Azərbaycan Pediatrlar Assosiasiyası Beynəlxalq Pediatriya Assosiasiyası və dünya üzrə digər tərəfdaşlarla birgə “Ümumdünya İmmunlaşdırma Həftəsi”nə qoşulub
“Uşaqlar bizim gələcəyimizdir...”
Ulu Öndər H.Ə.Əliyev
Azərbaycan Pediatrlar Assosiasiyası (APA) 1930-cu ildə təsis olunub və Azərbaycan dövlət siyasətini rəhbər tutaraq, uşaq həkimlərinin peşakarlığını artırır, uşaqların sağlamlığını qoruyur.
Hər il olduğu kimi, bu il də aprel ayının son həftəsində dünyada və ölkəmizdə Ümumdünya İmmunlaşdırma Həftəsi keçirilib.
İmmunlaşdırma proqramı dövlət tərəfindən dəstəklənib və peyvəndlə qarşısı alına bilən xəstəliklərin azaldılmasına yönəlib.
Müstəqillik dövründə Ulu Öndər Heydər Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ölkəmizdə səhiyyənin inkişafı istiqamətində ardıcıl və məqsədyönlü işlərin görüldüyü tarixi ərəfədə Azərbaycan Pediatrlar Assosiasiyasının fəaliyyəti də yüksək səviyyədə dəstəklənib. Ümummilli liderin uzaqgörən, müdrük siyasətinin nəticəsi olaraq bu gün Azərbaycan Pediatrlar Assosiasiyası beynəlxalq səhiyyə təşkilatlarına inteqrasiya olunmuş ən köklü təşkilatlardandır və ölkəmizi beynəlxalq aləmdə ləyaqətlə təmsil edir.
Azərbaycan Pediatrlar Assosiasiyası hər il olduğu kimi 2023-cü ildə də Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxalq Pediatriya Assosiasiyası (IPA) və dünya üzrə digər tərəfdaşlarla birgə Ümumdünya İmmunlaşdırma Həftəsini qeyd edib.
Doğulan andan körpələr infeksiyalara üzləşir. Bu infeksiyaların əksəriyyəti olduqca təhlükəlidir. Məlumdur ki, məhz peyvənd uşaqları və böyükləri bir çox həyati təhlükəsi olan infeksiyalardan qorumağın əsas yoludur.
Müəyyən bir peyvəndin ardıcıllığına ciddi riayət etmək bir uşağın sağlamlığı timsalında əhalisinin sağlamlığının təminatıdır.
Bu məqsədlə Azərbaycan Respublikasının milli peyvənd təqvimi təhlükəsizlik, effektivlik və əlçatanlıq prinsplərini nəzərə alınmaqla tərtib edilib. Təqvim peyvəndlərin aparılmasının müddətini və ardıcıllığını təyin edir.
Odur ki, uşaqlarımızı qorumaq üçün valideynləri milli peyvənd təqviminə əməl etməyə çağırırıq!
Bu il Səhiyyə naziri Teymur Musayevin 24–29 aprel tarixlərində respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi” keçirilməsi ilə bağlı imzaladığı əmrə əsasən, ölkənin tibb idarə və müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlar və tövsiyələr verilib. “İmmunlaşdırma həftəsi”nin əsas məqsədlərindən biri də hər hansı səbəbdən müəyyən müddət ərzində immunizasiyadan kənarda qalan uşaqları peyvəndə cəlb etməkdir.
Ölkəmizdə “İmmunlaşdırma həftəsi” çərçivəsində mütəxəssislər tərəfindən rayon və şəhərlərdə səhiyyə işçiləri üçün treninqlər təşkil olunub, monitorinqlər keçirilib.
Azərbaycan Pediatrlar Assosiasiyasının Beynəlxalq Pediatriya Assosiasiyası ilə əməkdaşlığı uğurla davam edir
Ötən müddət ərzində hər iki təşkilat birgə layihələrdə iştirak edib, forum və konfranslarda təmsil olunub. Bundan əvvəl, Azərbaycan Pediatrlar Assosiasiyası Beynəlxalq Pediatriya Assosiasiyasının və Sabin Peyvənd İnstitutunun təşəbbüsü, Azərbaycan Səhiyyə Nazirliyinin dəstəyi ilə peyvənd prosesində iştirak edən tibb işçiləri üçün xüsusi beynəlxalq kurslar təşkil edib. Kursların əsas məqsədi tibb işçisi ilə xəstə arasında əlaqəni möhkəmləndirmək, eləcə də peyvəndin əhəmiyyəti barədə əhalinin məlumatlılığın artırılması olub.
İki il öncə Azərbaycan Pediatrlar Assosiasiyası Beynəlxalq Pediatriya Assosiasiyasının “Peyvəndə güvən” kurslarında iştirak edib. Beynəlxalq təşkilatlar APA-ya fəal və səmərəli əməkdaşlığa görə təşəkkür edib. Azərbaycan Pediatrlar Assosiasiyasının təmsilçiliyi ilə Azərbaycan Şərqi Avropa ölkələri arasında “Peyvəndə güvən” kurslarında iştirakçı sayına görə birinci yerə, kursu bitirən və qeydiyyatdan keçmiş dinləyicilərin maksimum sayına görə ümumi reytinqdə ikinci yerə layiq görülüb.
Azərbaycan Pediatrlar Assosiasiyasının prezidenti, ATU-nun dosenti Təranə Tağı-zadə bu il keçirilən “İmmunlaşdırma Həftəsi”nin əhəmiyyətinə toxunaraq, planlı immunlaşdırma çərçivəsində tətbiq edilən peyvəndlərin xəstəliklərin profilaktikasında olduqca vacib və effektli oduğunu vurğulayıb.
“Çox vaxt peyvəndlə bağlı aparılan işlər barədə vətəndaşlar məlumatsız olur. Fəaliyyət dövründə məlumatlar hər ay toplanılır, işlənilir və təhlil edilir. Yoluxucu agentin genotipinin müəyyən edilməsi, yəni genotipləmə aparılır. Beləliklə, yalnız təhlillər və ekspert qiymətləndirmələri əsasında nəticələr çıxarılır və tövsiyələr hazırlanır. Peyvənd üzrə yerli və xarici aparıcı mütəxəssislər “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı öz tövsiyələrini verirlər. Bu qərar dərindən işlənir və müəyyən ölçülər götürülür”, – Təranə Tağı-zadə bildirib.
Bu il də Azərbaycan Pediatrlar Assosiasiyasının üzvü olan həkimlər “İmmunlaşdırma həftəsi” çərçivəsində müəyyən qrup valideynlərlə görüşlər keçirib, onlara peyvədlə bağlı maarifləndirici broşurlar təqdim edilib. Eyni zamanda, onlayn platformalar üzərindən konsultasiyalar təşkil olunub, azyaşlı övladı olan valideynlərə vaksinasiyanın əhəmiyyətinə dair profesional məsləhətlər verilib.