AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ukraynada 250 min azərbaycanlı yaşayır - onların təxliyəsini təşkil etmək çox çətindir

  • + A
  • - A
  • 1-03-2022, 16:30

    Ukraynada 250 min azərbaycanlı yaşayır - onların təxliyəsini təşkil etmək çox çətindir

    Hazırda Ukrayna ərazisində olan soydaşlarımız məlum hərbi əməliyyatlar səbəbiylə ölkəni tərk etməyə çalışır və müxtəlif istiqamətlərə üz tuturlar. Müharibə şəraitində dinc əhalinin təhlükəsizliyi və təxliyə edilməsi, əlbəttə, bir nömrəli işdir. Yayılan informasiyalarda, internet resurslarda yerləşdirilmiş videolarda soydaşlarımız arasında ağır durumda qalanlar, günlərdir zirzəmilərdən kənara çıxa bilməyənlər barədə məlumatlar var. Belə görünür ki, soydaşlarımızın müharibə bölgəsindən çıxarılması prosesi qənaətbəxş deyil. Rəsmi qurumlar isə prosesin çətinliklə də olsa, davam etdiyini bildirir. Bundan öncə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Facebook səhifəsində məlumat verərək bildirmişdi ki, 200 nəfərdən artıq Azərbaycan vətəndaşı Ukraynadan təxliyə olunmaq üçün müraciət edib.

    Bu müraciətlər Ukrayna Azərbaycanlıları Radasında yaradılan operativ qərargaha daxil olub. Müraciət edənlər arasında Ukraynada təhsil alan azərbaycanlı tələbələr də var. Bu şəxslərin Ukrayna ilə həmsərhəd ölkələr vasitəsilə Azərbaycana gətirilməsi planlaşdırılır. Məlumatda qeyd olunurdu ki, Ukraynada, xüsusilə gərginliyin hökm sürdüyü bölgələrdə yaşayan soydaşlarımız hər hansı problem yaranacağı təqdirdə, Ukrayna Azərbaycanlıları Radasında yaradılan operativ qərargahla +380 97 070 0085 telefon nömrəsi və raukyiv@gmail.com email ünvanı ilə əlaqə saxlaya bilər. Soydaşlarımıza hər cür mənəvi və informasiya dəstəyini təmin etmək məqsədilə operativ qərargah 24 saat fəaliyyət göstərir.

    Sevindirici xəbərlərdən biri isə Azərbaycan Xarici İşlər Nazirliyinin Ukraynanı tərk edərək qonşu dövlətlərə daxil olan Azərbaycan vətəndaşlarının təxliyəsini həyata keçirmək üçün 28 fevral tarixində Azərbaycan dövləti tərəfindən iki çarter reysinin təşkil edilməsidir. Rumıniya ərazisindən reallaşdırılacaq çarter reyslərindən birincisi ilə Türkiyənin "Tailwind" şirkəti vasitəsilə 168, Azərbaycan Hava Yolları ilə həyata keçiriləcək növbəti çarter reysi ilə isə 174 vətəndaşımızın Azərbaycana gətirilməsi planlaşdırılır.
    Xarkov şəhərində Azərbaycanın fəxri konsulluğu da ştat rejimində fəaliyyətini davam etdirir. Konsulluq əməkdaşları Xarkov vilayət ərazisində olan həmvətənlərimizin yerlərinin müəyyənləşdirilməsi və qeydiyyatı prosesini davam etdirir. Ötən 24 saat ərzində müraciət etmiş 300-dən çox soydaşımız qeydiyyata alınıb və onlar təhlükəsizlik məsələləri ilə bağlı təlimatlandırılıb. Eyni zamanda ən təhlükəli bölgələrdən 30 nəfər həmvətənimiz Xarkov şəhərindən Ukrayna-Polşa sərhədinə evakuasiya edilib. Fəxri konsulluq Xarkov vilayət administrasiyasının operativ qəragahı ilə kommunikasiya kanalı formalaşdırılıb və vəziyyətdən asılı olaraq həmvətənlərin evakuasiyası prosesi davam etdiriləcək. Azərbaycan XİN Ukrayna ərazisindəki soydaşlarımızın quru yolla Bolqarıstana, oradan da Türkiyə ərazisinə keçə biləcəyini açıqlayıb. Amma necə? İnsanların çoxu bu martşrutlardan xəbərsizdir. Onlara kimsə yol göstərməli, rəhbərlik etməlidir.

    Təxliyə prosesinin daha da sürətlənməsi üçün hansı işlər aparılmalıdır? Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov “Şərq”ə açıqlamasında təxliyə prosesinin gedişatından danışdı:

    - Ukraynadakı soydaşlarımızın, həm də vətəndaşlarımızın, - bilirsiniz ki, Ukraynada həm müvəqqəti yaşayan, müxtəlif səbəblərlə bu ölkəyə səfər etmiş soydaşlarımız var, həm də Ukrayna vətəndaşı olan azərbaycanlılar – təhlükəsizliyinin təmini üçün onların qısa zamanda təxliyəsi vacibdir. Bu işin operativ həlli üçün ilk növbədə mütəşəkkillik lazımdır. Aidiyyəti qurumlar bir mərkəzdən idarə olunmalıdır, 24 saat fəaliyyət göstərən Operativ Qərargah yaradılmalıdır, koordinasiya təşkil edilməli, marşrutlar işlənib hazırlanmalı, insanlara informasiyanın çatdırılması təmin edilməlidir. Bütün bu işlər planlı şəkildə qurulmalıdır. Biz görürük ki, dövlət orqanları tərəfindən də fəaliyyət var, eyni zamanda fərdi təşəbbüslər də. Yerli diaspora nümayəndələri əllərindən gələni edirlər. XİN bildirir ki, çarter reysləri təşkil olunacaq. Amma çarter reyslərinə qədər gedib çıxmaq lazımdı. Çarter reysləri Rumıniyadan təşkil olunacaq. Hazırda sığınacaqlarda çətin vəziyyətdə qalan, təhlükə altında olan soydaşlarımızın əvvəlcə gərək Rumıniyaya gedib çıxsınlar ki, ordan da çarter reysi ilə Vətənə qayıtsınlar. Ən böyük çətinlik Ukrayna ərazisini tərk etməkdir. İkinci, üçüncü dövlətlərin ərazisinə keçmək üçün insanlar kilometrlərlə yol qət etməli olur. Hazırda Ukraynanı tərk edənlər Rumıniya, Moldova və Polşa istiqamətlərində hərəkət edir. Macarıstana da keçə bilərlər, amma əvvəlcə Rumıniyadan keçməlidirlər. Yəni bu çox üzücü, ağır bir prosesdir. Və təəssüf ki, soydaşlarımızın münaqişə zonasından təxliyəsi qənaətbəxş deyil. Yerli icmalar da bu prosesə hazır deyil. Soydaşlarımıza məlumat çatdırmaq və soydaşlarımız haqqında məlumat almaq çox çətindir. Bunun bir səbəbi də, ümumiyyətlə xarici ölkələrə səfər edən və xarici ölkələrdə yaşayan, işləyən soydaşlarımızın qeydiyyata düşməməsidir. Miqrasiya Məcəlləsinə dəyişiklik ediləndə 13 və 14-cü maddələrə belə bir əlavə edildi ki, xarici ölkələrdə yaşayanlar, işləyənlər konsulluq idarəsinə müraciət edib miqrasiya uçotuna dayanmalıdır, yəni qeydiyyata düşməlidirlər. Bu dəyişikliyə çoxları etiraz etdi ki, nəyə lazımdır?! İndi görürsünüz, deməli, lazım olurmuş. Əgər soydaşlarımız zamanında miqrasiya qeydiyyatına alınsaydılar, biz indi, ən azından Ukraynada nə qədər soydaşımızın olduğunu, onların kimliyi, hansı ünvanda məskunlaşdıqları barədə məlumatlara sahib olardıq və onların yerini müəyyənləşdirmək, əlaqə yaratmaq da asanlaşardı. Amma bu proses icra edilməyib deyə, nə konsulluq soydaşlarımız haqqında dəqiq məlumatlara malikdir, nə də soydaşlarımız konsulluğun ünvanını bilir. DMX malik olduğu resurslarla təxliyə prosesinə yardım göstərir. Resursları səfərbər etməyə bizim də gücümüz çatmır. Bunun üçün maddi, fiziki, insani resurslar lazımdır. Gücümüz yetdiyi qədər köməklik edirik. Çalışırıq, heç olmasa, informasiya baxımından yardım edək. Məlumatların çatdırılması, insanların yönləndirilməsi baxımından. Amma internet kəsintisi səbəbindən bəzən əlaqə yaratmaq da mümkün olmur. Kiyevdəki, Xarkovdakı soydaşlarımızla yaxın təmaslarımız var. Vətəndaşlara sığınacaqları tərk etməmək tövsiyə edilir. Çünki hazırda ən güvənli yer sığınacaqdır. Amma sığınacaqda da nə qədər qalmaq olar? Uşaqlar, yaşlı insanlar var. Uşaqların südlə, zəruri qida ilə təminatı çətinləşir.

    A.Allahverənov qeyd etdi ki, soydaşlarımız sığınacaqlardakı əhalinin qida, ərzaqla təmin edilməsi işinə qoşulublar:

    - Ağstafadan olan soydaşımızın çörək sexi var, gün ərzində çörək bişirib sığınacaqlara paylayırlar. Kimin nəyə gücü çatırsa, edir. Ümumilikdə hazırda Ukraynada təqribən 250 min azərbaycanlının olduğu deyilir. Bu, böyük rəqəmdir və bu qədər insanın təxliyəsini təşkil etmək də çox çətindir. Bizdə olan məlumata görə, 500 soydaşımız Moldovaya sığınıb. Ancaq Moldova ərazisi çox da güvənli deyil. Preddnestrovye münaqişəsi səbəbindən. Orda da Rusiya əsgərləri var. Ukraynanı tərk edənlər əsasən Rumıniya və Polşa ərazisini seçir, daha təhlükəsizdir deyə. Ümid edirik ki, yaxın saatlar ərzində daha çox soydaşlarımızın Ukraynadan çıxarılmasına nail olunar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR