AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Lider TV əməkdaşlarının 40 faizi işsiz qaldı, onların problemlərini kim həll edəcək?

  • + A
  • - A
  • 31-05-2021, 22:20


    Lider TV əməkdaşlarının 40 faizi işsiz qaldı, onların problemlərini kim həll edəcək? Bu sözləri Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) rəhbəri Müşfiq Ələsgərli öz şəxsi facebook səhifəsində yazaraq işçilərin sonrakı taleyindən narahatlığını bildirib:
    "Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) olaraq hər il ölkə KİV-ləri və KİV-lərdə çalışanlar barədə statistik məlumatları toplayırıq, illik müqayisələr aparırıq. 2020-ci il üzrə hazırladığımız hesabatda Lider TV əməkdaşlarının sayı təqribən 224 nəfər göstərilib", - yazan JuHİ sədri bildirib ki, 2020-ci ilin iyun ayında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi ("Teleradio" İB) tərəfindən borclu "Lider TV və Radio-Azərbaycan" MMC-yə qarşı iflas elan edilməsi haqqında iddia qaldırmışdı. İyunun 16-da Bakı Kommersiya Məhkəməsi Lider televiziyasının müflis elan edilməsi ilə bağlı iddianı təmin etmişdi. Qarşı tərəf isə apellyasiya şikayəti vermişdi.

    M.Ələsgərli qeyd edib ki, yaranmış qeyri-müəyyənlik fonunda əməkdaşlardan bir qismi şirkətdən ayrılaraq, digər KİV-lərdə işlə təmin olunublar. Bununla yanaşı, şirkət əməkdaşlarından təqribən 90 nəfəri bu günə qədər fəaliyyətini davam etdirib.
    2021-ci ilin may ayında Milli Televiziya və Radio Şurası (MTRŞ) "Lider TV və Radio-Azərbaycan" MMC-nin lisenziyasına xitam verilməsi barədə qərar verib. Qərara əsasən, 31 may şirkət üçün son iş günüdür.
    Şirkətin fəaliyyətinin dayandırılması üçün prosedurlar qanuna uyğun olaraq həyata keçirilib. Ortada həm məhkəmənin, həm də MTRŞ-nın qərarı var. Şirkətin borclarının ödənilməsi yolları və digər məsələlər üçün mexanizmlər tərtib edilib. Qeyri-müəyyən qalan məsələ təkcə əməkdaşların taleyi ilə bağlıdır. 90 nəfərə yaxın əməkdaşın taleyi necə olacaq? Əlaqə saxladığımız əməkdaşlar bildiriblər ki, bununla bağlı onlara heç bir bilgi verilməyib. Əksinə, bildirilibmiş ki, ortada olan mübahisələr şirkət rəhbərliyinin dəyişdirilməsi ilə nəticələnəcək və bundan sonra işlər qaydasına düşəcək, onlar da öz fəaliyyətlərini davam etdirəcəklər. Gözlənilmədən şirkətin fəaliyyətinin dayandırılmasına qərar verilməsi hər kəsi çaşqın duruma salıb.
    Sonda Müşfiq Ələsgərli diqqəti KİV-lərdə əmək münasibətlərinin rəsmiləşdirilməsi ilə bağlı problemlərə yönəldib: "JuHİ olaraq bu sahədə mövcud olan problemləri hər il hesabat formasında ictimailəşdiririk. Əksəriyyət xidmət müqaviləsi və yaxud, müvəqqəti əmək müqavilələri ilə çalışdırılırlar. Bu halda əməkdaşların əmək hüquqlarının tanınması mübahisəli qalır. Lider TV əməkdaşları üçün də belə bir durum yaranıb.
    Əlaqədar qurumlar bu problem qeydə alıb həll etməlidirlər".
    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR