Türkiyə Cümhuriyyətinin gələcək banisi valideynlərinin kirayə qaldığı bu evdə 1881-ci ildə doğuldu. Atası Əli Rza bəyin 1888-ci ildə vəfatından sonra daha kiçik evə köçməli oldular. 1909-cu ildə Salonikidə yerləşən hərbi qüvvələrə təyinat alan Mustafa Kamal doğulduğu evi satın aldı. Qısa müddət sonra özü İstanbula getdi, evdə anası Zibeydə xanım yaşadı. Şəhər Birinci Balkan savaşı zamanı yunanların əlinə keçdikdə Zibeydə xanım da İstanbula köçdü.
Lozanna müqaviləsinə əsasən ev Yunanıstanının mülkiyyətinə keçdi. Daha sonra buranı Türkiyədən köçən yunan qadın aldı.
Türkiyə Cümhuriyyətinin 10 illik yubileyi ərəfəsində Saloniki bələdiyyəsi evi satın alaraq Atatürkə bağışlamaq qərarına gəldi. Amma ev sahibi ilə razılaşma uzun çəkdi və yalnız 1937-ci ildə ev Salonikidəki Türkiyə Baş konsulluğuna təhvil verildi.
Türkiyə hökumətinin evi təmir etmək və muzeyə çevirmək istəyi İkinci dünya müharibəsinin başlanması və Yunanıstanın almanlar tərəfindən işğalı səbəbindən uzandı və 1950-ci ildə başa çatdı. 1953-cü ildən etibarən muzey kimi fəaliyyətə başladı.
1955-ci il sentyabrın 6-7-də İstanbulda baş verən yunan talanlarına qədər evin qarşısından keçən küçə Mustafa Kamal Atatürkün adını daşıyırdı. İndi isə Həvari Pavelin adınadır.
Muzeydəki mebellərin əksəriyyətinin orijinal olduğu deyilir. Burada Atatürkün və Zibeydə xanımın mum heykəlləri var. Muzeyin həyətində mövcud olan nar ağacının Əli Rza bəy tərəfindən əkildiyi iddia olunur.
Türkiyə Cümhuriyyətinin mülkü sayılan evi hər il 50 mindən çox adam ziyarət edir.
Atatürkün doğumunun 100-cü ildönümündə Ankarada bu evin kopyası tikildi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.