AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qafqaz Albaniyasının irsi müzakirə olunub.

  • + A
  • - A
  • Bu gün, 12:10

    Qafqaz Albaniyasının irsi müzakirə olunub.

    Həsən Həsənovdan tarixi yanaşma
    "Albaniya Atropatenanın törəməsidir”

    Qafqaz Albaniyası nə vaxt yaranıb? Atropatena ilə Albaniyanın tarixi əlaqəsi nədən ibarətdir? Qafqaz Albaniyasının zəngin tarixi-mədəni irsi hansı mənbələr əsasında araşdırılmalıdır?

    Bu və digər suallar Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən “Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda seminarda müzakirə olunub.

    Seminarda Azərbaycanın sabiq xarici işlər naziri, tarix elmləri doktoru Həsən Həsənov Qafqaz Albaniyasının tarixi, alban irsi ilə bağlı aparılan araşdırmalar və bu irsin mənsubiyyəti ətrafında mövcud mübahisələr barədə geniş çıxış edib.

    H.Həsənov bildirib ki, sovet tarixşünaslığından Azərbaycan elminə Atropatena və Qafqaz Albaniyasının yaranma tarixləri ilə bağlı bir sıra mübahisəli yanaşmalar miras qalıb. Onun sözlərinə görə, sovet dövrünün bəzi elmi və ədəbi mənbələrində hər iki dövlətin eyni vaxtda meydana gəlməsi barədə fikirlər irəli sürülüb.
    Tarixçi alim Atropatena ilə Qafqaz Albaniyası arasındakı tarixi əlaqələrə də diqqət çəkib. Onun sözlərinə görə, Albaniya uzun müddət Atropatenanın tərkibində olub və daha sonra müstəqillik əldə edib.

    "Bu, düz 7 əsr davam edib, yəni eramızdan əvvəl 7-ci əsrdən 1-ci əsrə qədər və bundan sonra albanlar müəyyən səbəblərdən Atropatenanın tərkibindən ayrılaraq müstəqilliyə nail olublar. Yəni Albaniya Atropatenanın törəməsidir”, – deyə H.Həsənov vurğulayıb.

    Seminarda Qafqaz Albaniyasının dini-mədəni mühiti də geniş müzakirə olunub. H.Həsənov Albaniya ərazisində müxtəlif dövrlərdə xristianlıq, yəhudilik və tanrıçılıq inanclarının mövcud olduğunu bildirib.
    Alban irsinin mənsubiyyəti ətrafında aparılan mübahisələrə toxunan alim bu sahədə irəli sürülən bir sıra iddiaların elmi mənbələr əsasında araşdırılmasının vacibliyini qeyd edib.

    H.Həsənov Azərbaycan memarı və tarixçisi Davud Axundovun araşdırmalarına da xüsusi diqqət çəkib. Onun sözlərinə görə, Axundov alban məbədləri və digər memarlıq abidələri ilə bağlı geniş tədqiqatlar aparıb.

    “Onun gəldiyi nəticə budur ki, Albaniya ərazisində olan bütün abidələr alban sivilizasiyasının məhsuludur. Hətta bir çox hallarda bu abidələrin türk ənənələri ilə bağlılığı barədə qənaətə də gəlinib. Ümumiyyətlə, alban tarixi ilə bağlı araşdırmalar kifayət qədər deyil”, – deyə professor qeyd edib.

    Tarixçi alim Qafqaz Albaniyası ilə bağlı məlumatların dərsliklərdə təqdimatında müəyyən nöqsanların olduğunu da bildirib. O, məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə müraciət etdiyini diqqətə çatdırıb.
    Seminarda Gəncəsər və Xudavəng monastırları ilə bağlı mübahisəli məsələlərə də toxunulub. H.Həsənov bu abidələrin tarixinin və mənsubiyyətinin elmi mənbələr əsasında araşdırılmasının vacibliyini vurğulayıb.

    O, Davud Axundovun monoqrafiyasını bu istiqamətdə aparılmış ətraflı tədqiqatlardan biri kimi qiymətləndirərək, həmin araşdırmada sözügedən abidələrin tarixi ilə bağlı irəli sürülən nəticələrə diqqət çəkib.

    Seminarda, həmçinin, Qafqaz Albaniyasına məxsus tarixi-mədəni irsin qorunması, alban məbədləri və digər abidələrin elmi əsaslarla tədqiqi, eləcə də Azərbaycan irsinin beynəlxalq ictimaiyyətə obyektiv və düzgün təqdim edilməsinin vacibliyi vurğulanıb.

    Tədbirin sonunda tarix elmləri doktoru Həsən Həsənov jurnalistlərin suallarını cavablandırıb, onları maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıb.

    Təcrübəli tarixçi və alim media nümayəndələri ilə səmimi ünsiyyət quraraq, suallara ətraflı cavab verib, tarixi mövzuların araşdırılması və mediada təqdimatı ilə bağlı dəyərli məsləhət və tövsiyələrini bölüşüb.

    Görüş zəngin elmi müzakirələr, qarşılıqlı fikir mübadiləsi və jurnalistlər üçün faydalı tövsiyələrlə yadda qalıb.

    Leyla Turan


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR