Mart ayının 18-də yalnız Türkiyə deyil, dünya hərb tarixinə ən böyük döyüşlərdən biri kimi daxil olan Çanaqqala savaşının 104 ili tamam oldu. 1914-cü il noyabr ayının 3-də başlayan və 1915-ci il 18 mart tarixinə qədər davam edən Çanaqqala savaşı, həmçinin 25 aprel 1915-ci ildən 1916-cı ilin 8-9 yanvarına qədər Gelibolu yarımadasında gedən döyüşlər türk hərb tarixinini ən şərəfli səhifələrindən biri, qəhrəmanlıq və zəfər dastanıdır. Canaqqala savaşının əsası 1914-ci ilin yayında bas verən 1-ci dünya müharibəsində qoyuldu.
Türkiyə həmin dövrdə istəmədən Almaniya-Avstriya-Macaristan tərəfində Antantaya (Ingiltərə-Fransa-Rusiya) qarşı döyüşlərə cəlb edilmişdi. Müharibənin başlamasından təxminən 3 ay sonra, 1914-cü il noyabrın 3-də səhər tezdən Ingiltərə və Fransaya aid olan hərbi dəniz gəmiləri Bozca adasından boğazın sahil sularına daxil oldular. Onlar dərhal da Osmanlı ordusunun boğaz sahilində yerləşən müdafiə istehkamlarına atəş açmağa başladılar. Ingilis hərb gəmiləri Seddülbahir və Ərtoğruldakı, fransız hərbi gəmiləri isə Qumqala və Orhaniyyədəki müdafiə səddlərini top yağışına tutmuşdular. Düşmənin atdığı top mərmilərindən biri on bir ton barıt saxlanan anbara düşdü və nəticədə ətraf yerlə yeksan oldu.
Dekabrın 2-də ingilis sualtı gəmisi boğaza daxil olaraq özündən 700 metr məsafədə dayanan "Məsudiyyə" hərbi gəmisini atəşə turaraq batırdı. Nəticədə 10 nəfərlik gəmi heyəti və gəmidə olan 24 nəfər əsgər şəhid oldu. Buna baxmayaraq düşmən boğazı ələ keçirə bilmədi. Həmin dövrdə admiral Carden Çanaqqalanı ələ keçirmək üçün üçmərhələli bir plan hazırlamışdı. Bu planın birinci hissəsi uğurla nəticələnmədi. Belə ki, ilkin mərhələdə noyabrın 3-də (1914) 7 hərb gəmisi ilə boğaza daxil olan ingilislərin məqsədi sahildəki istehkamları tamamilə dağıtmaq və sonraki mərhələdə boğazı ələ keçirmək idi. Lakin o buna nail ola bilmədi. Fevralın 19-da Carden boğazı ələ keçirmək üçün ikinci mərhələnin döyüşlərinə başladı.
Fevralın 25-nə kimi davam edən döyüşlərdə düşmən uzaqmənzilli toplardan atəs açaraq sahildə müdafiə mövqeyi tutan Osmanlı əsgərlərinə böyük itki verdi. Boğaz sahilindəki birinci müdafiə mövqeləri demək olar ki, tamamilə məhv edildi. Fevralın 26-da düşmən donanması boğaza daxil oldu və 8 saat ərzində sahili aramsız olaraq top atəşinə tutdu. Amma düşmən gəmiləri güclü müqavimətə rast gələrək dənizdə irəlilyə bilmirdilər. Bunu görən Ingiltərə hərbi dəniz qüvvələri komandanlığı Cardeni vəzifəsindən azad edərək onun yerinə Robecki təyin etdi. Martin 17-də öz vəzifəsinin icrasına başlayan Robeck dərhal gecikmədən adanın ələ keçirilməsini nəzərdə tutan son hücum əməliyyatına başlanması barədə əmr verdi.
Zəfər savaşı
Türk ordusu da düşmənə qarşı həlledici döyüşə hazırlaşırdı. 17 martdan 18 marta keçən gecə minbaşı Nəzmi bəy "Nüsrət" minadöşəyici gəmisi ilə boğaz sularında 11 xətdən ibarət 26 mina düzdü. Beləliklə, döyüş ərəfəsi boğaz sahili düzülən minaların sayı 400-ə çatdı. 18 mart səhər saat 10-da düşmən18 savaş gəmisi ilə döyüşə atıldı. Əvvəlcə "Queen Elizabeth"və "Inflexible" zirehli gəmisi və "Lord Nelson" və "AGEMENON" savaş gəmiləri döyüşə başladılar. Fransiz hərbi gəmiləri də döyüşün ön sıralarında yer almışdılar. Ilk atəş düşmənin "TRIUMPH" zirehli gəmisindən açıldı. Beləlklə, dünyanın ən böyük dəniz savaşlarından biri başladı. Düşmən gəmiləri əvvəlcə Rumeli Məcidiyyəni şiddətli atəşə tutdular. Sonra onlar Hamidiyyə istehkamlarına yönəldilər. Bunu görən Dardanos batareyaları düşmənə atəş açaraq diqqəti özlərinə cəlb etdilər. Düşmən bu dəfə Dardanos üzərinə atəş açmağa başladı. Bu dəfə Məsudiyyə istehkamı müdafiəçiləri Dardanosun yardımına gəldilər. Şiddətli müqavimətlə qarşılaşan düşmən gəmiləri göz aça bilmirdilər.
Bu ağır savaşın ilk bir saatı olduqca dəhşətli keçdi. Hər iki tərəfdən çoxlu sayda ölən və yaralananlar oldu. Türk topçuların açdığı atəş düşmənin "AGAMENON" gəmisinin gövdəsini parçalamis, "INFLEXIBLE" gəmisinin komanda punktunu dağıtmışdı. Buna baxmayaraq düşmən gəmiləri Çanaqqalaya 7 kilometrə qədər yaxınlaşa bilmişdilər. Döyüşün arzu edilən səviyyədə getmədiyini görən Robeck fransız gəmilərini döyüş meydanından uzaqlaşdıraraq ingilislərin daha bir neçə gəmisini boğaza yeritdi. Buna baxmayaraq düşmən istəyinə nail ola bilmədi.Türk topçuların açdığı atəş nəticəsində zədələnən Fransanın "GAULOIS" zirehli gəmisi döyüş meydanını tərk etdi. Onun ardınca zədələnən "BOUVET" gəmisi də döyüş meydanını tərk etmək istəyərəkən mina ilə toqquşaraq partladı. Nəticədə gəmidə olan 639 hərbçi sulara qərq oldu.
"BOUVET"-in yardımına gəlmək və onu xilas etmək istəyən "SUFFREN" və "GAULOIS" gəmisi də minaya düşərək batdı. Beləliklə düşmən 6 saat ərzində 3 böyük zirehli gəmisini itirdi. Bundan əlavə bir o qədər də gəmi zədələndi. Bunu görən Robeck donanmaya geri çəkilmək barədə əmr verdi. Bu döyüşlərdə düşmən tamamilə sarsıldı və Osmanlı əsgərinin qəhrəmanlığı nəticəsində bir daha dənizdən Istanbulu ələ keçirmək niyyətinə düşmədi. Bu Osmanlı əsgərinin Çanaqqala savaşında düşmən üzərində qazanan ən böyük tarixi zəfəri idi. . Necə deyərlər Çanaqqala savaşı türk və dünya tarixinə ən qanlı savaşlardan biri kimi düşdü. Bu savaşda Osmanlı 250 min nəfər şəhid verdi. Düşmən də döyüşlərdə təxminən bu qədər itki verdi. Üstündən illər ötəndən sonra isə Çanaqqala savaşı bir dastana döndü. Bu dastanda yanındaki topçular səhid olaraq tək qalan Seyid cavuş vardı. Düşmən gəmisi boğaza yaxinlaşır.
Seyid çavuş (Qoca Seyid) təkdir. Atmağa da 267 kiloqramlıq bir top mərmisi var. Normal şəkildə bu mərmini tək bir adamın götürərək topun lüləsinə qoyması ağlabatan görünmür. Özü də bilmir haradan ona bu güc gəlir və 276 kiloqramlıq mərmini bir anda götürərək topa qoyur və atəş açır. Bu atəşlə o gəminin gövdəsini dağıdır və onu batırır. Beləliklə, Seyid çavuşun bu qəhrəmanlığı düşmənin geri çəkilərək qaçmasına və boğazları tutmaq fikrindən vaz çəkməsinə gətirib çıxarır. Seyid Çavuşun bu qəhrəmanlığı dünya hərb tarixində misli-bərabəri olmayan bir igidlikdir.
Düşmənin niyyətləri boşa çıxır
Dənizdən hücumla Çanaqqalanı ələ keçirə bilməyəcəyini anlayan düşmən bu dəfə qurudan hərbi əməliyyata baslamağı qərara aldı. Aprelin 25-də adi çəkilən istiqamətdə quruya çıxarılan ingilis-fransız əsgərləri ilə Osmanlı ordusu arasında o dövrün ən qanlı döyüşləri başladı. Amma başdan ayağa qədər silahlanan çoxsaylı düşmən qarşısında Osmanlı əsgərlərinin sayı olduqca az idi. Mustafa Kamal Paşa bunu görüb Kocaiçmendə və Conkbayirdaki azsaylı əsgərlərinə son nəfəsə kimi döyüşməyi və geri çəkilməməyi əmr etdi. Düşmən dalğalar halında dəstə ilə Conkbayira doğru irəliləyirdilər.
Lakin düşmən Osmanlı əsgərlərinin qizğın müqavimətini qıraraq Istanbulu və boğazları tutmaq niyyətini həyata keçirə bilmədi. Qumqala, Besike, Bolayir, Seddülbahir, Anbumu, Qabatəpə, Conkbayir və Anafartalarda gedən döyüşlərdə hər iki tərəf çoxlu sayda itkilər verdi. Düsmən qızğın döyüslərdən sonra istədiyinə nail ola bilməyəcəyini başa düşərək 1915-ci ilin dekabr ayının 19-20-də Anafartalar və Arıburnu, 1916-ci il yanvar ayının 8-9-da isə Seddülbahir cəbhələrindən qoşunlarını geri çəkdi. Beləliklə,1915-ci ilin baharında başlanan döyüşlər düşmənin geri çəkilməsi ilə nəticələndi.