Trump Si Cinpinlə razılaşma əldə etmədən Pekini tərk edib.

ABŞ prezidenti Donald Tramp ÇXR sədri Si Cinpin ilə keçirdiyi iki günlük sammiti başa vuraraq Vaşinqtona qayıdıb. Görüşdən sonra ticarət münasibətləri və ya Hörmüz boğazının açılması ilə bağlı konkret razılaşmaların əldə edildiyi açıqlanmayıb.
The Wall Street Journal yazır ki, tərəflərin nümayiş etdirdiyi dostluq atmosferinə baxmayaraq, Vaşinqton və Pekin görüşdən fərqli nəticələr gözləyirdi. Nəşrin məlumatına görə, sammitin ikinci günü danışıqların konkret razılaşma ilə nəticələnib-nəticələnməyəcəyinin əsas sınağı olub, lakin Trump Pekindən ayrılana qədər belə bir saziş formalaşmayıb.
Xatırladaq ki, ötən ilin oktyabrında Trump və Xi Jinping yüksək idxal rüsumları, ABŞ çiplərinin Çinə ixrac məhdudiyyətləri və nadir torpaq metalları ətrafında yaranmış gərginlikdən sonra ticarət “atəşkəsi” barədə razılığa gəlmişdilər. Liderlər bir il ərzində sərt addımları təxirə salaraq genişmiqyaslı ticarət sazişi əldə etməyə çalışmaq barədə anlaşmışdılar. Lakin Pekin danışıqlarının yekununda belə bir irəliləyiş müşahidə olunmayıb.
Donald Trump Çin liderini sentyabrın 24-də Vaşinqtona səfərə dəvət edib. Analitiklərin fikrincə, Pekin bu mümkün səfərdən ABŞ-ın xüsusilə Tayvana silah tədarükü ilə bağlı qərarlarını gecikdirmək üçün istifadə etməyə çalışa bilər.
Saxo Markets-in baş investisiya strateqi Charu Chanana bildirib ki, sammit qlobal iqtisadiyyat üçün ani mənfi şok riskini azaltsa da, inflyasiya təzyiqi, geosiyasi risklər və İran ətrafındakı gərginlik kimi fundamental problemləri aradan qaldırmır.
WSJ qeyd edir ki, Pekin Donald Trump-ın prezidentlik müddətinin sonunadək daha proqnozlaşdırılan siyasət yürütməsini istəyir. Çin tərəfi ABŞ-dan qəfil rüsumlar, gözlənilməz sanksiyalar və Pekinin “qırmızı xətt” hesab etdiyi məsələlərdə təxribat xarakterli addımlardan çəkinməyi gözləyir.
Ağ Evin açıqlamasında sammitin ilk günü biznes üçün faydalı ticarət münasibətlərinin yenidən qurulması kimi təqdim edilsə də, Çin tərəfi bunu uzunmüddətli “strateji sabitlik” sisteminin formalaşdırılması istiqamətində ilk addım kimi qiymətləndirib.
Trump cümə günü Xi Jinping ilə keçirdiyi brifinqdə ABŞ və Çinin İranla bağlı ortaq məqsədlərə malik olduğunu bildirib. Onun sözlərinə görə, tərəflər İranın nüvə silahına sahib olmaması və Hörmüz boğazının gəmiçilik üçün açıq qalması barədə ortaq mövqedədirlər.
Lakin Bloomberg qeyd edir ki, Çin Xarici İşlər Nazirliyi Tehranın nüvə proqramının yalnız dialoq yolu ilə həll edilməsinin vacibliyini vurğulayıb.
Trump həmçinin Fox News-a müsahibəsində Xi Jinping-in Çinin İrana silah tədarük etməyəcəyini dediyini açıqlayıb. ABŞ prezidenti Çin liderinin İranla razılaşmanın əldə olunmasını istədiyini və bu məsələdə yardım təklif etdiyini bildirib. Bununla belə, WSJ yazır ki, Pekin hələ də İran neftinin alışını dayandıracağına dair siqnal vermir və bu alışlar sanksiyalar altındakı İran iqtisadiyyatının ayaqda qalmasına kömək edir.
Analitiklər bildirirlər ki, Çin Tayvan məsələsini ABŞ-la münasibətlərin əsas elementi kimi ön plana çıxarmağa çalışır. Xi Jinping görüş zamanı bu mövzunu ilk qaldıran tərəf olub. Çin dövlət agentliyi “Sinxua”nın məlumatına görə, Xi Tayvan məsələsinin “düzgün həll olunacağı” təqdirdə Çin və ABŞ əməkdaşlığının davam edəcəyini, əks halda isə iki ölkə arasında qarşıdurma və hətta münaqişə riskinin yarana biləcəyini vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.