Gözümüzü demək olar ki hər səhər qonşunun təpik və həyat yoldaşı Solmazın (ad şərtidir) qarğış səslərinə açırıq, zəngli saata ehtiyac qalmır. Dəfələrlə Solmazla söhbət etməyə çalışmışam, kirayədə əri və 2 övladı ilə yaşayan, heç yerdə işləməyən Solmaz xanıma hüquqlarını başa salıb, öz zəhməti ilə yaşaya, işdə fikrini dağıda, ailəyə maddi dəstək verə biləcəyini başa salmaq istəsəm də qadın hər dəfə Azərbaycanda 40 yaşından sonra qadınların iş tapa bilmədiyini, döyülən, ərindən şikayət edən qadınların polis şöbələrinə etdiyi şikayətlərin nəticəsiz qaldığını, ara yerdə qadının adının beddam olduğunu, belə yaşayışa dözməkdən başqa çarəsinin olmadığını söyləyir, onu da vurğulayır ki, uşaqlar indidən atalarına nifrət edir.
Doğrudanmı Azərbaycanda yaşı 40-ı keçən evdar qadınlar heç bir işlə məşğul ola bilmirlər və ailə münaqişələri zamanı polis orqanları tərəfindən müdafiələri təşkil edilmir? Statistika nə deyir?2022-ci ildə DİN-ə vətəndaşlar tərəfindən məişət zorakılığı ilə bağlı 9 864 şikayət daxil olub. Bu şikayətlərin 1175 ilə bağlı cinayət işi başlanılıb (başlanılan cinayət işlərinin neçəsinə xitam verilib və median məhkumluq nə qədər olub bu da ciddi sualdır). Məhkəmə araşdırmalarıma görə, İnzibati Xətalar Məcəlləsinin 158-ci maddəsi, yəni məişət zorakılığı haqqında qanunvericiliyin pozulması ilə bağlı cəmisi 2 ədəd inzibati protokol tərtib edilib və məhkəməyə göndərilib. Bu 2 ədəddən birində qadın yenidən müraciət edib və barışıb. Bununla da işə xitam verilib necə deyərlər, psixoloji zorakılıq. Digərində isə, kişiyə 300 azn cərimə tətbiq edilib (psixoloji zorakılığa görə). Təxminən 8689 şikayətin aqibəti necə olub, bilinmir.
Qadınların sosial müdafiəsi necə təşkil edilib?Azərbaycanda minumum pensiya 280 manatdır. 2023-cü ilin iyulundan qadınlar üçün pensiya yaşı 63 il 6 aydır. Azərbaycan hökumətinin qadınların siyasi, iqtisadi və sosial vəziyyətlərinin yaxşılaşdırılması öhdəlikləri var. Bu öhdəliklər Azərbaycanın da 1995-ci ildə qəbul etdiyi “Pekin bəyannaməsi və Fəaliyyət Platforması”nın şərtləridir. 1998-ci ildə qadınlara diqqətin daha da artırılması məqsədilə Azərbaycanda Ailə, Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb.
Azərbaycan gender bərabərliyinin təmin edilməsi ilə bağlı fəal dövlət siyasətinə malikdir. Ötən dövrdə Azərbaycan BMT-nin “İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt”ına, “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyasına, Beynəlxalq Əmək Təşkilatının “Bərabər dəyərli əməyə görə kişilərə və qadınlara bərabər haqq verilməsi haqqında”, “Əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında”, “Analığın mühafizəsi haqqında”, “Kişi və qadın işçilər – ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında” və s. kimi müvafiq Konvensiyalarını ratifikasiya edib. Bu gün ölkə qanunvericiliyində gender bərabərliyi ilə bağlı mütərəqqi beynəlxalq yanaşmalardan irəli gələn müddəalar əksini tapıb.
Azərbaycanda əmək və məşğulluq sahəsində qadın və kişilər arasında ayrı-seçkiliyə yol verilməsi qanunla qadağan edilib. Ayrı-seçkiliyə yol verən işəgötürən qanunla məsuliyyət daşıyır. Ölkəmizdə həyata keçirilən dövlət məşğulluq siyasətinin prioritetlərindən biri də qadınların əmək bazarında iştirak və məşğulluq imkanlarının artırılmasıdır.
Bu istiqamətdə işlərin davamı olaraq, ƏƏSMN-nin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 2023-cü ilin 10 ayında 36 852 qadın münasib işlə təmin olunub.
Özünüməşğulluq proqramı işsiz qadınların da kiçik sahibkarlığa çıxışına dəstək verilməsində mühüm önəm kəsb edir. Son beş ildə özünüməşğulluq proqramına cəlb olunanların illik sayı 14 dəfə artırılaraq 16 mini ötüb. 73 mindən çox şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb. O cümlədən proqrama 20 mindən çox qadın cəlb edilib. 2023-cü ilin 10 ayında da 4421 qadın özünüməşğulluq proqramına cəlb edilib. Onlar üçün proqram çərçivəsində mal və materiallar formasında aktivlər verilməklə kiçik biznes sahələri yaradılıb.
Bir sıra qurumlarla əməkdaşlıqda son illər ƏƏSM-nin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən “Özünüməşğulluğa dəstək” layihəsi üzrə Şamaxıda uşaqlarını tək böyüdən və çoxuşaqlı analardan ibarət bir qrup qadına dərzilik fəaliyyəti ilə məşğul olmaq ucun avadanlıqlar da verilərək sosial müəssisə yaradılıb.
Ümumilikdə son illər sosial tərəfdaşlarla birgə qadınların əmək bazarına, kiçik biznesə çıxışının dəstəklənməsi üçün digər bir sıra layihələr də icra olunub. Nazirlikdən sorğuya əsasən verilən məlumata görə Nazirlik və BMT-nin İnkişaf Proqramının birgə layihəsi üzrə əlilliyi olan qadınların da daxil olduğu şəxslər üçün kiçik bizneslər qurulur.
ƏƏSMN-nin BMT-nin Əhali Fondu və BMT-nin İnkişaf Proqramı ilə birgə layihəsiSon illər Nazirliyin BMT-nin Əhali Fondu və BMT-nin İnkişaf Proqramı ilə birgə layihəsi çərçivəsində bir sıra bölgələrdə əlilliyi olan qadınların məşğulluq imkanlarının artırılmasına dəstək göstərilib. Eləcə də Dövlət Məşğulluq Agentliyi ilə Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) birgə layihəsi üzrə 16 bölgədə 50-dək qadına icma əsaslı məktəbəqədər təhsil xidmətləri üzrə kiçik biznesə başlamaları üçün avadanlıqlar verilib. Habelə əmək qanunvericiliyində hamilə və ya 3 yaşına çatmamış, yaxud əlilliyi olan uşağı olan qadınlarla bağlı bir sıra güzəştlər və əlavə təminatlar müəyyən olunub.
Yaşlı və zorakılığa məruz qalan qadınların sosial müdafiəsiNazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən tənha ahıl və əlilliyi olan qadınlar evlərində (səyyar) sosial xidmətlə təmin edilir. Onlara ev təsərrüfatında təmizlik işlərinin aparılması, əsas tələbat mallarının alınması və s. işlərdə köməklik göstərilir. Agentliyin sosial xidmət müəssisəsində 2021-ci ilin 1 avqust tarixində Məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiyası şöbəsi fəaliyyətə başlayıb. Şöbədə müasir şərait yaradılıb və ötən dövrdə burada 200-ə yaxın şəxsə xidmət göstərilib. Şöbəyə qəbul olunan şəxslərin sosial reabilitasiyası, sosial statuslarının bərpası istiqamətində fərdi iş planı üzrə işlər aparılır. Onların ilkin tibbi müayinəsi, psixoloji-emosional vəziyyətinin qiymətləndirilməsi, ilkin tibbi yardımla təmin edilmələri, hüquqlarının müdafiəsi və s. üçün də tədbirlər görülür.
Sosial təminat sisteminin əhatə etdiyi şəxslərÖlkəmizdə sosial təminat sisteminin əhatə etdiyi şəxslər sırasında da qadınlar mühüm yer tutur. Hazırda rəsmi statistik məlumatlara əsasən ölkə üzrə əmək pensiyası alan qadınların ümumi sayı 630 minədək, aylıq sosial müavinət alan qadınların sayı 220 mindən artıq, Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alan qadınların sayı isə 125 minədək təşkil edir.
Nazirlik tərəfindən Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmək bazarı üzrə işçi qrupunun “2023-cü il üzrə Fəaliyyət Planı”nın icrası çərçivəsində son vaxtlar bölgələrdə əmək münasibətlərində gender bərabərliyinə dair maarifləndirmə tədbirlərinə başlanıb. Tədbirlərdə ölkəmizdə əmək münasibətlərində gender bərabərliyinin təmin edilməsi, qadınların məşğulluq imkanlarının artırılması üçün aparılan işlər, bu məqsədlə qanunvericilikdə edilmiş son dəyişikliklər barədə məlumatlar verilir, bu dəyişikliklərin əhəmiyyəti vurğulanır. Qadınların əmək hüquqlarından bəhs olunur, qadın əməyinin tətbiqi ilə bağlı iştirakçılara maarifləndirici slaydlar nümayiş etdirilir.
Bu qədər sadaladığım müsbət tendensiyalara rəğmən niyə televiziyalar və sosial media əzilən, haqqı tapdanan qadınların problemləri ilə bağlı xəbərlərlə aşıb-daşır? Qadınlarımızın öz güclərinə inanmaması, hüquqlarını bilməməsi maariflənmənin zəif olması, qadınların maarifləndirilməsinə məsul şəxslərin iş görmək əvəzinə bərbəzəkli tədbirlər keçirib, dost-tanışla şəkil şəkdirməsilə gözə kül üfürüb işlərinin başa çatması kimi yalançı hesabatların da rolu az deyil.
Azərbaycanda kişi hegomonluğu sosial müdafiəyə nə dərəcədə təsir edir?2022-ci ildə idarəetmənin müxtəlif sahələrində qadınların kişilərlə bərabər təmsilçiliyi tam təmin olunmasa da, bu sahədə müsbət inkişaf dinamikası mövcuddur. Bu tədbirlərin nəticəsi olaraq qadın hakimlərin sayı 2021-ci illə müqayisədə 2022-ci ildə 33 nəfər artaraq 124 nəfərə çatmış, Daxili İşlər Nazirliyi orqanlarında xidmət edən qadın əməkdaşların sayı 3973 nəfər təşkil etmiş, onlardan 63 nəfəri rəhbər vəzifələrdə çalışan qadınlar olmuşdur. Dövlət qulluğuna qəbul üzrə 2022-ci il ərzində keçirilmiş test imtahanında uğur əldə edən namizədlərin yaş və gender bölgüsünə əsasən qadın namizədlərin kişilərə münasibətdə göstəricisi 54.18% faizə yüksəlmişdir.
Mərkəzi icra hakimiyyəti orqanları və qeyri-hökumət təşkilatlarında əlaqələndiricilərin kommunikasiyası gender bərabərliyi sahəsində maarifləndirmə şəbəkələrini genişləndirmək imkanını yaratmışdır.
Lakin hələ də qadınların onlar üçün ənənəvi hesab edilən və kişilərlə müqayisədə üstünlük təşkil etdikləri sahələrdə rəhbər vəzifələrdə təmsilçiliyi zəifdir.
Qadınların maraq göstərdiyi sahələrQadınlar əsasən daha çox təhsil (72,7%), səhiyyə və sosial xidmətlərin göstərilməsi (78,3%), peşə, elm və texniki fəaliyyət (44,8%), istirahət, əyləncə və incəsənət sahəsində (61,2%), maliyyə və sığorta fəaliyyəti (36,1%), su təchizatı və tullantıların tənzimlənməsi və emalı (35,8%) sahələrində fəaliyyət göstərirlər.
Küçə süpürən qadınlar və onlara münasibətSosial müdafiə hüququ pozulan qadın deyəndə gözümün önünə küçə süpürən xanımlar gəlir. Yayın istisi, qışın soyuğu, yağış, qar demədən alaqaranlıqdan texnikanın görməli olduğu işlər MKT işçisi qadınlara gördürülür. Hər il neçə qadını küçə süpürərkən sürətlə gələn maşınlar vurur öldürür, ya da ömürlük şikəst edir. Minimum maaşa rəva görülən bu xanımlar sonra da minimum pensiya ilə ömürlərini səfalət içində başa vurur.
Minimum əmək haqqı siyasəti Azərbaycanda sosial siyasətin əsas istiqamətlərindən birini təşkil edir. İşəgötürənlərin sosial ödənişlərdən yayınmaq üçün işçilərlə əmək müqaviləsi bağlamadan işə götürməsi geniş yayılmış praktikadır. Bir il ərzində minimum əmək haqqından az rəsmi gəlir əldə edənlərin sayındakı kəskin artım onu deməyə əsas verir ki, minimum əmək haqlarının artırılmasına baxmayaraq, sahibkarlar əmək haqqındakı artımdan yayınmaq və sosial ödənişləri azaltmaq məqsədi ilə işçi ilə əmək müqaviləsi bağlayarkən natamam iş vaxtı seçməklə əmək müqaviləsi bağlayırlar. Bu isə minimum əmək haqqı artımları ilə əhalinin sosial rifahını yaxşılaşdırmaq cəhdlərini boşa çıxarır.
Azərbaycanda minimum əmək haqqının təyin edilmə forması baxımından da ciddi problemlər var. Çoxsaylı ölkələrin təcrübəsində minimum əmək haqqının təyin edilməsində iştirakçılıq müxtəlif formalarda təmin edilir. Azərbaycanda minimum əmək haqqı prezident sərəncamı ilə müəyyənləşdirilir. Ölkədə minimum əmək haqqı mexanizminin effektivliyinin artması baxımından yeni iş yerlərinin sayının artırılması və qeyri-rəsmi əmək münasibətlərinin aradan qaldırılması çox vacibdir.
Qadınlara yaradılan iş şəraitlərindən söz açmağa çalışdım. Sizcə bu fəaliyyət növünün hansında Solmaza yer var?
Elnurə Abuşova