AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

FRANSADA BAĞÇA VƏ MƏKTƏB İŞÇİLƏRİ CİNSİ ZORAKILIQDA İTTİHAM OLUNUR

  • + A
  • - A
  • Bu gün, 09:39

    FRANSADA BAĞÇA VƏ MƏKTƏB İŞÇİLƏRİ CİNSİ ZORAKILIQDA İTTİHAM OLUNUR


    Fransada dövlət uşaq bağçaları və ibtidai məktəblərdə uşaqlara qarşı zorakılıqla bağlı böyük qalmaqal yaşanır. “The Guardian” nəşrinin yazdığına görə, onlarla təhsil müəssisəsində çalışan nəzarətçi və köməkçi heyət üzvləri uşaqlara qarşı qəddarlıq, fiziki zorakılıq, cinsi təcavüz və zorlamada şübhəli bilinir.

    Paris prokurorluğu bildirib ki, hazırda paytaxtda 100-dən çox zorakılıq iddiası araşdırılır. İstintaq 84 uşaq bağçasını, təxminən 20 ibtidai məktəbi və 10-a yaxın məktəbdənkənar qayğı mərkəzini əhatə edir. İddialar arasında üç və dörd yaşlı uşaqların zorlanması ilə bağlı şikayətlər də var.

    Parisin baş prokuroru Lor Bekkuonun sözlərinə görə, istintaq uşaqlarla nahar fasilələrində, gündüz yuxusu zamanı və dərsdənkənar fəaliyyətlərdə məşğul olan məktəb əməkdaşlarını əhatə edir.

    Valideyn təşkilatları illərdir bu cür şikayətlərin ciddi araşdırılmasını tələb etdiklərini bildirirlər. Onların fikrincə, işçilərin seçimi və yoxlanılması sistemindəki problemlər zorakılığın uzun müddət davam etməsinə şərait yaradıb.

    #MeTooEcole hərəkatının həmtəsisçisi Barka Zeruali məsələni “böyükmiqyaslı qalmaqal” adlandırıb.

    Məlumata görə, məktəb “monitorları” adlandırılan əməkdaşlar uşaqlara nahar vaxtı, fasilələrdə, yuxu saatlarında və məktəbdənkənar tədbirlərdə nəzarət edirlər. Onlar bəzən uşaqlarla müəllimlərdən daha çox vaxt keçirirlər. Bu işçilər məktəblərin və ya Təhsil Nazirliyinin daimi əməkdaşları sayılmır, əsasən yerli idarələr tərəfindən xüsusi hazırlıq olmadan və saatlıq əsasda işə götürülürlər.

    Valideynlərin ifadələrinə əsasən, uşaqlara qarşı qışqırmaq, itələmək, saç yolmaq, yemək verməmək, qusana qədər məcburi yemək yedirtmək kimi hallarla yanaşı, seksual xarakterli zorakılıq və zorlamalar da qeydə alınıb.

    Vəkil Loïs Kaye bildirib ki, fevral ayında Parisdəki uşaq bağçalarında baş verdiyi iddia edilən zorlamalarla bağlı polisə müraciətlər edilib. İddialardan birində üç yaşlı qızın məktəb əməkdaşı tərəfindən zorlandığı qeyd olunur. Digər halda isə üç yaşlı oğlan uşağının daha əvvəl zorakılıq şikayətləri səbəbindən başqa müəssisəyə köçürülmüş əməkdaşın qurbanı olduğu bildirilir.

    Paris meriyası məktəb köməkçiləri sistemindəki “ciddi struktur problemlərinin” aradan qaldırılması üçün 20 milyon avroluq proqram başladığını açıqlayıb.

    Hazırda Parisdə üç-beş yaşlı beş uşağa qarşı seksual zorakılıqda ittiham olunan məktəb əməkdaşının məhkəmə prosesi başlayır. Gələn ay isə 10 yaşlı doqquz qıza qarşı cinsi zorakılıqda suçlanan 47 yaşlı başqa əməkdaşla bağlı hökmün elan olunacağı gözlənilir.

    “SOS Périscolaire” valideyn birliyi qalmaqalın artıq ümummilli xarakter aldığını bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR