AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şokolad təhlükədə: alimlər kakao məhsuldarlığı üçün yeni risk aşkarlayıb

  • + A
  • - A
  • Dünən, 22:00

    Şokolad təhlükədə: alimlər kakao məhsuldarlığı üçün yeni risk aşkarlayıb


    Qlobal şokolad istehsalı üçün yeni təhlükə müəyyənləşdirilib. Alimlər kakao plantasiyalarında məhsuldarlığa təkcə quraqlığın deyil, həddindən artıq yağıntıların da ciddi təsir göstərdiyini müəyyən ediblər.

    Harvard Universiteti və Qana Universitetinin alimləri apardıqları araşdırmada böyükmiqyaslı hava proseslərinin kakao məhsulu üçün təhlükəli şəraiti bir neçə ay əvvəldən proqnozlaşdırmağa imkan verə biləcəyini müəyyənləşdiriblər. Araşdırmanın nəticələri “Proceedings of the National Academy of Sciences” jurnalında dərc olunub.

    Mütəxəssislər bildirirlər ki, kakao ağacları inkişafının müəyyən mərhələlərində hava şəraitinə xüsusilə həssas olur. Çiçəkləmə, tozlanma və meyvələrin formalaşması zamanı yağıntıların normadan artıq olması məhsula ciddi zərər vura bilər.
    Qanada aparılan araşdırmaya görə, kakao məhsuldarlığındakı illik dəyişikliklərin təxminən üçdə ikisi iki əsas amillə əlaqəlidir: yağışlı mövsümdə həddindən artıq yağıntılar və quraq mövsümdə su çatışmazlığı.

    Xüsusilə aprel-iyun aylarında, ağacların çiçəklədiyi və ilkin meyvələrin formalaşdığı dövrdə güclü leysanlar təhlükəlidir. Noyabr-fevral aylarında yağıntının azalması isə meyvələrin inkişafını poza bilər.

    Alimlərin sözlərinə görə, güclü yağışlar bitkilərə birbaşa zərər vurmaqla yanaşı, yüksək rütubət yaradır və göbələk xəstəliklərinin yayılmasını sürətləndirir.
    Tədqiqat zamanı Qananın müxtəlif rayonlarında 20 il ərzində kakao istehsalı ilə bağlı məlumatlar gündəlik hava müşahidələri ilə müqayisə edilib. Nəticədə məhsuldarlığa ən ciddi təsir göstərən amillərin məhz yağışlı mövsümdə güclü leysanlar və quraq dövrdə nəmlik çatışmazlığı olduğu müəyyənləşdirilib.

    Oxşar vəziyyət dünyanın digər iri kakao istehsalçıları olan Ekvador və İndoneziyada da müşahidə olunub.
    Tədqiqatçılar hesab edirlər ki, əldə olunan nəticələr fermerlər üçün erkən xəbərdarlıq sistemlərinin yaradılmasına imkan verə bilər. El Niño kimi genişmiqyaslı iqlim prosesləri və Atlantik okeanının səth temperaturunda dəyişikliklər təhlükəli hava şəraitinin əvvəlcədən proqnozlaşdırılmasına kömək edə bilər.

    Fermerlərin məhsulu qorumaq üçün ağacların üzərində bitki örtüyünü artırması və torpaqda daha çox tökülmüş yarpaq saxlaması kimi tədbirlər də təklif olunur. Bu üsullar güclü yağışın çiçəklərə təsirini azaltmaq və infeksiyaların meyvələrə yayılmasının qarşısını almaq məqsədi daşıyır.

    Məsələ iqtisadi baxımdan da əhəmiyyətlidir. 2024-cü ildə kakao xammalının qiyməti təxminən üç dəfə artıb. Bu isə şokoladın bahalaşmasına, qablaşdırmaların kiçildilməsinə və bəzi məhsulların tərkibinin dəyişdirilməsinə səbəb olub.

    Alimlər bildirirlər ki, kakao istehsalına təhlükə yalnız iqlim dəyişiklikləri ilə məhdudlaşmır. Ağacların qocalması, xəstəliklər, zərərvericilər, gübrələrin bahalaşması, qanunsuz qızıl hasilatı və qaçaqmalçılıq da sektora ciddi təsir göstərir.
    Beləliklə, gələcəkdə kakao istehsalının taleyini yalnız temperaturun nə qədər yüksələcəyi deyil, yağışın nə vaxt yağacağı, nə qədər güclü olacağı və fermerlərin təhlükə barədə nə qədər əvvəlcədən xəbərdar ediləcəyi də müəyyənləşdirə bilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR