyabr 2026-cı ildən sonra yaradılan intensiv təsərrüfatlarda südlük və südlük-ətlik cins heyvanlar üçün 1500 manat/baş, ətlik cinslər üçün 1000 manat/baş subsidiya müəyyən edilib.

    Milli at cinslərinin qorunması məqsədilə “Qarabağ” və “Dilbaz” atlarına da illik subsidiya veriləcək. Dayçalar üzrə 600 manat, damazlıq dişi atlar üzrə 800 manat, damazlıq ayğırlara görə isə 1000 manat subsidiya nəzərdə tutulur.

    Akvakultura sahəsində ilk dəfə məhsul subsidiyası tətbiq ediləcək. Qızılbalıqkimilər və nərəkimilər üçün 2000 manat/ton, çəkikimilər və naxakimilər üçün 600 manat/ton subsidiya ödəniləcək.

    Naxçıvan Muxtar Respublikasında yerli yumurta istehsalının dəstəklənməsi üçün hər 1000 ədəd süfrəlik yumurtaya 30 manat subsidiya veriləcək.

    Süd istehsalında isə emal müəssisələrinə və süd toplama məntəqələrinə təhvil verilən soyudulmuş xam südün hər litrinə 7 qəpik subsidiya tətbiq olunacaq. Kooperativlər vasitəsilə təhvil verilən süd üzrə ödəniş 20 faiz artırılacaq.

    İntensiv kökəltmənin təşviqi məqsədilə diri çəkisi 600 kiloqram və daha çox olan iribuynuzlu heyvanlara görə hər kiloqram diri çəkiyə 0,40 manat subsidiya ödənilməsi nəzərdə tutulur.

    Bununla yanaşı, heyvan dərisi və yunun emala cəlb olunması üçün də məhsul subsidiyaları müəyyənləşdirilib.

    Kənd təsərrüfatı texnikası və texnoloji avadanlıqların alınmasına tətbiq edilən güzəştlər də artırılacaq. Suvarma sistemləri, lazer hamarlayıcılar, soyuducu anbarlar, taxıl siloları və aqrar sahədə istifadə olunan günəş panelləri üzrə güzəşt mexanizmləri genişləndiriləcək.

    Sərhədyanı ərazilərdə fəaliyyət göstərən fermerlərə isə əlavə subsidiya dəstəyi göstəriləcək.

    Yeni dövlət dəstəyi mexanizmləri 2026–2030-cu illər üçün Dövlət Proqramının əsas hədəflərinə uyğun olaraq aqrar sektorda məhsuldarlığın, rəqabət qabiliyyətinin və ixrac imkanlarının artırılmasına xidmət edəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR