AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qadınların sosial müdafiəsi ölkə üçün prioritetdir

  • + A
  • - A
  • 5-12-2023, 10:03

    Qadınların sosial müdafiəsi ölkə üçün prioritetdir

    Azərbaycan gender bərabərliyinin təmin edilməsi ilə bağlı fəal dövlət siyasətinə malikdir. Ötən dövrdə Azərbaycan BMT-nin “İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt”ına, “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyasına, Beynəlxalq Əmək Təşkilatının “Bərabər dəyərli əməyə görə kişilərə və qadınlara bərabər haqq verilməsi haqqında”, “Əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında”, “Analığın mühafizəsi haqqında”, “Kişi və qadın işçilər – ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında” və s. kimi müvafiq Konvensiyalarını ratifikasiya edib. Bu gün ölkə qanunvericiliyində gender bərabərliyi ilə bağlı mütərəqqi beynəlxalq yanaşmalardan irəli gələn müddəalar əksini tapıb.

    Azərbaycanda əmək və məşğulluq sahəsində qadın və kişilər arasında ayrı-seçkiliyə yol verilməsi qanunla qadağan edilib. Ayrı-seçkiliyə yol verən işəgötürən qanunla məsuliyyət daşıyır. Ölkəmizdə həyata keçirilən dövlət məşğulluq siyasətinin prioritetlərindən biri də qadınların əmək bazarında iştirak və məşğulluq imkanlarının artırılmasıdır.


    Bu istiqamətdə işlərin davamı olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 2023-cü ilin 10 ayında 36 852 qadın münasib işlə təmin olunub.

    Özünüməşğulluq proqramı işsiz qadınların da kiçik sahibkarlığa çıxışına dəstək verilməsində mühüm önəm kəsb edir. Son beş ildə özünüməşğulluq proqramına cəlb olunanların illik sayı 14 dəfə artırılaraq 16 mini ötüb. Həmin dövrdə 73 mindən çox şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb. O cümlədən proqrama 20 mindən çox qadın cəlb edilib. 2023-cü ilin 10 ayında da 4421 qadın özünüməşğulluq proqramına cəlb edilib. Onlar üçün proqram çərçivəsində mal və materiallar formasında aktivlər verilməklə kiçik biznes sahələri yaradılıb.

    Bir sıra qurumlarla əməkdaşlıqda son illər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən “Özünüməşğulluğa dəstək” layihəsi üzrə Şamaxıda uşaqlarını tək böyüdən və çoxuşaqlı analardan ibarət bir qrup qadına dərzilik fəaliyyəti ilə məşğul olmaq ucun avadanlıqlar da verilərək sosial müəssisə yaradılıb.

    Ümumilikdə son illər sosial tərəfdaşlarla birgə qadınların əmək bazarına, kiçik biznesə çıxışının dəstəklənməsi üçün digər bir sıra layihələr də icra olunub. Eyni zamanda, Nazirlik və BMT-nin İnkişaf Proqramının birgə layihəsi üzrə əlilliyi olan qadınların da daxil olduğu şəxslər üçün kiçik bizneslər qurulur.

    Son illər Nazirliyin BMT-nin Əhali Fondu və BMT-nin İnkişaf Proqramı ilə birgə layihəsi çərçivəsində bir sıra bölgələrdə əlilliyi olan qadınların məşğulluq imkanlarının artırılmasına dəstək göstərilib. Eləcə də Dövlət Məşğulluq Agentliyi ilə Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) birgə layihəsi üzrə 16 bölgədə 50-dək qadına icma əsaslı məktəbəqədər təhsil xidmətləri üzrə kiçik biznesə başlamaları üçün avadanlıqlar verilib.

    Habelə əmək qanunvericiliyində hamilə və ya 3 yaşına çatmamış, yaxud əlilliyi olan uşağı olan qadınlarla bağlı bir sıra güzəştlər və əlavə təminatlar müəyyən olunub.

    Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən tənha ahıl və əlilliyi olan qadınlar isə evlərində (səyyar) sosial xidmətlə təmin edilir. Onlara onlara ev təsərrüfatında təmizlik işlərinin aparılması, əsas tələbat mallarının alınması və s. işlərdə köməklik göstərilir. Agentliyin sosial xidmət müəssisəsində 2021-ci ilin 1 avqust tarixində Məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiyası şöbəsi fəaliyyətə başlayıb. Şöbədə müasir şərait yaradılıb və ötən dövrdə burada 200-ə yaxın şəxsə xidmət göstərilib. Şöbəyə qəbul olunan şəxslərin sosial reabilitasiyası, sosial statuslarının bərpası istiqamətində fərdi iş planı üzrə işlər aparılır. Onların ilkin tibbi müayinəsi, psixoloji-emosional vəziyyətinin qiymətləndirilməsi, ilkin tibbi yardımla təmin edilmələri, hüquqlarının müdafiəsi və s. üçün də tədbirlər görülür.

    Ölkəmizdə sosial təminat sisteminin əhatə etdiyi şəxslər sırasında da qadınlar mühüm yer tutur. Hazırda rəsmi statistik məlumatlara əsasən ölkə üzrə əmək pensiyası alan qadınların ümumi sayı 630 minədək, aylıq sosial müavinət alan qadınların sayı 220 mindən artıq, Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alan qadınların sayı isə 125 minədək təşkil edir.

    Nazirlik tərəfindən Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmək bazarı üzrə işçi qrupunun “2023-cü il üzrə Fəaliyyət Planı”nın icrası çərçivəsində son vaxtlar bölgələrdə əmək münasibətlərində gender bərabərliyinə dair maarifləndirmə tədbirlərinə başlanıb. Tədbirlərdə ölkəmizdə əmək münasibətlərində gender bərabərliyinin təmin edilməsi, qadınların məşğulluq imkanlarının artırılması üçün aparılan işlər, bu məqsədlə qanunvericilikdə edilmiş son dəyişikliklər barədə məlumatlar verilir, bu dəyişikliklərin əhəmiyyəti vurğulanır. Qadınların əmək hüquqlarından bəhs olunur, qadın əməyinin tətbiqi ilə bağlı iştirakçılara maarifləndirici slaydlar nümayiş etdirilir.
    Qeyd: Məqalə Əmək və Əhalinin Sosial Müdafiəsinə verilən sorğu əsasında rəsmi cavablara istinadla hazırlanıb
    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR