Zelenski ABŞ ilə danışıqlarda “durğunluq” olduğunu bildirib

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ ilə raketdən müdafiə və hava hücumundan müdafiə sistemlərinin istehsalının genişləndirilməsi üzrə aparılan danışıqlarda uzun müddətdir irəliləyiş olmadığını açıqlayıb.
Zelenski axşam videomüraciətində bildirib ki, Kiyev bu səbəbdən diqqətini Avropa tərəfdaşları ilə əməkdaşlığın gücləndirilməsinə yönəldib. Onun sözlərinə görə, məqsəd Avropada kifayət qədər həcmdə öz raketdən müdafiə sistemlərinin istehsalını təşkil etməkdir.
Ukrayna lideri qeyd edib ki, Vaşinqtonla mümkün dəstək mexanizmləri ətrafında müzakirələr davam edir və ABŞ-ın bu sahədə liderliyi ölkəsi üçün həyati əhəmiyyət daşıyır.
Zelenski, həmçinin, Fransa prezidenti Emmanuel Makrona müdafiə sistemlərinin hazırlanmasında fəal iştirakına görə təşəkkür edib. O, Avropa ölkələrinin Ukraynaya göstərdiyi maliyyə dəstəyinin vacibliyini də vurğulayıb.
Prezident bildirib ki, Ukrayna ABŞ-ın ekspert təcrübəsini yüksək qiymətləndirir, lakin indi real nəticələrin əldə olunması xüsusilə vacibdir. Onun sözlərinə görə, Kiyev yaxın vaxtlarda ABŞ administrasiyası ilə münasibətlərdə yeni diplomatik addımlar gözləyir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.