Evdə hazırlanaraq bazara çıxarılan qida məhsullarının sertifikatlaşdırılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumatına görə, hazırda bu məhsullar üçün hər hansı sertifikat tələbi və sertifikatı olmayan şəxslərin cəzalandırılması nəzərdə tutulmayıb.
Açıqlamada bildirilir ki, məsələ Azərbaycan Respublikasının Prezidentinin 10 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı” çərçivəsində tənzimlənəcək. Proqramda ev şəraitində və ailə təsərrüfatlarında hazırlanan qida məhsullarının bazara yerləşdirilməsi mexanizminin formalaşdırılması üçün tədbirlərin 2028–2032-ci illərdə həyata keçirilməsi nəzərdə tutulub.
Məqsəd bu sahədə fəaliyyət göstərən şəxslərin məhsullarını bazara çıxarmasına şərait yaratmaq, eyni zamanda istehlakçıların mənşəyi bilinməyən və təhlükəli qidalardan qorunmasını təmin etməkdir.
AQTA-nın məlumatına görə, 2024–2025-ci illər və 2026-cı ilin ilk 8 ayı ərzində ölkədə təsdiqlənmiş 241 qida zəhərlənməsi hadisəsinin 137-si, yəni 57 faizi məişət zəminində baş verib. Bu hadisələrin 47 faizinin mənşəyi bilinməyən konserv məhsullarının istehlakı ilə əlaqəli olduğu müəyyənləşdirilib.
Agentlik vurğulayır ki, ev şəraitində hazırlanan qidalara sertifikat tələbi və cərimələrin tətbiqi ilə bağlı yayılan məlumatlar yanlışdır. Burada əsas məqsəd həm kiçik ailə təsərrüfatlarının bazara çıxışına imkan yaratmaq, həm də istehlakçıların sağlamlığını qorumaqdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.