11 nəfərin qatili poçtu məhkəməyə verdi

Gecikən məktuba görə 4 min rubl ödəniləcək
Rusiyada 11 nəfərin qətlinə görə ömürlük həbs cəzası çəkən Telman Sayfiyev məktubun gecikdirilməsinə görə “Rusiya Poçtu”ndan kompensasiya almağa nail olub.
“RIA Novosti”nin yaydığı məlumata görə, məhkum Moskvadan göndərilən məktubun 36 günə çatdırılmasını əsas gətirərək məhkəməyə müraciət edib. Halbuki göndərişin altı gün ərzində çatdırılması nəzərdə tutulub.
Sayfiyev gecikmənin ona mənəvi zərər vurduğunu bildirərək 15 min rubl təzminat tələb edib. Məhkəmə onun iddiasını qismən təmin edib: 3 min rubl mənəvi zərər kompensasiyası və 1 000 rubl cərimənin tutulmasına qərar verilib.
Məlumata görə, məhkum əvvəllər də saxlanma şəraiti ilə bağlı çoxsaylı iddialar qaldırıb. Ötən il dişlərinin çıxarılmasına görə cəzaçəkmə müəssisəsindən 80 min rubl təzminat alıb. Lakin tikiş sexindəki əməkhaqqı və iş şəraiti ilə bağlı son iddiası təmin edilməyib.
Telman Sayfiyev Moskva və Moskva vilayətində ən azı 11 nəfərin qətlində iştirak edən cinayətkar dəstənin üzvü olub. Dəstə 1993-cü ilin sonunda ifşa edilib, Sayfiyev isə 1996-cı ildə ömürlük azadlıqdan məhrum olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.