Tramp ətrafında daxildə narazılıq artır

ABŞ-da prezident Donald Trump ətrafında Respublikaçılar Partiyası daxilində narazılıq artır. Partiya üzvləri hesab edir ki, Trampın şəxsi ambisiyalara və mübahisəli siyasi addımlara həddindən artıq fokuslanması qarşıdan gələn Konqres seçkilərində respublikaçıların şanslarını zəiflədir.
“Daily Beast” nəşrinin yazdığına görə, son sorğular demokratların üstünlüyünü göstərir. “The New York Times/Siena” sorğusunda Demokratlar Partiyası qeydiyyatdan keçmiş seçicilər arasında Respublikaçılardan 11 faiz öndədir.
Buna baxmayaraq, Trampın son aylarda əsas diqqəti seçki kampaniyasından çox, Ağ Evdə 400 milyon dollarlıq yeni ziyafət zalının tikintisinə yönəltdiyi bildirilir. Eyni zamanda, onun İranla bağlı sərt siyasəti enerji qiymətlərinin artmasına səbəb olub. ABŞ Avtomobil Assosiasiyasının məlumatına görə, ölkədə benzinin orta qiyməti bir qallon üçün 4,5 dolları keçib, bəzi ştatlarda isə 5 dollar həddini aşıb.
Respublikaçı senator Tom Tillis Trampın “siyasi təqib qurbanları” üçün yaratdığı 1,8 milyard dollarlıq fondu sərt tənqid edərək bunu “axmaqlığın zirvəsi” adlandırıb. Tramp isə özünün “Truth Social” platformasında senatoru “zəif və təsirsiz” adlandıraraq cavab verib.
Siyasi strateq Uit Eyrs bildirib ki, Tramp artıq ənənəvi Respublikaçı gündəmdən uzaqlaşır: “Seçicilər onu iqtisadiyyatı gücləndirmək, inflyasiyanı azaltmaq və qeyri-qanuni immiqrasiyanı dayandırmaq üçün seçmişdilər”.
Nümayəndələr Palatasının üzvü Thomas Massie isə xəbərdarlıq edib ki, respublikaçılar payız seçkilərində ciddi risklə üzləşə bilər. Onun sözlərinə görə, partiya daxilində “Trampdan məyusluq sindromu” getdikcə güclənir.
Ağ Ev isə bütün tənqidlərə baxmayaraq, Trampın Respublikaçılar Partiyasının əsas lideri olaraq qaldığını bəyan edib. Bununla belə, siyasi müşahidəçilər hesab edir ki, respublikaçılar çətin vəziyyətdədir: onlar partiya daxilində Trampsız güclü qala bilmirlər, amma ölkə miqyasında seçkilərdə də yalnız Trampa arxalanaraq qalib gəlməkdə çətinlik çəkirlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.