İsrailin müdafiə naziri fələstinlilərdən “canlı qalxan” kimi istifadə olunması ilə bağlı jurnalist araşdırmasının yayımlanmasına qarşı çıxıb

İsrailin müdafiə naziri fələstinlilərdən “canlı qalxan” kimi istifadə olunması ilə bağlı jurnalist araşdırmasının yayımlanmasına qarşı çıxıb
İsrailin müdafiə naziri İsrael Kats ölkə hərbçilərinin Qəzza zolağında müharibə zamanı fələstinlilərdən “canlı qalxan” kimi istifadə etməsi ilə bağlı jurnalist araşdırmasının yayımlanmasının qadağan edilməsini tələb edib.
“The Times of Israel” nəşrinin məlumatına görə, araşdırmanın İsrailin ictimai yayım kanalı “Kan”da yayımlanması nəzərdə tutulub.
İsrael Kats məsələ ilə bağlı hərbi senzuranın rəhbəri, briqada generalı Netanel Kulaya məktub göndərərək, İsrail ordusunda tətbiq edildiyi iddia olunan “Ağcaqanadlar protokolu” ilə bağlı materialın efirə verilməsinin qarşısının alınmasını istəyib.
Nazirin iddiasına görə, araşdırmanın yayımlanması İsrail Müdafiə Ordusunun əməliyyat metodlarının açıqlanmasına, hərbçilərin və komandirlərin nüfuzuna xələl gəlməsinə, eləcə də onların beynəlxalq səviyyədə hüquqi təqiblərlə üzləşməsinə səbəb ola bilər.
Kats hərbi senzordan bu materialın yayımına mane olmaq üçün təcili tədbirlər görməyi tələb edib və araşdırmanı İsrail əsgərlərinə qarşı böhtan xarakterli material adlandırıb.
Qeyd edək ki, daha əvvəl müharibənin ilk aylarında saxlanılan fələstinlilərin İsrail hərbçilərindən əvvəl binaları və tunelləri yoxlamağa göndərildiyi barədə məlumatlar yayılmışdı. İsrail ordusu bu cür praktikanın qadağan edildiyini bildirsə də, oxşar hallarla bağlı cinayət araşdırmalarına başlanıldığını təsdiqləyib.
İsrail qanunvericiliyinə əsasən, milli təhlükəsizliklə bağlı ənənəvi media və sosial şəbəkələrdə yayımlanması nəzərdə tutulan materiallar hərbi senzuranın təsdiqindən keçməlidir.
Müxalifətdəki “Bizim Evimiz İsrail” partiyasının lideri Aviqdor Liberman da araşdırmanın yayımlanmamasına çağırıb. O, materialın İsrail ordusunun əsgərlərinə qarşı “qanlı böhtanların” yayılması üçün istifadə ediləcəyini iddia edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.