Abşeronda təhsil sahəsində əldə olunan uğurlar və qarşıda duran vəzifələr müzakirə edilib

Abşeron rayonunda təhsil sahəsində həyata keçirilən islahatlar, əldə olunan nəticələr və qarşıda duran vəzifələrə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin deputatları Zaur Şükürov və Rizvan Nəbiyev, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhama Abdullayeva, şəhid ailələrinin üzvləri, təhsil işçiləri, şagird və tələbələr iştirak ediblər.
Çıxış edən Abdin Fərzəliyev bildirib ki, torpaqlarımızın işğaldan azad olunmasından sonra Azərbaycanın bütün ərazisində təhsilin inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilir. Onun sözlərinə görə, ölkədə təhsil sahəsində aparılan islahatlar, yeni məktəblərin və təhsil infrastrukturlarının yaradılması, mövcud təhsil müəssisələrinin əsaslı təmiri bu sahənin inkişafına mühüm töhfə verir.
Qeyd olunub ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən təhsil sektorunda çoxsaylı layihələr həyata keçirilib, yeni məktəb və korpuslar inşa olunub, mövcud təhsil ocaqları əsaslı şəkildə təmir edilərək istifadəyə verilib.
Milli Məclisin deputatı Zaur Şükürov ölkədə təhsil alan gənclər üçün yaradılan imkanlardan danışaraq bildirib ki, dövlət tərəfindən həyata keçirilən məqsədyönlü siyasət şagird və tələbələrin yüksək səviyyədə təhsil almasına, onların hərtərəfli bilik və bacarıqlara yiyələnməsinə geniş imkanlar yaradır.
Deputat Rizvan Nəbiyev də təhsilin inkişafı istiqamətində atılan mühüm addımlardan bəhs edib. O, gənclərin yüksək təhsil alması və elmi biliklərə yiyələnməsi üçün ölkədə lazımi şəraitin formalaşdırıldığını diqqətə çatdırıb.
Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhama Abdullayeva ölkədə həyata keçirilən təhsil islahatlarının müsbət nəticələr verdiyini bildirib. O, Abşeron rayonunda təhsil sahəsində göstəricilərin ildən-ilə yaxşılaşdığını qeyd edərək, əldə olunan müsbət dinamikanın gələcəkdə də davam etdiriləcəyinə əminliyini ifadə edib.
Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətində böyük mütəxəssis kimi çalışmış Vətən müharibəsi şəhidi Ramil Ağayevin həyat yoldaşı Lamiyə Ağayeva çıxış edib. O, şəhid ailələrinə və gənclərə göstərilən dövlət qayğısından danışaraq minnətdarlığını bildirib.
Həmçinin bu il qəbul imtahanlarında 694 bal toplayaraq Abşeron rayonu üzrə ən yüksək nəticəni göstərən Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin məzunu Nihad Abduzadə çıxış edib. O, əldə etdiyi nəticədə müəllim əməyinin və valideyn dəstəyinin mühüm rol oynadığını vurğulayıb.
Tədbirin sonunda Abşeron rayonunda yaşayan və birinci sinfə gedəcək şəhid övladlarına, ali məktəblərə qəbul olan şəhid övladlarına, yüksək bal toplayan tələbələrə, həmçinin doğum günü olan şəhid ailələrinin üzvlərinə xüsusi hədiyyələr təqdim olunub.
Tədbir iştirakçıların iştirakı ilə xatirə fotosunun çəkilməsi ilə başa çatıb.











Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.