AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Avropa İttifaqı Lənkəranda bayram əhval-ruhiyyəsi yaratdı

  • + A
  • - A
  • 12-06-2023, 01:00

    Avropa İttifaqı Lənkəranda bayram əhval-ruhiyyəsi yaratdı

    Lənkəranda Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyi tərəfindən "Avropa şəhərciyi" adlı tədbir təşkil olunmuşdu. Tədbir iştirakçısı kimi deyə bilərəm ki, Lənkəranda əsl bayram ab-havası yaşandı. Xoş atmosferdən lənkəranlılarla yanaşı Aİ-yə daxil olan 12 ölkənin səfirləri və diplomatları da razı qalmışdı. Bunu onların üz ifadələrindən də görmək olurdu.
    Tədbirin açılışında Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxış edib, Lənkəranın belə bir tədbirə ev sahibliyi etməsindən məmnunluğunu bildirdi. Qeyd edim ki, Lənkəranda qaldığımız 2 gün müddətində bütün tədbirlərdə icra başçısı qonaqları müşayiət etdi.
    Sonra Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Peter Mixalko çıxış edərək qeyd etdi ki, Aİ və Azərbaycan arasında güclü tərəfdaşlıq əlaqələri qurulur. Lənkəran Aİ ilə əməkdaşlıq çərçivəsində müvafiq layihələrin reallaşdığı regionlardan biridir. “Lənkəran Azərbaycanın ilk bölgəsidir ki, Aİ-nin bölgə üçün yaradılmış spesifik layihəsinin icrasına başladıq, məqsəd bu şəhərin inkişafıdır. Layihə "Aİ Lənkəran üçün" adlanır. Bu gözəl şəhərin inkişafı naminə İqtisadiyyat və Kənd Təsərrüfatı nazirlikləri, regionda çalışan yerli orqanlarla, vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıq edirik”.
    İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov çıxışında qeyd edib ki, ölkədə müxtəlif sahələrdə inkişaf müşahidə olunur. Xarici siyasət kursunda prioritetlərdən biri beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıqdır ki, bu istiqamətdə də addımlar atılır. Bu müstəvidə Aİ ilə əməkdaşlığımız ölkənin xarici siyasətində əsas istiqamətlərdən biridir. Aİ Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir.
    Sonra tədbir bədii hissə ilə davam etdi, stendlərlə tanışlıq oldu. Lənkəranla yanaşı Lerikdən və Masallıdan da tədbirə qoşulanlar, məhsullarını təqdim edənlər vardı.
    Diqqətimi Lənləran peşə məktəbinin şagirdlərinin bir-birindən maraqlı hazırladıqları əl işləri çəkdi. Onların mətbəxdə əl qabiliyyətləri də cəlbedici idi. Şağlaserdən gətirilən çiyələklər dadı ilə seçilirdi. Fermerlər bildirdi ki, dövlətdən və Aİ-dən aldıqları maliyyə dəstəyilə soyuducuları da var, çiyələklərin yığıldığı plastik qabları da özləri istehsal edir. Avropa Şəhərciyi tədbirində bildim ki, Lənkəranda dadlı şokaladlar istehsal olunur. Qiymət kiloqram üçün 9-35 manat arasında idi.
    Bütün səfirliklərə çadırlar ayrılmışdı, onlar ölkələri haqda məlumat verir, maraqlı viktorinalar keçirir, qaliblərə maraqlı hədiyyələr təqdim edirdilər. Şəhərcik Aİ tərəfindən maliyyələşən, təlimlər keçirilən benifisarların orqanik məhsulları ilə zəngin idi. "Avropa şəhərciyi"ndə Lerikli dayı diqqətimi cəlb etdi. 86 yaşlı Əvəz dayı dağlardan yığdığı bitkiləri kiçik paketlərdə təqdim edirdi. Hər paket 4 dəfə dəm üçün nəzərdə tutulub. Əvəz dayı uzunömürlü olmasının səbəbini təmiz havada, qara çaydan imtinada və qanı duru saxlamaqda görür.
    Təəssüratlarım çoxdur, xoş əhvalla ayrılmışam Lənkərandan. Əminəm ki, Avropa İttifaqı gələcəkdə bütün regionlarda belə bayram əhval-ruhiyyəsi yaşadacaq, yaşıl enerjinin, aqro turizmin, orqanik məhsulların inkişaf etdirilməsi üçün dəstəyini əsirgəməyəcək. İnşallah!
    Elnurə Abuşova,
    Bakı-Lənkəran-Bakı























    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR