AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Cəbrayıl ağsaqqaları rayona səfər ediblər

  • + A
  • - A
  • 6-05-2024, 15:38

     

    Cəbrayıl ağsaqqaları rayona səfər ediblər

    4 may 2024-cü ildə Cəbrayıl RİH, YAP rayon təşkilatı və rayonun Ağsaqqallar Şurasının birgə təşəbbüsü ilə Cəbrayıl ağsaqqalarının rayona səfəri təşkil olunmuşdur. 

    Səfərdə AMEA Folklor İnstitutunun “Mifologiya” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Şakir Əlif oğlu Albalıyev də iştirak etmişdir.   

    Şakir müəllimin səfərlə əlaqədar təəssüratlarını təqdim edirik:
    "Ulu Öndər Heydər Əliyev deyirdi ki, “Ağsaqqallar Azərbaycan xalqının mənəvi sərvətidir”. Əlbəttə ki, bu sözləri dahi şəxsiyyət əbəs yerə söyləmirdi. Çünki Azərbaycan xalqının dünyagörüşü fəlsəfəsində tarixi minillərə söykənən ağsaqqallıq institutu daim fəaliyyətdə olub və bir xalq olaraq yaşamağımız üçün ağsaqqallarımızın mühüm xidmətləri olub. Bu məntiqin ifadəsidir ki, mayın 4-də Cəbrayıl RİH, YAP rayon təşkilatı və rayonun Ağsaqqallar Şurasının birgə təşəbbüsü sayəsində bir qrup Cəbrayıl ağsaqqalının rayona səfəri təşkil olunmuşdu. Bakıdan avtobusa əyləşib yola düşəndə rayonun Ağsaqqallar Şurasının sədri Vaqif Məhərrəmov səfər iştirakçılarına məlumat verdi ki, “məqsədimiz Cəbrayıl rayonu ərazisində başlanılan mədəni quruculuq-tikinti işləri ilə yerindəcə maraqlanıb tanış olmaqdır. Buna görə də Soltanlı, Şükürbəyli, Horovlu kəndlərində və rayon mərkəzində aparılan abadlıq-tikinti işlərinə baxacağıq. Aparılan işlərin vəziyyəti ilə maraqlanacağıq”.
    Daha sonra Vaqif Məhərrəmov yolboyu getdiyimiz müddətdə ayrı-ayrı ağsaqqallara söz verdi və beləliklə, yol gedə-gedə sanki avtobusun içərisi bir səyyari iclas – məşvərət zalına döndü. Rayon Ağsaqqallar Şurasının fəxri sədri Səyavuş Əsgərov, Hüseyn həkim Əhmədov, İba Həsənov, Elbrus İsmayılov, İbrahim Hüseynov, Tariyel Abbaslı, “İki sahil” qəzetinin redaktoru İsmayıl Hacıyev, fəlsəfə doktoru Atəş Verdiyev, Nəriman Əsədov, Əsəd Əsədov, Nazim İsayev, Şahsuvar Ağakişiyev, Vidadi Hümbətov, Famil Balayev, Ələddin Məmmədov, Mahir Səfərov, Sahib Süleymanov, İbrahimxəlil Hüseynov və başqalarının həyat təcrübələrindən gələn maraqlı çıxışları bizləri həm də xəyal qanadlarına alıb qəribə səyahətə aparırdı. Elə bil ki, bizim bu turumuz səyahət içində bir səyahət idi: könül səyahəti, sözün əsrarəngiz dünyasına səyahət idi bu.
    Əbəs yerə deməyiblər ki, “Yol böyüyündü, su kiçiyin”. Bu mənada mən yaşca avtobusdakılardan gənc olduğuma görə bu ağsaqqallar keçib-gəlmiş olduqları rəngarəng həyat yollarından söz açdıqca, mən də heyranlıqla onlara qulaq asıb, sanki su içirmiş kimi könlümə söz-söhbətlər sərin su kimi süzülürdü, məcazi-frazeoloji deyimlə ifadə eləsək, ağzıma su alıb (sakitcə) durmuşdum. Bəli, yol böyüyün idi – böyüklər getdikləri keşməkeşli yolları ümumiləşdirib dilə gətirirdilər. 
    Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəaliyyətindən, möhtərəm prezidentimiz İlham Əliyevin müzəffər Ali Baş Komandan kimi sərkərdəliyi altında xalqımızın igidlərinin 44 gündə göstərdikləri misilsiz rəşadətlərindən və bunun nəticəsində doğma vətənimizin işğalçılardan büsbütün təmizlənməsindən ağızdolusu böyük fəxarət hissi ilə söhbət açırdılar ağsaqqallarımız. 
    “Aclıq bir il gedər, töhmət min il gedər” deyimimizdə vurğulandığı kimi, məcburi köçkünlüyün ən ağır dövrlərində belə Cəbrayıl əhalisinin bir kimsəyə öz aclığını – yəni ehtiyaclılığını bildirməməsini camaatımızın qürurlu və nəcib keyfiyyəti kimi xarakterizə etdilər.
    Bakının çıxacağında – Lökbatan dairəsi deyilən yerdə Fəxrəddin Abbasov bizi gözləyirdi. Onun avtobusa minməyi ilə rəsmi iclas zalını xatırladan avtobusumuzun içərisində bir başqa ovqat da əlavə elədi. Bizimlə salamlaşıb, özü ilə götürdüyü çantasından qarmonunu çıxartdı. Bu dəfə bu qarmonu tamam fərqli bir əhval-ruhiyyə ilə özümlə götürmüşəm dedi. Oturduqdan sonra barmaqları qarmonun şirmayı dillərində gəzdi, “Qalmaz belə qalmaz dünya” musiqisinin səsi avtosalona yayılmağa başladı. 30 il Qarabağımızın, Cəbrayılımızın həsrətinə binaən dinləmişik bu mahnını kövrələ-kövrələ, ümidimizi itirmədən. İndi də kövrəkliklə qulaq asırdıq, doğrudan da, qalmazmış belə dünya dedik. Yurd həsrətimiz üstündə 30 il qulaq asmışdıq, dinləmişdik ki, yaman günün ömrü az olar, dünya belə qalmaz. İndi üzü vətənə gedə-gedə canlı-canlı ifa edirdi bu mahnını bizə Fəxrəddin Abbaslı. Qardaşı Tariyel Abbaslı ilə dəfi əlinə götürüb müşayiət edirdi. Musiqi ruhun qidasıdır. Ruhumuza qida verən bu mahnıya qulaq kəsilə-kəsilə fikir məni alıb aparmışdı əsrarəngiz bir dünyanın ağuşuna. Mənə belə gəlir ki, musiqi həm də ruhun dilidir. Ruhumuzu dindirib-tərpədirdi bu mahnı. Həm də bu 30 ildə vətən həsrətilə dünyadan köçənlərimizin ruhlarının səsi eşidilirdi bu mahnıda. “Bizim cismani ömrümüz vəfa etmədi bu azad, xoş günləri görməyə. Barı sizlər heç olmasa bizim də əvəzimizdən gəzin, seyr edin sənətməkan yurdumuzu və qədrini bilin ata-baba ocağının” – deyə sanki ruhlar bizə pıçıldayırdılar qarmonun şirmayı dillərindən çıxan musiqi sədasının ahəngi ilə bahəm. Yolboyu rəngarəng musiqi nömrələri ilə səfər iştirakçılarının çıxışları bir-birlərini ardıcıllıqla əvəz edirdi. Ədəbi-musiqili bir verilişin canlı iştirakçılarıydıq.
    Avtobus Biləsuvara çatanda yolda bizi gözləyən Musa Quliyevlə Mustafa Şirinovu da şən musiqi sədaları ilə oynaya-oynaya qarşıladıq. Dayanacaqda azacıq rəqs eləyib avtobusa mindilər. İmişli, Beyləqan, Füzuli rayonlarını keçib doğma Cəbrayıl torpağına keçdik. Cocuq Mərcanlını keçdik. Dəmir yolunun alt tərəfində - İranla sərhəddə yerləşən Mehdili, Çaxırlı kəndləri geridə qaldı. Böyük Mərcanlı, Maralyan ... kəndlərini keçdik. Mahmudlu, Şükürbəyli kəndlərində tikinti işləri start götürmüşdü. Şükürbəylidə avtobusdan düşdük, məktəb, uşaq bağçası, fərdi yaşayış evlərinin inşası gedirdi. Şıxalıağalı, Sarıcallı, Əmirvarlı kəndlərini keçib Soltanlı kəndinə yetişdik. Araz Vadisi İqtisadi Zonasının Sənaye parkına gəldik. Məsul şəxs Malik Hacıyevlə görüşdük. O, bizə Sənaye parkı barədə ətraflı məlumat verdi və burada çoxlu şirkətlərin gəlib işbirliyi quracağı ilə, bununla da  xeyli sayda iş yerlərinin açılacağı ilə bağlı fikirləri çatdırdı.
    Düşmənlər tərəfindən viranəliyə çevrilmiş Əmirvarlı kəndinin xarabalığa qalmış evlərinin arası ilə avtobus hərəkət etdikcə bir daha mənfur ermənilərin başımıza  olmazın müsibətlər gətirdiyinin fərqinə varıram. Əhalisini 30 il yerindən-yurdundan didərgin saldığı bəs deyilmiş kimi, yurdda qalan evlərini də çapıb-talayıb, damını-daşını da söküb-dağıtmışdılar. Uçuq-sökük divarlar nişanə qalmışdı o abad evlərdən. Əyyub Quliyev yəqin ki, uşaqlığını, gəncliyini keçirdiyi, məktəbində direktor işlədiyi doğma kəndi Əmirvarlının bu xarabalığını görəndə bağrı şan-şan oldu, qəlbinin başı sızladı. Amma əlbəttə ki, üzü üzlər görmüş, başı daşlardan daşlara dəymiş Əyyub müəllim bir ağsaqqal kimi səbir, dözüm nümayiş etdirdi, bənsidib-ağartmadı bu pünhan duyğularını. Amma bircə onu dilinə gətirdi ki, mən bu məktəbdən pərvazlanıb çıxmışam, müxtəlif vəzifələrdə işləmişəm. Bununla əslində doğulduğu yurda qədirbilənlik hissini ifadə edirdi o. Yəni unutmamışam səni, kəndim, elim-obam. Uğurlarım üçün sənə borcluyam, doğma yurdunu, ata ocağım, – demək istəyirdi. Elə Əmirvarlı kəndindəki yeməkxanada da günorta yeməyini yedik və ordan da Cəbrayıl şəhərinə doğru istiqamət aldıq. 
    Cəbrayıl şəhərinin mərkəzində – əvvəllər internat tipli orta məktəbin olduğu tərəflərdə çoxmərtəbəli yaşayış evləri ucaldılmışdı. Binaların tikilməsinə məsul şəxs olan Mehrac Məmmədov işlərin gedişi barədə nikbin sözlər söyləyib yaxın gələcəkdə Cəbrayıl şəhər sakinlərinin xeyli hissəsinin yeni tikilmiş mənzillərində yaşayacağına əminliyini bildirdi. Avtobusun sürücüsü Çullu kəndindən olan Elçin Qasımov sükan arxasına keçdi, avtobus Cəbrayıl şəhərindən çıxıb Füzuli şəhəri istiqamətinə yön aldı. Təxminən 8-9 km-lik yolu qət etdikdən sonra yeni tikilməyə başlamış Horovlu kəndinə çatdıq. Yolun üst tərəfində Çərəkən kəndinin xarabalıqları, alt tərəfində isə vaxtilə Papı və demək olar ki, ona bitişik olan Horovlu kəndi idi. Horovlu kəndinin içərisindəki çinar ağacının altındakı Orta kəhrizin buz kimi suyundan içdik. Ürəyimizdə hələlik deyib cənnətməkan Cəbrayıl torpağı ilə sağollaşdıq. Hadrut, Füzuli istiqamətinə irəlilədik. Füzuli şəhərində yeni ucaldılmış çoxmərtəbəli və yaraşıqlı mənzilləri də aralıdan seyr elədik. “Qayıdışın mübarək, Füzuli” dedik ürəyimizdə. İnşallah, tezliklə doğma  Cəbrayılımıza da qayıdışımız başlayar. Cəbrayıl ağsaqqallarının qayıdış öncəsi bu gəlişi də prinsipcə ağsaqqal xeyir-duası almağa yönəlik bir səfər idi. Xeyir-dua ilə tikilən evlər mübarək, ayalı-sayalı olar. Heç bir ev, heç bir yurd böyüksüz – ağsaqqalsız olmasın. Elə ağsaqqal – ağbirçək yeri bilinən yerdə bərəkət də, bolluq da, əmin-amanlıq  da olar. Biləsuvara çatanda bizi qarşılayan RİH B-nın müavini Tapdıq Nəsirov da, Şahin Şirinov da, Cəlil müəllim də rayon ağsaqqallarının bu səfərinin xeyir-bərəkət rəmzi olduğunu dedilər və tezliklə doğma Cəbrayılda yaşamağımızın nəsib olmasını arzuladılar. 


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR