AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bir az milli olmaq yetər - Jurnalistdən Diaspora Komitəsinə İRAD

  • + A
  • - A
  • 27-03-2023, 02:26

    Bir az milli olmaq yetər - Jurnalistdən Diaspora Komitəsinə İRAD

    Azadmedia.az xəbər verir ki, araşdırmaçı-jurnalist Aygün Muradxanlı Diaspor Komitəsini fəaliyyətsizliyi üçün qınayıb. Cənubi Azərbaycanlıların Brüsseldə Azərbaycan bayrağı ilə, Prezident İlham Əliyevin şəkilləri ilə keçirdikləri aksiyalara göstərilən ögey münasibətə diqqət çəkən Aygün Muradxanlı yazır:
    "Güney Azərbaycanın milli fəalları Bresseldə çox möhtəşəm bir aksiya keçirdilər. Təşkilatçılara, iştirakçılara çox böyük təşəkkür düşür - millətimizin iradəsini dünyanın ən önəmli siyasi paytaxtlarından birində göstərdilər. Azərbaycan Respublikasının bu aksiyaya münasibətini isə hələ də anlaya bilmirəm.

    Prezident İlham Əliyev Azərbaycanın güneyilə bağlı fikirlərini daha necə deməlidir ki, hökumət hərəkətə keçsin? Öncələrdə prezident hansısa toplantıda bir kəlmə deyirdi, söhbət düşdükcə 5-6 il o cümlə sitat gətirilirdi. Savaşdan bu yana İlham Əliyev Güneylə bağlı azı 20 dəfə danışıb - özü də çox net, çox açıq. Biz 50 milyonuq deyib, İrandakı qardaşlarımızın təhlükəsizliyinə biganə qalmayacağıq deyib, insan haqları, qətllər, həbslərlə bağlı birmənalı fikirlər səsləndirib. Bəs, niyə hökumət bütün bunları əlini qoynuna qoyub sadəcə seyr edir?

    Dünən Brüsseldə yüzlərlə qardaşımız leysanın altında qalmışdı. Nə qədər insan sadəcə imkanı olmadığından aksiyaya qartıla bilməmişdi. Azərbaycan Evləri niyə qapılarını açmadı? Bayraqlar, sloqanların yazılması, texniki vasitələr, bir çay süfrəsi… bu işə Diaspor Komitəsi əl ata bilməzdi? Güneyli qardaşlarımız 2 ay ”bizə 3 avtobus gərəkdir” dedilər, Fuad Muradov və 5 gün qabaq Novruzda dövlət hesabına doyunca atılıb-düşən, yumurda döyüşdürüb şəkərbura yeyən çoxsaylı diaspor rəhbərləri niyə eşitmədilər bunu? Pulları yoxdur?!!!

    Güneylilər bu haqda israrla susurlar. Neçə dəfə soruşmuşam, ”biz dövlətimizdən küsmərik”, “yəqin edərlər” deyib üzərindən keçirlər. Onlar demir, biz deyək, biz sorğulayq? Azərbaycan Respublikasının bayrağı, prezident İlham Əliyevin şəkilləri ilə Avropa Parlamentinin önündə aksiyaya çıxan soydaşlarımıza niyə gərəkli dəstək verilmir?

    Dövlətin gücü başqadır. Ən birinci, say çox olur. Bu, istənilən aksiya üçün ən vacib faktordur. İkincisi, saya görə təsir imkanları, məqsədə çatma faizi yüksəlir. Üçüncüsü, hər aksiya təşkilatlanmaq, diasporun qaynaşması üçün yeni fürsətlər yaradır. Bu qədər ciddi aksiyaya 1-2 mediada yar-yarımçıq, dəqiqə yarımlıq reportajla “dəstək vermək” nə deməkdir?

    Reportaj demişkən… 6 aydır Güney “Azadlıq, Ədalət, Milli Hökumət” hayqırır, rəsmi kanallar “aksiyada azadlıq, ədalət şüarları səsləndirdi” deyir. Nədir, qorxulu fikirdir? Milli hökumət Güneyin azadlıq mücadiləsinin ƏSAS TƏLƏBİDİR. Quzeydə kimlərsə hansı düşüncə, hansı ağılla “milli hökumət” ifadəsini görməzdən gəlir, şüar “redaktə edir”?

    Tehranın Azərbaycana diş qıcadığı, Güneydə repressiyaları gücləndirdiyi, Ermənistana hərbi-siyasi dəstək verdiyi, SEPAH-ın sərhədlərimizdə təxribatlar yaratdığı bir dönəmdə bu cür aksiyalara dəstək verməyin necə vacib olduğunu anlamaq üçün müstəsna zəkaya-filana ehtiyac yoxdur. Bir az milli olmaq yetər".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR