AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Cəmiyyətin şilləsi, yoxsa keçmiş keçmişdə qaldı, “yeni həyata xoş gəlmisiz”- Araşdırma

  • + A
  • - A
  • 9-11-2023, 21:28

    Cəmiyyətin şilləsi, yoxsa keçmiş keçmişdə qaldı, “yeni həyata xoş gəlmisiz”- Araşdırma

    Bu yaxında kiçik oğlumun ilkin hərbi xidmət bileti üçün sənədlər toplayırdıq. “Tərcümeyi hal” yazılanda bizə verilən nümunəni əsas tutduq. Nümunənin “ailədə və ailə yaxınlarında kimlərinsə məhkumluğu varmı” hissəsi diqqətimi çəkdi. Oğlumun reaksiyası belə oldu: “Tutaq ki, var yaxınım, mən qohumuma görə niyə utanmalıyam axı”. Bir də, kimsə həyatında hansı aqubətlə qarşılaşacağına, harada olacağına təminat verə bilməz axı. Bu başdan nəyin cəzası kəsilir?


    Bəli, işə götürmə elanlarında da həmin məhkumluğun olub olunmaması sorğulanır. Halbuki əmək qanunvericiliyinə görə , məhkumların işə götürülməsində(istisna hallar var) hər hansı məhdudiyyət yoxdur. Açığı bu meyar insan haqları barədə düşünən bir insan üçün absurd gəlir.

    Maraqlısı odur ki, cəmiyyətdə həbsxanadan yolu düşən insanlara münasibətdə də uçurum var. Biz həssas qrup sayılan azadlığa çıxmış insanlara qarşı çox halda qəddar yanaşırıq və bunun fərqində deyilik. Məhkumlarla işləyən təcrübəli klinik psixiloq Təhmasib Cavadzadə söhbətimiz əsnasında deyib ki, insanlara qarşı öngörü və yersiz ehtiyat çox halda həmin insanların psixoloji vəziyyətinə ciddi təsir göstərir: “Həbsxanaya düşən insan hansı səbəbdən olursa olsun, o artıq cəzasını çəkib, azadlığa çıxdıqdan sonra ona qarşı yenidən ittiham, damğalama nəyə gərəkdir? Belə insanların çoxu azadlıqda olanda onsuzda, bir müddət məhkumlaq həyatının aurasından çıxa bilmirlər, bunun üçün xeyli adaptasiya prosesi tələb olunur. Bu prosesdə onlara dəstək, olanları unudub yenidən başlaması üçün şans verilməlidir. Cəzaçəkmə müəssisələrində doğru islah proqramları keçirilsə, azadlığa çıxan insanın çətinliyi azalar.”
    Psixoloqun vurğuladığı kimi, məhkumluq həyatı insanın ən çətin mərhələsidir, bitdikdən sonra yeni həyatında şəxsə ikinci sort insan kimi baxmaq haqsızlıqdır. Bu stiqmaya, cəmiyyətin şilləsinə soy qoymağa hazırıqmı?

    Qanun azadlığa çıxmışların işlə, tibbi və sosial yardımla təminatını diktə edir

    Mövzunun ciddi və həssas olduğunu vurğulayan hüquqşünas Əlövşət Allahverdiyev bildirib ki, azadlığa çıxmış şəxslər də cəmiyyətin bir üzvüdür, müxtəlif motivlər üzrə, bəzən günahsız cəzaya məhkum olanlar, təqsiri olub islah olunanlar da var: “ Əsas məsələ onların azadlığa çıxdıqdan sonrakı taleləridir. Belə insanlar çox halda işlə təmin oluna bilmirlər, hər kəs onlardan kənar gəzir və s. Bu isə onların reabilitasiyasına ciddi əngəl törədir və bəlkə də, yeni cinayətin törədilməsinə səbəb olur. Hətta, çox zaman onların bir çoxlarının psixi durumları da normal olmur, mütləqdir ki, onlar müalicə müəssisələrinə yerləşdirilsinlər. Amerikalı keçmiş həbsxana psixoloqu, Tomas Faqan öz xatirələrində deyirdi ki, həbsxanalar həqiqətən bir çox cəhətdən faktiki psixi sağlamlıq xəstəxanalarına çevrilib, ancaq buralar ruhi xəstələrlə məşğul olmaq üçün yox, cinayətkarlarla məşğul olmaq üçün tikiliblər. Təəssüf ki, bu acı reallıqdır. Azərbaycanda reabilitasiyaya dəstək qanunu olsa da, cəmiyyət buna hazır olmalı və həmin şəxslərə təkan verməlidirlər."Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" qanuna görə, bu tədbirlər görülməlidir: azadlığa çıxmış şəxsləri qeydiyyata almaq, onlarla hazırlıq işlərini aparmaq; sosial adaptasiya mərkəzləri yaratmaq; daimi yaşayış sahəsi olmayan şəxsləri bu qanunla müəyyən olunmuş müddətdə müvəqqəti yaşayış yeri ilə təmin etmək; cəza çəkməkdən azad edilmiş şəxslərin peşə hazırlığı işinin təşkili, onların işlə, tibbi və sosial yardımla təmin edilməsi sahəsində müvafıq tədbirləri həyata keçirmək; təhsil almalarına şərait yaratmaq; şəxsiyyətini təsdiq edən və digər lazımi sənədlərlə təmin etmək; belə şəxslərə birdəfəlik pul müavinəti vermək;cəza çəkməkdən azad edilmiş şəxslərə hüquqi, psixoloji və informasiya yardımı göstərmək.

    Müvafiq icra hakimiyyəti orqanı penitensiar müəssisələrin müdiriyyəti ilə birlikdə ayda bir dəfədən az olmayaraq sosial adaptasiyaya ehtiyacı olan cəza çəkməkdən azad ediləcək şəxsləri müəyyən edir və bu şəxsləri onların razılığı ilə qeydiyyata götürür, sosial adaptasiya tədbirlərinin məzmunu və həyata keçirilməsi qaydası izah olunur. Nəhayət, belə şəxslər, əgər qanunvericiliklə müəyyən edilmiş qaydada əvvəlki yaşayış sahəsinə hüquqlarını itirməmişlərsə, müraciət etdikləri vaxtdan üç gün ərzində müvafiq icra hakimiyyəti orqanı tərəfındən həmin yaşayış yeri üzrə qeydiyyata alınırlar. Həmin şəxsin oraya qayıtmasına ailə üzvlərinin razılığı tələb olunmur. Yaşayış sahəsində qanunvericiliklə müəyyən olunmuş qaydada himayəyə verilmiş yetkinlik yaşına çatmayanların yaşadıqları hallarda cəza çəkməkdən azad edilmiş şəxs (mənzilin mülkiyyətçisi olduğu hallar istisna olmaqla) qəyyumluq və himayə orqanının razılığı ilə həmin yaşayış sahəsinə yerləşə bilər”, hüquqşünas bildirib.

    Sözsüz, penitensiar müəssisələrdən azadlığa çıxmış insanın həyatının sonrakı mərhələsinin yararlı olması onun özündən asılıdır. Həyatına sıfırdan başlayan belə insanlar müvafiq qanunvericiliyə görə dəstək görür. Bəs bu dəstək yetərlidirmi?
    2008-ci ildə Nazirlər Kabineti müvafiq qanuna uyğun olaraq “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiya mərkəzlərinin yaradılması haqqında Əsasnamə”ni təsdiq edib.

    Mövzu ilə bağlı sorğuma cavab verən Ədliyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Rasim Həsənovun sözlərinə görə, azadlıqdan məhrum edilmiş şəxslərin sosial adaptasiyası hələ onlar cəzasını bitirməmiş başlayır:“ Belə ki, xüsusiylə, cəmiyyətin həssas qrupu olan yetkinlik yaşına çatmayan və qadın məhkumların sosial reabilitasiyası, islah prosesinin və asudə vaxtının səmərəli təşkili ilə bağlı məhkumlar arasında mütəmadi sorğular keçilir, onların istəkləri də nəzərə alınır. Onların sosial adaptasiyası məqsədilə təşkil olunan tədbirlər bir neçə istiqamətdə və müvafiq qurumlarla birgə aparılır.
    Hüquqi və psixoloji yardımın göstərilməsi, peşə kurslarının, təlim-tədrisin təşkili (18 №-li Bakı Peşə Məktəbi fəaliyyət göstərir) vacib fəaliyyət formalarıdır.
    Məhkumların səmərəli islahı – bu məqsədlə penitensiar müəssisələrdə istehsalat müəssisələri, toxuculuq, xalçaçılıq, biçmə, tikiş və şirniyyat sexləri yaradılaraq məhkumlar faydalı əməyə cəlb olunurlar. Vətəndaş cəmiyyəti institutları ilə birgə məhkumların istehsal etdikləri məhsullardan və əl işlərindən ibarət sərgilər keçirilir, həmin məhsulların satışı məqsədilə “Həbsxana incəsənəti” adlı onlayn mağaza yaradılaraq fəaliyyət göstərir. Nümunəvi davranışı ilə seçilən yetkinlik yaşına çatmayan məhkumların penitensiar xidmət əməkdaşlarının müşayiəti ilə müəssisənin hüdudlarından kənarda mədəni-kütləvi tədbirlərdə iştirakı təmin olunur. Bütün bu tədbirlər azadlığa buraxıldıqdan sonra həmin şəxslərin yiyələndikləri peşələr hesabına məşğulluğuna və işlə təminatına imkan yaradır”, R. Həsənov bildirib.
    Nəzərə çatdırım ki, nazırlik son iki ildə azadlığa çıxmış insanların statistikasına dair sorğuya cavab verməyib, belə məlumat ictimaiyyətə açıq deyilmiş. Halbuki mövzu üzrə bu göstəricilər olsaydı, nə qədər insanın azadlıqda normal həyata davam etdiyini təxmin etmək olardı.
    Müstəqil ekspert, hüquqşünas Sübhan Həsənlinin sözlərinə görə, keçmiş məhkumların sosial adaptasiya prosesi azadlığa çıxdıqdan sonra da davam etməlidir: “Təəssüf ki, bu dəstək “keçmiş məhkum”luk həyatında “qırılır”. Azadlığa çıxmış insanların sayını Ombudsman Aparatından əldə etmək imkanım olub, 2022-2023-cü il ( yarımil) cəzaçəkmə müəsissələrindən 12.000 şəxs azadlığa buraxılıb, onlardan yalnız 1050 nəfər kişi, 50 qadın sosial adaptasiya, reablitasiya prosesinə cəlb olunub, bu da əlbəttə ki, çox az göstəricidir”.

    Özünü məşğul edən şəxslərə dəstək verilir

    Qeyd edim ki, Azadlığa çıxmış şəxslərin sosial reablitasiya Mərkəzi Sosial Xidmətlər Agentliyinin tabeliyindəndir. Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Murad Həşimovdan aldığım məlumata görə, ƏƏSMN tərəfindən azadlığa çıxan şəxslər sosial reabilitasiya və adaptasiya yönümlü xidmətlərlə əhatə olunurlar. Onlara ilkin sosial-psixoloji, tibbi yardım göstərilir. “Onlar da işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar kimi müəssisələrdə ayrılmış kvota üzrə iş yerləri ilə təmin edilirlər. Belə şəxslərin özünüməşğulluq proqramında iştirakına da şərait yaradılır. Bu vaxta qədər verilmiş aktivlər hesabına kiçik ailə təsərrüfatlarını yaradanlar olub. Sosial Adaptasiya Mərkəzinə gəlincə, yaşayış sahəsi olmayan şəxslərin sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması, şəxslər tərəfindən törədilə biləcək yeni cinayətlərin qarşısının alınması üçün onlara hüquqi, sosial-psixoloji, tibbi-sosial, sosial-məsləhət yardımı və sosial-məişət xidmətləri göstərilir, müvafiq yaşayış sahəsi və münasib yaşayış şəraiti ilə təmin edilirlər.”

    Birdəfəlik müavinət verilir, amma hər kəsə yox

    DOST Mərkəzindən bildirilib ki, cəza çəkmədən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə birdəfəlik müavinət verilir. Belə ki, “Sosial müavinətlər haqqında” Qanun, NK –nin sosial müavinətlərlə bağlı 2015-ci il 21 sentyabr tarixli qərarı, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” qanun əsas tutularaq, azalığa çıxmış insanlara üç ay müddətində qanunvericilikdə müəyyən edilmiş əsaslarla birdəfəlik müavinət verilir. Müavinətin məbləği minimum aylıq əməkhaqqının dörd misli məbləği qədər, 1380 manat təşkil edir. Müavinətlə bağlı müraciətə 10 gün müddətində baxılır. Müavinətin təyinatından imtina edilərsə, 5 gün müddətində imtinanın səbəbləri göstərilməklə, müraciət edən şəxsə rəsmi məlumat verilir. Müraciət edən şəxsin bu qərardan inzibati qaydada məhkəməyə şikayət etmək hüququ var.

    Sosial adaptasiyada vətəndaş cəmiyyətlərinin rolu böyükdür

    Beynəlxalq təcrübəyə görə, vətəndaş cəmiyyətləri dövlət proqramlarının icrasında, xüsusilə həssas qruplarla işdə aktivlik göstərirlər. Azərbaycanda da qismən də olsa, bu fəaliyyət var.
    ***
    Azadlıqda uğur hekayəsini yazmış Z.E. adlı şəxs “Uluçay” təşkilatının layihəsi çərçivəsində biznes təlimlərində iştirak edib və məhbus həyatı yaşadıqdan sonra qohum və dostlarının dəstəyi ilə balıqçılıq ferması açsa da, biznesinin inkişafı üçün əlavə dəstəyə ehtiyacı olub. Müsahibim deyib ki, layihə çərçivəsində, ehtiyac duyduğu bütün resurslarla təmin edildiyini və biznesini ayaqda saxlamağa və inkişaf etdirməyə nail olub. “Ümidlərimi itirdiyin vaxtda birinin sənə qapı açıb, əlindən tutması kimi sevinci heç nə əvəz edə bilməz, kaş ki, hər kəs bu imkan və şansdan yararlana bilə.”
    ***
    “Uluçay” Sosial –iqtisadi İnnovasiyalar Mərkəzinin rəhbəri İlyas Səfərlinin sözlərinə görə, Avropa İttifaqı və Avropa Şurasının birgə maliyyəsi ilə iki il əvvəl Şəki, Zaqatala, Qax və Balakən rayonlarında layihələr həyata keçirilib.
    “Layihənin biri keçmiş məhbuslara özünəməşğulluq vasitəsi ilə onların işsizlik problemlərini həll etməklə bağlı olub. Digər layihə isə həmin bölgədə yaşayan bu qrup insana hüquqi yardım göstərmək və hüquqi maarifləndirmə işlərini aparıb. Yeddi ay ərzində layihə çərçivəsində 175 şəxs biznes təlimlərə cəlb olunub, 10 nəfərinə biznesini yaratmaq üçün texniki dəstək göstərilib, 319 şəxs hüquqi yardım göstərilib və 167 şəxs hüquqi maarifləndirmə sessiyalarında iştirak edib. Təəssüf ki, davamlılıq cəhətdən hələ ki, bu sahədə layihələr və imkanlar mövcud deyil, ancaq təşkilatı olaraq bu həssas qruplarla işlərimizi daima nəzərdə saxlayır və imkan yaranan kimi, onların problemlərinin həllinə yönəlik yeni layihələr dizayn və icra etməyə çalışırıq. Bu kimi dəstək çox vacibdir, çünki iş və gəlirlə bağlı problem yaşadıqları təqdirdə, onlar təkrar cinayətə əl atır və yenidən məhbus həyatı yaşamağa məcbur olurlar”, təşkilat rəhbəri vurğulayıb.

    Ucqar kənddəki insan belə dərmanını alır

    Azərbaycanda azadlığa çıxmış insanlara dəstək proqramları içərisində “ Sağlamlıga Xidmət”İB də rol oynayır. Təşkilatın layihə koordinatoru Samirə Məmmədova məlumat verərkən bildirib ki, 2011-ci ildən etibarən təşkilat cəzaçəkmə müəsiəssələrindən azadlığa çıxmış vərəmli məhkumların müalicəsini həyata keçirir. “Bu günə qədər 915 şəxs layihədən bəhrələnib. Dərmana davamlı belə vərəm xəstələrinin effektiv müalicəsinə görə, Dünya Səhiyyə Təşkilatının ən yüksək göstərisi, 90%-dən yuxarı səviyyədə olan nəticəni əldə etmişik .” Həkimin sözlərinə görə, keçmiş məhkumlarla, hələ belə xəstəliklə mübarizə aparan insanlarla işləmək xüsusi həssaslıq tələb edir: “Penitensiar xidmətlə işləmək təcrübəmiz var, bu səbəbdən xəstələrin müəyyən edilməsi çətin deyil. Hər ay müalicə sxeminə uyğun olaraq keçmiş məhbusların müayinə sınaqları, rentjen və başqa tibbi xitmətləri nəzarətdə saxlanılır. Ölkə üzrə ən ucqar kənddə olan xəstənin aylıq dərmanı çatdırılır, həmçinin onların vəziyyəti xüsusi komissiyada qiymətləndirilir. Dərmanların əks təsirinin qarşısı alaınmaq üçün 30-40 xəstəyə dərmanlar verilir. Bu vaxta qədər 70 xəstəyə əlillik müavinətinin alınması, hüququ yardım , sənədlərin alınması, sığınacaqda yerləşdirilməsinə, mənzillə, işlə, əşyalarla təminatına dəstək göstərilib. Monitorinqlərimiz mütamadi aparılır, Qlobal Fondun həssas qrup üzvlərinə ərzaq yardımı 2016-cı ildən dayansa da, biz 80 xəstəmizə yardımı davam etdiririk.”

    Qanun olsa da, icrasında əngəllər var

    “Vətəndaş Cəmiyyəti Uğrunda” Mərkəzin direktoru Rafik İsmayılov da müsahibəsi zamanı bir çox məqama toxunub: “On ildən artıqdır ki, bütün cəzaçəkmə müəssisələrində məhkumlara prixoloji və sosial dəstək göstəririk. Əsas hədəf qrupumuz narkotik istifadəçiləri, yoluxucu xəstəliklərik daşıyıcıları (HIV/AIDS, vərəm, hepatit və s.), seksual azlıqlar, qadın və uşaqlardır. Eyni zamanda məhkumların azadlığa çıxmaq ərəfəsində olan dövr ərzində mülki həyata reinteqrasiya prosesinə dəstəyin verilməsi üçün məlumatlandırıcı tədbirlər görülür. Bu vaxta qədər yüzlərlə keçmiş məhkumu kompleks sosial adaptasiya proqramına cəlb etmişik., Sığınacaqda yaşayış yeri ilə təmin etdiklərimiz olub.”

    Mərkəz rəhbəri fəaliyyətləri zamanı rastlaşdıqları əngəlləri də dilə gətirib: “ Uğursuzluğumuz məşğulluq orqanlarının öz öhdəliklərini çox aşağı səviyyədə yerinə yetirdikləri səbəbindən yaranıb. Keçmiş məhkumun işlə təmin olunmaması onu təkrar cinayətə sövq edən başlıca amildir. Məşğulluq haqqında AR Qanunun tələbinə görə, işsiz şəxslərin məşğulluğunun təmin olunması və özünüməşğulluğunun təşkili zamanı cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslərə üstünlük verilir. Qanunda belə şəxslərin işlə təmin olunması ayrıca bir öhdəlik kimi qoyulub, onlar bu hüquqlarından demək olar ki, faydalana bilmirlər. Qanunvericilikdə boşluq yox, icrasında problemlər var. Məhkumluğu olan şəxslərə qarşı, eləcə də başqa həssas qruplara qarşı stiqmatizasiya, ayrıseçkiliyə gəlincə, bu bütün dünyada belədir. Həlli yolu cəmiyyət səviyyəsində uzunmüddətli təbliğat işlərinin davam etdirilməsidir. Sosial dəstək və reabilitasiya prosesi müəssisələrin özündən başlanılmalıdır. Eyni zamanda onlar üçün adekvat reabilitasiya müddəti qura bilsək onların adaptasiyası uğurlu olacaqdır. Stiqamatizasiyanın olması adaptasiya prosesindən yaranır. Uğurlu adaptasiya keçmiş məhkumun psixo-sosial və hüquqi problemlərinin həllinə nail olunur. Nəticədə resividiliyin olmaması və cəmiyyət üçün faydalı şəxs olması onlara qarşı olan ayrıseçkiliyi azaldır. Regional səviyyədə sosial adaptasiya mərkəzlərinin fəaliyyəti mütləqdir. Vətəndaş cəmiyyəti və dövlət qurumlarının birgə fəaliyyəti isə cəmiyyətin bu sahədə olan problemlərini aradan qaldıra bilər”, R. İsmayılov vurğulayıb.

    P.S. Fikrimcə, Dilçilik İnstitutu həssas qrup haqqında “keçmiş məhkum”, “azadlığa çıxmış” kimi ifadələrə yeni uğurlu kəlmə düşünməlidir. Çünki bu ifadələr şəxsin keçmişini xatırladır, stiqma yaradır. Ümidliyik.

    Raminə Eyvazqızı,
    “Bu yazı Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən həyata keçirilən “Azərbaycanda Həssas Qrupların Hüquqlarının Müdafiəsi” layihəsi çərçivəsində İctimai Maraqlar Naminə Vətəndaş Təşəbbüsü İctimai Birliyinin icra etdiyi “Həssas insanların sosial təminat hüquqlarının təşviqi və səmərəli müdafiəsi üçün yerli bacarıqların artırılması” qrant layihəsi üzrə keçirilən müsabiqəyə təqdim olunur. Materiallarda istifadə edilən məzmun heç bir halda Avropa İttifaqı və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının mövqeyini əks etdirmir”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR