AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BSU-da görkəmli alim Həsən Mirzəyevin 95 illiyinə həsr olunmuş tədbir keçirilib

  • + A
  • - A
  • 14-12-2022, 00:11

    BSU-da görkəmli alim Həsən Mirzəyevin 95 illiyinə həsr olunmuş tədbir keçirilib


    Dekabrın 13-də Bakı Slavyan Universitetində (BSU) Əməkdar elm xadimi, görkəmli dilçi alim, professor Həsən Mirzəyevin 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
    Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş bütün şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla bir dəqiqəlik sükutla yad edilib.
    Sonra professor Həsən Mirzəyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
    BSU-nun rektoru Anar Nağıyev tədbiri açaraq, tədbirdə görkəmli alimin ailə üzvlərinin də iştirakını vurğulayıb və onların BSU-da olmasından məmnunluğunu ifadə edib. Anar Nağıyev Azərbaycan filologiya elmində, dilçiliyində iz qoymuş görkəmli dilçi alim, professor Həsən Mirzəyevin öz geniş elmi və pedaqoji yaradıcılığı ilə bir məktəb yaratdığını deyib. Azərbaycanın ictimai-siyasi həyatında özünəməxsus yeri olan professor Həsən Mirzəyevin “91-lər” hərəkatının üzvü olaraq, Ulu Öndərin siyasətinin icrasında dayanmadan çalışdığını bildirib. Rektor onun uzun illər Milli Məclisin deputatı olaraq fəaliyyətinə diqqət çəkib. Görkəmli alimin geniş spektrli, hərtərəfli fəaliyyətinin fövqündə isə müəllimlik fəaliyyətinin durduğunu bildirib. Anar Nağıyev professor Həsən Mirzəyevin tələbələrinin bu gün də onun elmi irsini araşdırdıqlarını, görkəmli alimdən bəhrələndiklərini qeyd edib.
    ADPU-nun professoru İbrahim Bayramov “Dilçilik elmi professor Həsən Mirzəyevin yaradıcılığında” adlı məruzəsində Həsən Mirzəyevin elmi yaradıcılıq fəaliyyətindən danışıb. Onun elmi tədqiqatlarından, Azərbaycan dilçilik elminə verdiyi böyük xidmətlərdən söz açıb. O, Həsən Mirzəyevin öz araşdırmaları ilə həm də bir alim-ziyalı kimi milliliyə, azərbaycançılığa xidmət etdiyini deyib. Görkəmli alimin Azərbaycan dilçiliyində poetik anomastikanın ilk tədqiqatçısı olduğunu qeyd edib. Alimin ilk dəfə bu sahədə elmi əsərlər ortaya qoyduğunu deyən professor İ.Bayramov Həsən Mirzəyevin Qərbi Azərbaycandakı toponimlərin araşdırılmasında gənc təqdiqiqatçılara elmi məsləhətlər və istiqamət verdiyini qeyd edib. Dərələyəz mahalının 162 toponiminin elmi izahını verdiyini deyən professor İbrahim Bayramov onun mikrotoponimləri də araşdıraraq, topladığı bu faktların əsasında Qərbi Azərbaycanın, o cümlədən Dərələyəzin Azərbaycanın qədim torpaqları olmasını elmi dəlillərlə sübut etdiyini bildirib. İ.Bayramov Həsən Mirzəyevin dialektologiya istiqamətində əvəzsiz xidmətlərinə toxunub. O, alimin həm də leksikoloq kimi lüğətçilik elminə verdiyi töhfələrdən söz açıb. İ.Bayramov Həsən Mirzəyevin ictimai-siyasi xadim kimi fəaliyyətinə də nəzər salaraq, onun Ulu Öndər Heydər Əliyevin dühasının elmi ictimaiyyətə çatdırılmasındakı müstəsna rolunu qeyd edib.
    ADPU-nun professoru Mirvari İsmayılova “ Professor Həsən Mirzəyevin elmi və ictimai - siyasi baxışlarında Azərbaycançılıq konsepti” adlı məruzə ilə çıxış edərək Azərbaycan filologiya elmində professor Həsən Mirzəyevin öz dəst-xətti ilə tanınan, öz identikliyi ilə səciyyələnən alim olduğunu bildirib. Alimin elmi yaradıcılığında azərbaycançılıq ideyasının əsas yer tutduğunu deyib, apardığı araşdırmaların məhz azərbaycançılıq ideyasına xidmət etdiyini vurğulayıb. O, Həsən Mirzəyevin elmi-pedaqoji fəaliyyətindən danışaraq, görkəmli alimin “Azərbaycan dilində fel” monoqrafiyasına diqqət çəkib. M.İsmayılova Həsən Mirzəyevin həyatının qayəsini milliliyin tutduğunu, Azərbaycan elminin inkişafına həsr olunduğunu bildirib. O, Həsən Mirzəyevin əsərlərinin ensiklopedik məzmunundan söz açıb. Çətin siyasi mübarizə dönəmində ziyalı alimin fəaliyyətinə toxunan M.İsmayılova vurğulayıb ki, Dərələyəz mahalının dialekt və şivələrinin aşıq yaradıcılığı vasitəsilə toplanması Azərbaycan dilçilik elmi ilə yanaşı, həm də tariximiz üçün qiymətlidir, qədim tarixi torpaqlarımız olmuş ərazilərin, xüsusən Dərələyəz mahalının Azərbaycanın qədim torpağı olduğunu sübut edən elmi əsaslandırılmış tarixi mənbədir. M.İsmayılova görkəmli alimin hər zaman gənc tədqiqatçılara dəstəyini də qeyd edib.
    BSU-nun Müasir Azərbaycan dili kafedrasının müdiri, professor İkram Qasımov öz çıxışında professor Həsən Mirzəyevin Azərbaycan dilçilik elmində öz mövqeyi olan tədqiqatçı alim olduğunu bildirib, onun elmi araşdırmalarından söz açıb. Həsən Mirzəyevin elmi yaradıcılığının və tədqiqatlarının alimin öz xarakterik xüsusiyyətləri ilə eynilik təşkil etdiyini bildirib. O, Həsən Mirzəyevin çoxşaxəli bir şəxsiyyət olduğunu deyib. Azərbaycan dilçiliyində Həsən Mirzəyev yaradıcılığının geniş areala, həmçinin poetik yaradıcılığa sahib olduğunu deyib. İ.Qasımov müasir elmi tədqiqatlarda bu gün də dəyərli dilçi alimin əsərlərinə dəfələrlə istinad edildiyini, eyni zamanda, professor Həsən Mirzəyev irsinin gənc araşdırmaçıların tədqiqat obyekti olduğunu qeyd edib.
    BSU-nun Xarici dil müəllimliyi fakültəsinin dekanı, dosent Nailə Xəndan professor Həsən Mirzəyevin folklorşünas, dilçi alim kimi fəaliyyətinə toxunub. O, görkəmli alimin tədqiqatlarının Azərbaycanda folklorşünaslıq elminin inkişafında mühüm yer tutduğunu deyib. Həsən Mirzəyevin Dərələyəz mahalının folklorunu böyük sevgi və diqqətlə topladığını və nəşr etdirdiyini bildirib. O, aşıq sənətinin tədqiq olunmasında alimin əhəmiyyətli tədqiqat işləri apardığnı qeyd edib və bu sahədə onun nəşr etdirdiyi əsərlərə diqqət çəkib. N. Xəndan dəyərli alimin qədim tariximizi araşdıraraq və Qərbi Azərbaycandakı yer adlarını tədqiq edərək, türk toponimlərinin üzə çıxarılmasında xidmətlərini, araşdırmalarının əhəmiyyətini vurğulayıb.
    BSU-nun Filologiya fakültəsinin dekanı vəzifəsini icra edən, dosent Sədaqət Əsgərova professor Həsən Mirzəyevin tələbəsi olaraq öz müəllimi ilə fəxr etdiyini bildirib. O, Həsən Mirzəyevin müəllim müdrikliyindən, tələbkar müəllim olmasından danışıb, onun öz yetirmələrinə azərbaycançılıq məfkurəsini aşıladığını deyib. S.Əsgərova dəyərli müəllim-alimin öz tələbələrinə verdiyi öyüd-nəsihətlərini hər zaman hörmətlə xatırladığını qeyd edib, xatirələrini bölüşüb.
    Professor Həsən Mirzəyevin qardaşı Musa Mirzəyev tədbirin təşkilinə görə ailə üzvləri adından BSU rəhbərliyinə təşəkkür edib. Görkəmli alimin irsinin hər zaman tədqiq olunacağına əminlik ifadə edib.
    ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova Azərbaycan dilçilik elminin inkişafında xidmətləri olan dilçi alimlərin irsinin araşdırılmasının və öyrənilməsinin vacibliyindən söz açıb. Belə dəyərli alimlərdən, görkəmli ziyalılardan biri olan professor Həsən Mirzəyevin Azərbaycan dilçilik elminin müxtəlif sahələrində verdiyi töhfələrdən danışıb. Həsən Mirzəyevin çoxşaxəli yaradıcılığına diqqət çəkən professor Mahirə Hüseynova onun həm alim, həm də şəxsiyyət kimi yüksək mənəvi-insani xüsusiyyətlərini vurğulayıb, vətənpərvər insan , xalqına, millətinə, dövlətinə böyük sevgi ilə bağlı olan şəxsiyyət olduğunu deyib. Həsən Mirzəyevin dilçilik elmində çoxsaylı yetirmələrinin olduğunu bildirən Mahirə Hüseynova görkəmli alimlə bağlı xatirələrini bölüşüb, ona həsr etdiyi şeirlərini səsləndirib.
    Sonda görkəmli dilçi alim, professor Həsən Mirzəyevə həsr olunmuş videoçarx nümayiş olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR