İran zənginləşdirilmiş uran ehtiyatlarını ölkə ərazisindən çıxarmaq niyyətində deyil. Tehran nüvə materiallarının ölkə daxilində, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nəzarəti altında saxlanılmasında israrlıdır.
Bu barədə İranın Misirin paytaxtı Qahirədəki maraqlar bölməsinin rəhbəri Müctəba Firdovsipur bəyan edib.
“İranın prinsipi dəyişməz olaraq qalır: İran uranı ölkənin tam suverenliyi altında və Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nəzarəti ilə İran ərazisində qalacaq”, – deyə o bildirib.
Diplomatın sözlərinə görə, İran hakimiyyəti Qətər və Pakistanın uranın zənginləşdirilməsi səviyyəsinin 3,67 faizədək məhdudlaşdırılması müqabilində Tehrana qarşı sanksiyaların qismən aradan qaldırılması və dondurulmuş aktivlərinin açılması ilə bağlı təşəbbüsünü ciddi şəkildə nəzərdən keçirir.
Firdovsipur vurğulayıb ki, mümkün razılaşma İranın uranı zənginləşdirmək hüququnu tanımalı, sanksiyaların ləğvini nəzərdə tutmalı və ABŞ-ın əldə olunmuş razılaşmadan yenidən birtərəfli qaydada çəkilməyəcəyinə dair təminatları ehtiva etməlidir.
İran rəsmisinin açıqlamasını RİA Novosti yayıb.
Tehran nüvə proqramı üzrə mümkün danışıqlarda zənginləşdirilmiş uranın ölkədən çıxarılmasını deyil, onun İran ərazisində beynəlxalq nəzarət altında saxlanılmasını əsas şərtlərindən biri kimi irəli sürür.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.